adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Avqust 2016 13:43
238501
MODA
A- A+

Qadın geyimlərini baltalayan modelyer

Baltalayan sözünü dırnaq arasında bilərəkdən yazmadım, çünki söz burda birbaşa mənasında işlənir. Qadın geyiminin uzun ətəyini yarıdan baltalayıb kəsən, ya da paçadan baltalayıb şalvara döndərən məhz bu qadındır – Qabriel Koko Şanel, dünyanın gəlmiş-getmiş ən böyük modelyeri. Koko Şanelə qədər moda çox dəyişsə də, əslində inqilabi dəyişiklik baş vermirdi, həmin uzun ətək, korsetlər, şlyapalar yenə də geyimin əsas göstəricisi idi. Koko Şanel geyimdə inqilab edərək, bütün bunları yox etdi: ətəklər qısaldı, korsetlər zibil qablarına tullandı. Ən əsası, maskulin tərzi dəbə gətirdi, qadınlar artıq şalvar geyinib, qalstuk taxdı. İlk dəfə Şanel özü şalvar geyinib piknikə gedəndə kişilər heyrətini belə bildirmişdilər: "Məgər, qadınların ayaqları olur?” Qınamalı deyil, daim qadın ayaqlarını uzun ətəyin altında gizlənmiş görən kişilər, bu cinsin də ayaqları olduğunu unutmuşdular.

Bundan başqa, Şanel ilk dəfə bijuteriyaları dəbə mindirdi. Zəngin qadınlar ləl-cəvahiratdan imtina edib süni parıltılara üstünlük verdilər.

Şanel 1883-cü ildə Somyür şəhərində doğulub, amma özü sonralar iddia edirdi ki, doğum tarixi 1893-cü ildir. Uşaqlığı çətin keçib – anası doğuş prosesində öldüyü üçün qısa müddət sonra atası da dörd uşağını tərk edib. Şanel bacı-qardaşlarını uşaq evinə qoymalı olub, özü isə mağazada işləyir, axşamlar kabaredə oxuyurdu. Koko təxəllüsü də ona oxuduğu mahnının adından verilib. Burada zabit Etyen Balzanla tanışlıqdan sonra onunla Parisə köçüb, daha sonra zabitdən ayrılaraq, onun dostu Artur Keypellə münasibət qurub. Evliliklərinə az qalmış Artur vəfat etdiyindən toy baş tutmayıb. Və Şanel bir daha evlənmək istəməyib. Amma bu, onun müxtəlif zəngin kişilərin sevgilisi olmağına mane olmayıb. "Qadının ən gözəl aksessuarı, yanındakı zəngin və yaraşıqlı kişidir”, deyən Şanel kişilərin var-dövlətindən karyerası üçün istifadə edib.

İlk dəfə açdığı şlyapa mağazasından tutmuş, sonrakı dövrlərdə mağazalar şəbəkəsinə qədər hamısı sevgililərinin hesabına olub, özünün pul xərcləməklə qəti arası olmayıb.  Üstəlik bunu heç vaxt gizləməyib. Şanelin II Dünya Müharibəsində də maddi çatışmazlıqları olmayıb. Belə ki, onun nasist Almaniyası ilə yaxın əlaqədə olduğu deyilirdi, hətta faşist zabitlərindən Hans Günterin məşuqəsi olub. Buna görə də müharibədən sonra barəsində iş açılır və həbs olunur. Amma Uinston Çerçilin məsələyə qarışmasıyla azadlığa çıxaraq, məcburi Fransanı tərk edir. 1953-cü ilə qədər İsveçrədə yaşayır. Bu dövrdə isə moda ilə məşğul olmur. 1954-cü ildə 71 yaşındaykən yenidən moda aləminə qayıdır. 1971-ci ilə, yəni ölümünə qədər bir çox dəblər gətirib, bunların əksəriyyəti də açıq-saçıq paltarlar olub, amma sonda modelyerin özü də peşman olub: "Mən qadın bədəninin gözəl hissələrini açmağa çalışdım, amma qadınlar lap irəli getdilər, indi də tamam çılpaq gəzmək istəyirlər”.  

Şəfiqə ŞƏFA