adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2026 11:16
88
SİYASƏT
A- A+

“Yeni inkişaf mərhələsində Türk Dövlətləri Təşkilatının qarşısında...” - Azər Məmmədov

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının toplantısı bu günümüzün bir çox mühüm reallıqlarının daha bir təsdiqi kimi yadda qaldı. Bu mühüm beynəlxalq tədbirin bütün Türk dünyasının gələcək inkişaf strategiyasının istiqamətləndirilməsinə təsiri baxımından əhəmiyyətini aia.az saytının baş redaktoru Azər Məmmədov şərh edib.

İlk növbədə media təmsilçisi öz şərhində qeyd edir ki, bu gün Türk dünyasının inteqrasiyası artıq sadəcə ideoloji çağırış deyil, konkret siyasi və iqtisadi məzmun kəsb edən reallıqdır: “.Tədbirdən sonra nümayəndə heyətləri ilə keçirilən görüşdə çıxış edən cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı öz inkişafında yeni mərhələyə qədəm qoyur və bu mərhələ daha çox koordinasiya, daha çox məsuliyyət və daha böyük hədəflər tələb edir. “Biz dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” fikri əslində bu birliyin fəlsəfi əsasını ortaya qoyur. Bu yanaşma münasibətlərin formal çərçivədən çıxaraq dərin mənəvi və strateji bağlara söykəndiyini göstərir. Türk dövlətləri arasında əlaqələr artıq təkcə qarşılıqlı maraqlara deyil, ortaq kimlik və gələcək vizyonuna əsaslanır.”

Daha sonra Azər Məmmədov fikirlərini davam etdirərək bildirib ki, bu gün təşkilatın beynəlxalq müstəvidə artan rolu xüsusi diqqət çəkir: “Prezident İlham Əliyevin ediyi kimi, bu gün Türk Dövlətləri Təşkilatı dünyanın aparıcı beynəlxalq təsisatlarının sırasına daxil edilməlidir. Bu, qurumun qlobal siyasətdə daha fəal aktora çevrilməsi niyyətinin açıq ifadəsidir. Müasir geosiyasi reallıqlar fonunda təşkilatın təsir imkanlarının artması üzv ölkələrin koordinasiyalı fəaliyyətindən birbaşa asılıdır. Eyni zamanda Türk dünyasını birləşdirən amillərin düzgün müəyyənləşdirilməsi də diqqətəlayiqdir. Dövlət başçımızın “Bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir... ondan sonra bizim coğrafiyamızdır... vahid məqsədlərdir” ifadəsi ilə sərgilədiyi yanaşma göstərir ki, inteqrasiya çoxşaxəli və dərin əsaslara malikdir. Bu birlik təkcə keçmişin mirası deyil, həm də gələcəyin birgə qurulması üçün möhkəm platformadır. Təşkilat daxilində institusional mexanizmlərin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Zirvə görüşlərinin müntəzəm keçirilməsi və Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi görüşlərin ənənəyə çevrilməsi bu baxımdan mühüm addımdır. Xüsusilə Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə Görüşü həm simvolik, həm də siyasi baxımdan Türk dünyasının həmrəyliyinin nümayişinə çevrildi. Toplantıda Qarabağın bərpasına göstərilən dəstəyə görə ifadə olunan minnətdarlıq isə qardaşlıq münasibətlərinin konkret nəticələrini ortaya qoyur. Özbəkistanın inşa etdiyi Mirzə Uluqbəy məktəbi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Manas məktəbi kimi layihələr sadəcə sosial obyektlər deyil, həm də Türk birliyinin real təcəssümüdür. Bu təşəbbüslər həmrəyliyin praktiki müstəviyə keçdiyini göstərir. Bütün bunlarla yanaşı, iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri toplantının əsas prioritetlərindən biri kimi önə çıxdı. Xüsusilə Orta Dəhlizin, Trans-Xəzər və Zəngəzur dəhlizlərinin əhəmiyyəti vurğulanaraq bildirildi ki, bu marşrutlar yalnız region üçün deyil, qlobal ticarət üçün də strateji əhəmiyyət daşıyır. Müasir geosiyasi şəraitdə alternativ nəqliyyat marşrutlarına artan tələbat Türk dövlətləri üçün yeni imkanlar açır” – deyə, media qurum rəhbəri şərhini başa çatdırıb.