adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"CENTLMENLƏR"

HİDAYƏT ELVÜSAL
31173 | 2016-08-20 00:21
Onlar bizə oxşamırlar. Səliqəli, ehtiyatlı, vəzifəli adamlardır. Özlərindən də həmişə ətir qoxusu gəlir. Əllərini şalvar ciblərinə yox, pencək ciblərinə salarlar. Kabinetin ortasına qədər gəlib səni qarşılar, sonra çay gətizdirər, elə danışar ki, eləyəcəyin şikayəti, xahişi dilinə gətirə bilməzsən. Onlar adətən gülümsəyirlər. Tez-tez görünmədiyin üçün səni danlayırlar.
"Centlmenlərin" üzünü cırmaqlasan da sənə güldən ağır bir söz deməzlər. Yüngülcə məsləhət verərlər: "Sizi başa düşürəm, əsəbləriniz yerində deyil. Gedin, istirahət edin və imkan tapanda gəlin əməlli-başlı danışaq". Bayıra çıxan kimi iki-üç qoluzorlu səni əzişdirər, söyüb biabır eləyər. Çünki onlar centlmen deyillər, şilləvurandılar. Sən də düşərsən xəstəxanaya və "centlmen"in dediyi vaxtda onun yanına gələ bilməzsən. Hər şey bununla bitər, qurtarar.
Əsl centlmenlər dedikləri sözün üstündə dururlar. Məsələn, günlərin birində gecə vaxtı bir centlmen dul qadının qapısını döyür:
- İcazə verin sizdə gecələyim. Maşınım xarab olub, hava da soyuq.
- Nə danışırsınız? Mən sizi tanımıram. Özüm də təkəm.
- Narahat olmayın, mən centlmenəm!
Qadın onu içəri buraxır. Süfrə açır. Yeyib-içirlər. Hətta o centlmeni rəqsə dəvət eləyir, boynunu qucaqlayır, ayıb olmasın, öpür də. Sonra yanaşı çarpayılarda yer salır. Yatırlar. Centlmen o saat yuxuya gedir, xanım isə ha öskürür, ha səs-küy salır, ammag
Səhər açılır. Centlmen yuyunub pəncərəyə tərəf gəlir. Görür ki, həyətdə cəmi üç-dörd toyuq var. Amma xoruzların sayı iyirmidən çoxdur. Gülümsünür:
- Xanım, sizin nə çox xoruzunuz var?
Xanım onun yanına gəlir. Həyətə baxır və hirsindən boğula-boğula deyir:
- Orada cəmi bir xoruz var. Qalanları centlmenlərdirg
g"Centlmenlər" şüşə kimi olurlar. Azca toxunsan sınarlar. Amma natiq olurlar. Bütün hərəkətləri ölçülü-biçili, yerişləri də bir özgə cürdür. Gülümsəyirlər, qazanırlar, yaşayırlar. Amma...
Kişi ola bilmirlər. Kişi olmaq üçün geydirmə yox, əsl CENTLEMEN olmaq lazımdır.

TƏQVİM / ARXİV