adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Iyun 2016 15:06
31498
MƏMLƏKƏT
A- A+

«AZƏRİQAZ»IN RƏHBƏRLƏRİNİN NƏZƏRİNƏ!

50 il balalarımızın təlim-tərbiyəsi ilə məşğul olan Qərənfil Yusif qızı Nəbibəyovanın Şəkidə düz 25 gündü qazını kəsiblər. 81 yaşlı bu xanım qaza həsrət qalıb.

Sovet hökuməti vaxtı Ağdamda bir kəndlini həbs etmişdilər ki, həyətyanı sahəsi 12 sot əvəzinə 14 sotdur, yəni təsərrüfatın 2 sot torpağını zəbt edib.

Məhkəmədə prokuror həmin kolxozçuya 3 il iş istəyir.

Hakim müttəhimdən soruşur:

- Nə sözün var?

Kəndli deyir:

- Yoldaş hakim, mən düz Mozdokdan Berlinə qədər vuruşmuşam, Berlində də bir qılçamı itirmişəm. Yeddi-səkkiz min kilometr məsafənin almanlardan təmizlənməsində iştirak etmişəm. Yəni həmin o müharibədə almanlardan 2 sot torpaq saldıra bilməmişəm?!

Hakim sabiq millət vəkili Cahangir Hüseynovun atası idi, bir az da cəsarətli və ədalətli adamıydı.

İttiham aktını cırıb atmışdı və demişdi ki, ağsaqqal, səndən üzr istəyirəm, evinə gedə bilərsən.

İndi 81 yaşlı bir ananın, az qala gözünün nurunu balalarımıza yedirtmiş bir ananın qazını kəsməzlər ey, əksinə, ona qazı pulsuz verərlər.

Cavabınızı gözləyirik.

Ya da həmin ananın borc kağızını və hesab nömrəsini «Ədalət» qəzetinə göndərin, biz ödəyək.