MƏHƏBBƏT ÜLVİYYƏTİ - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
142 | 2025-10-08 11:48

Sabir Cümşüdü bir şair və esselər müəllifi kimi keçən əsrin səksəninci illərindən tanıyıram.  Əlbəttə,onuntamam başqa ibir sahənin adamı olduğu, lakin ədəbiyyata hədsiz meylini bilirdim. Təbii ki, ürəyində   şeir   odu varsa və bu od heç zaman səni rahat buraxmırsa,   bir tonqala çevrilirsə, yazmalısan, o odu sönməyə  qoymamalısan. Və əlbəttə,İSTEDAD. Sabir Cümşüd istedadlı insandır – həm elm aləmində(iqtisad eləmləri doktorudur - 450-dən artıq məqalənin,10 monoqrafiyanın müəllifidir) həm də şeir aləmində.  Mən onun bədii yaradıcılığı   barədə ayrı-ayrı görkəmli söz adamlarının fikirləri ilə sizi tanış etmək istəyirəm.

 Görkəmli tənqidçi-ədəbiyyatşünas Yaşar Qarayev «Səmimilik meyarı» adlı məqaləsində yazmışdı: «Sabir Cümşüdün yaradıcılığındakı üslub özünəməxsusluğu, həyəcan və emosiya zənginliyi, ideallığı və daxili aləmin mənəvi zənginliyi ürək alovu ilə, bədii pafosla şeiriyyəti oxucuda estetik zövqün tərbiyə olunmasına təsiri  inkaredilməzdir».

  Filosof-tənqidçi Asif Əfəndiyev isə yazırdı: «Sabir Gümşüdün esselərində məhəbbətin böyüklüyü, aliliyi, ülviliyi haqqında romantika dili ilə, əsil inamla, ürək alovu ilə, bədii pafosla danışılır, onun romantikası, şeiriyyəti aşkara çıxarılır, oxuculara sevgi hissinin müqəddəsliyinə, paklığına hörmət və heyrət hissi aşılanır»

 Akademik Nizami Cəfərov da Sabir Cümşüdün bədii yaradıcılığına yüksək qiymət vermiş,  bu yaxınlarda «Ədəbiyyat qəzeti»ndə təhlili bir yazı ilə çıxış etmişdi.

 Mən digər söz adamlarından da misallar gətirə bilərəm. Onun bu yaxınlarda nəşr olunan  «Məhəbbət ülviyyəti» şeirlər-esselər kitabı çapdan çıxıb və bu kitabda onun bədii təfəkkür tərzi ilə, şeirlərindəki özünəməxsus ifadə tərzi, təkcə nədən yazması ilə deyil, necə yazması ilə qısaca da olsa, sizi tanış etmək istəyirəm.

 Sabir Cümşüd bütün mövzularda qələm çalır, ilk növbədə, Azərbaycanı, Vətən torpağını, onun gözəl təbiətini-dağlarını, çaylarını, şəhər və kəndlərini hərarətlə vəsf edir.

   Baş əyirəm torpağına, daşına mən,

   Qəlbim bir an səndən ayrı gəzə bilməz.

   Sən keçirsən, sən axırsan ürəyimdən,

   Ürək sənsiz qala bilməz, dözə bilməz.

   Arzularım qanad açıb bu torpaqda,

   Ürəyimin duyğuları quş olubdur.

   Çox çiçəklər ətir saçıb bu torpaqda,

   Duymayanın qəlbi burda daş olubdür.

   Sinəndəki  od-alovun əbədidir,

   Vurulmuşam hər gülünə, yarpağına.

   Hər qarışın qəhrəmanlıq məbədidir,

   Ona görə baş əyirəm torpağına.

Bu şeir Vətənə məhəbbətin ifadəsidir. Amma onun Vətənin ayrı-ayrı guşələrinə, keçmişinə və indisinə, qəhrəman oğullarına, Qarabağa həsr etdiyi şeirlərə diqqət yetirək. «Kür çayı» («Yurdumun nur yatağı»), «Dəlidağ ətəyində», «Bəzz qalası»  (Babəkə heykəlimiz Qüdrətli Bəzz qalamız»), «Əlincə» (Əyilməz vicdan oldu Dağ başında Əlincə»), «İçərişəhər» («Hasarlar arasında bir mirvuari, bir inci»)və s.

 Sabir Cümşüd yurdumuzun Cənub bölgəsində doğulub. İnsan ən çox doğulduğu torpağın aşiqidir, çünki uşaqlığı və gəncliyi o torpaqlarda ona unudulmaz anlar bəxş edib. Elə bu səbəbdən Sabir Cümşüdün şeirlərində Lənkərana, Astaraya, Lerikə – bu bölgənin təbiətinə, insanlarına, yetirdiyi böyük şəxsiyyətlərə həsr etdiyi şeirlər yeni kitabında kəmiyyətcə birincidir. O çalışır ki, bu mövzuda yazdığı şeirlərdə təzə söz desin, özü də obrazlı söz desin. «Lənkəran» şeirindən bu misralara diqqət edin:

   Maviliyi, yaşıllığı,

   Mavi, yaşıl bəniziylə,

   meşəsiylə, dəniziylə

   Saxlayan yer.

   Adamları gülər üzlü,

   buludları ağlayan yer.

   Qaynar, isti çeşməsiylə

   azarları dağlayan yer .

Burada «buludları ağlayan yer» misrası Lənkəranın ilin fəsillərində yağışlı günlərinə işarədir.  «Astara-Lerik arası» şeiri də onun yadda qalan şeirlərindən biridir və bu şeirdəki Astara həm də Cənubi Azərbaycandakı astaraya işarədir:

     Nə qədər əsil, soy yanan,

     Yarımçıq vüsal, toy yanan,

     Qardaş qardaşa boylanan

     Bölünmüş xalqın yarası

     Astara-Lerik arası.

Sabir Cümşüd mənim fikrimcə, əsil təbiət adamıdır.  Əlbəttə, hamı təbiəti sevir, ondan zövq alır, amma təbiəti, onun gözəlliklərini şair gözüylə şeirə gətirmək şairlərin hünəridir. Sıralayıram o tşeirləri: «Lənkəranda yağış», «Qış nağılı», «Cığırlara», «Dəmir ağaclarına», «Meşələrə yağış yağar», «Viləş çayı», «Girdiman çayı», «Yağış», «Çinar», «Gecə nəğməsi», «Yaylaqlar», «Bahar təravəti», «Yaşıl bağın nəğməsi», «Talış meşəsi» və s. Bu şeirlərin hər birində konkret təbiət cizgiləri taparsınız. İndiyə qədər cığırlar haqqında az şeir yazılmayıb, Sabir cümşüdün şeirində isə cığırların poetik cizgilərini görərsiniz:

    Həm dərələrə enir,

    Zirvəyə qalxır onlar.

    Arzu buludları tək

    Yollara axır onlar.

    həm ümid, həm şəkk kimi,

    hər biri dilək kimi.

    İzləri çiçək kimi

    Köksünə taxır onlar.

Təbiət və İnsan. Bu əzəli-əbədi vəhdəti unutmaq olmaz. Azərbaycan poeziyasının bütün «təbiət ərazisində» İnsan görünür, İnsan da həmişə təbiətlə bağlı olub.»İnsan və günəş» şeirində  S.Cümşüd bu vəhdəti mənalandırır. Təbiət də canlıdır və onun da insan kimi sevinci, kədəri, dərdi var. O da insan kimi həssas və kövrəkdir. «Ağaclar ağlayır» şeirini bu mənada şairin təbiətə həssas münasibətinin ifadəsi hesab etmək olar.

    Ağaclar ağlayır quşlar köçəndə,

    Başlanır bağların ən ağır günü.

    Heyif ki, adamlar gəlib keçəndə

    Eşidə bilməyir hönkürtüsünü.

Sabir Cümşüd yaşadığı dünyanın, cəmiyyətin, mühitin, doğulduğu kəndin də bir fərdidir.  O, dünyanı riyasız görür və təbii ki, onun şeirlərində bu bağlılıqlar əks olunur. Yuxudamı, xəyaldamı ya reallıqdamı, deyir ki: « Mən çox yaşamışam, ancaq ilk dəfə Dünyada təzadsız həyat görürəm». Onun şəhimdlərə, qarabağ müharibəsinə, Şuşaya həsr etdiyi şeirlərdə vətənpərvərlikdən doğan hisslərlə qarşılaşırıq.

 Yeni kitabının adı «Məhəbbət ülviyyəti»dirsə, şairin bədii-fəlsəfi esselərinə də nəzər yetirməyimiz vacibdir. Bilirik ki, Sabir Cümşüd Asif Ata ocağında fəallardan  biri olub. O ocaqda həyatı, tarixi, Vətəni, sənəti Asif Ata deyimlərindən, onun ocaqçılara bəxş etdiyi müdriklik incələmələrindən çox faydalanıb. «Gənclik romantikası», «Kamillik zirvəsi», «Məhəbbət çalarları» «İnsaniləşən dünya», «Məhəbbət vəcdi», «Əsillər və naqislər», «Sənət və məhəbbət», «Məhəbbət yolçuluğu», Bizimdir dünya» bədii-fəlsəfi esselərində S.Cümşüd onu düşündürən problemlərdən söz açır. Məlumdur ki, esse janrında şeirlə nəsr bir-birilə qovuşur və hisslər, həyəcanlar, duyğular sanki şahə qalxır, amma burada fəlsəfi fikirlər öz qısa, yığcam ifadəsini tapmalıdır. Bu esselərin adından da göründüyü kimi daha çox məhəbbətin izahınarast gəlirik. Baxın: «Məhəbbətdən yaranan insan məhəbbət əhli olur. Sevi rvə sevilir. Hər kəsin könlündə ancaq və ancaq bir nəfərə yer var. Könül qapısını  bir yox, bir neçəsinə açanlar məhəbbət əhli yox, heyvani hisslərin qulu olanlardır. İnsan görkəmində olsalar da, heyvandırlar. Məhəbbət əhlinə, aşiqlərə, sevən və sevilənlərə ilham qanadı verilir». Başqa bir misal: «Məhəbbət anlayışını ancaq iki aşiqin, sevən və sevilənin məhəbbətilə məhdudlaşdırmaq olmaz. Böyük məhəbbət, ali məhəbbət, dahi məhəbbət iki aşiqin, iki sevgilinin məhəbbətinə sığmır. Məhəbbət aləmi tam və mürəkkəb bir dünyadır».

  Mən Sabir Cümşüdün o kitabda toplanan çox şeirlərindən söhbət aça bilmədim. Əgər mənə sual versələr ki, haqqında söz açdığın şairin hansı şeirlini bəyənirsən, o zaman deyərəm ki: «Torpaq», «Kənd uşaqları», «Çoban tütəyi», «Yolum kəndə düşübdür», «Babam gəzən yerlər», «Təbiət gəlindir», bir də öncə adını çəkdliyim  «Ağaclar ağlayır» şeirlərini…

 Sözümü də «Babam gəzən yerlər» şeirindən bu misralarla bitirmək istəyirəm:

    Duman köynəyini cırıb küləklər,

    O gedən yolları dolu döyübdür.

    Qamçıtək çırpılan qızıl şimşəklər

    Babamın getdiyi yolu döyübdür.

    Babam bu çaylardan  içibdir deyə,

    Bu çaylar yorulub yatmayır hələ.

    Bu sısqa bulaqdan içibdir deyə,

    Bu bulaq qaynayır, batmayır hələ.

    Bu yerdə gördüyüm gül-çiçəkləri

     Mən də babam kimi qorumalıyam.

  • Oktyabr:
  • 3

TƏQVİM / ARXİV