VAQİF POEZİYA GÜNLƏRİ GƏNCƏDƏ

Azərbaycan mədəni həyatına xüsusi rəng qatan Vaqif Poeziya Günləri – vaxtilə, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada keçirilməyə başlamış, Qarabağın işğalı dövründə bu tədbir də mənəvi əsarətdə qalmış, 2020-ci ilin böyük Zəfərindən sonra ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən yenidən bərpa olunmuşdur və indi Azərbaycan xalqının hərtərəfli qələbəsinin maddi-mənəvi sübutu kimi davam edir!
Bu il daha fərqli – geniş formatda Vaqifin Vətəni Qazaxdan başlayıb, Nizami yurdu ulu Gəncədə davam edən Vaqif Poeziya Günlərində Gəncə ədəbi-mədəni mühitinin nümayəndələri iştirak edirdi.
Gəncədə böyük yazıçı Mir Cəlal Paşayevin ev muzeyində keçirilən bu tədbirdə AYB Gəncə Bölməsinin sədri, şairə Xəzangül ilk sözü Vaqif Poeziya Günlərinin məsul təşkilatçısına – AYB-nin yarıdıcılıq üzrə katibi, şair, kinossenarist İlqar Fəhmiyə verdi. O, Vaqif Poeziya Günlərinin tarixindən, böyük Zəfərdən sonra bərpasından və indii Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə daha böyük vüsətlə həyata keçirilməsindən bəhs etdi. Əmin olduğunu bildirdi ki, Azərbaycanın mədəniyyət paytaxtlarından biri olan Gəncədə bu gün özünəməxsus yüksək səviyyədə qeyd ediləcək. Sonra bu tədbir Qarabağda: Ağdamda və Şuşada davam etdiriləcək.
Tədbirdə mənim ifamda yazıçı Qərib Mehdinin «Şair Molla Pənah Vaqifin dili» şeiri səsləndirildi. Şirinlikdə arı şanının balına, dərinlikdə yerin dərin qatlarından süzülüb gələn bulağa, təmizlikdə daşlardan keçib saflaşan dağ çayına bənzədilən; ərəb-fars dillərinin əsarətindən qurtarıb türkün soy-kökünə qayıdışın ifadəsi olan Vaqifin şeir dilindən bəhs edən bu əsər hamını Vaqif şeirinə, Vaqif poeziyasına köklədi. Heca vəznində şeirin ən gözəl nümunələrini yaradan; əruzun bütün incəliklərini bilib bu növ şeirlərdə də şairlik qüdrətini sübut edən Vaqif dili Qərib Mehdinin bu əsərində 3-cü bir vəzndə – Rəsul Rza simasında yüksək inkişaf həddinə çatan sərbəst vəzndə şeirlə vəsf olundu.
Azərbaycan folkloruna öz müdrikliyi ilə «Hər oxuyan Molla Pənah olmaz» zərb-məsəlinin gəlməsinə səbəb olan M.P.Vaqifin ömrünün əsas hissəsini keçirdiyi Qarabağın – Ağdam elinin yetişdirməsi, yazıçı-jurnalist, «Gəncənin səsi» qəzetinin baş redaktoru Rəfiqə Sadıqovanın hələ 6 yaşında ikən Vaqifin ilk məqbərəsini, sonra isə şairə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan yeni möhtəşəm məqbərəni ziyarətə getməsi haqqında xatirələri tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi.
Çıxış edənlər: AYB Gəncə Bölməsinin sədri Xəzangül, yazıçı-jurnalist Nüşabə Əsəd Məmmədli, şairə Aləmzər Əlizadə, AMEA-nın elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov, Gəncə Maarif Evinin direktoru İmamverdi Vəliyev, şairlər Cavanşir Atəşi, İqbal İsmayılov, Fəxrəddin Sərrast və başqaları dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, o cümlədən Vaqif irsinə verilən qiymətdən danışdılar, bu irsi təhlil etdilər. /Gənc tədqiqatçı Vüsal Hicranın Vaqifin «/Görmədim» müxəmməsi ilə Nişat Şirvaninin «Görmədim» mürəbbesi arasında səsləşmələr haqqında fikirləri diqqəti çəkdi.
Şairlərdən Zülfiyyə Yaqub, Eltun Türkelin, İmamverdi Vəliyevin və başqalarının söylədikləri Vaqif şeirlərindən nümunələr böyük sənətkarın dilinin saflığını, şirinliyini, xalqa yaxınlığını bir daha sübut etdi. Hardasa oxuduğum bir faktı xatırladım: M.P.Vaqifin düşmənləri onun əsərlərini məhv etməyə çalışmışlar. Ancaq sonra xalqın dilində əzbər olan bu şeirlər yenidən yazıya köçürülüb bərpa edilmişdir. Çünki xalq özünə yaxın olan, qəlbindən xəbər verən sənət əsərlərini unutmur, unutdurmur.
Qərib Mehdinin «Şair Molla Pənah Vaqifin dili» əsərini mövzuya uyğun olduğu üçün burada təqdim edirəm. Yeri gəlmişkən, bu şeir həmin tədbirdə Vaqifə həsr olunmuş yeganə əsər idi.
ŞAİR MOLLA PƏNAH VAQİFİN DİLİ
Bir bulaqdır sərinliyi,
bir mənadır dərinliyi,
bir şəkərdir şirinliyi
Vaqifin dili.
Qumda yuyulan,
codluğunu daşa vuran,
günəşlə tumarlanan
nəğməli bir çaydır
Vaqifin dili.
Ozanlardan keçib gəlib,
sevənlərdən seçib gəlib,
qəlbə, dilə yatımlıdır,
rəqibə, düşmənə atımlıdır,
şan işləyən bal arısıdır,
bu dünyanm yarısıdır
Vaqifin dili.
Soy-kökə qayıdıbdır,
çiynindən farsın, ərəbin,
ilanın, əqrəbin
ağır yükünü atıbdır
Vaqifin dili.
Vaqifin dili –
sənətə, qanuna aşiyan
türk dili!
Əzəmətdə, lətafətdə,
ünsiyyətdə görk dili!
Vaqif poeziyasının hökm sürdüyü bu tədbirdə iştirak edən bütün şairlər: alim-şair Sahib İbrahimli, şairlər Zahir Şirani, Salman Balakişiyev, Zülfiyyə Yaqub, Eltun Türkel, Səadət Qərib, Almaz Yusif qızı, Mələk İsmayıl, Bəxtiyar Muradov, Müşfiq Məhərrəmov, Dəniz Əlizadə, Nailə Nübar və başqaları Vaqif poeziya günündə, poeziya saatlarında öz şeirlərini oxumaqla sanki şairin ölməz ruhu qarşısında hesabat verirdilər.
Gəncədə Vaqif Poeziya Günləri tədbirinin birinci hissəsi – Mir Cəlal Paşayev muzeyində keçirilən poeziya saatlarından sonra xatirə şəkilləri çəkildi.
Tədbir Gəncə Dövlət Filarmoniyası solistlərinin, filarmoniyanın nəzdində Xalq Çalğı Alətləri Orkestrinin, «Göy göl» Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə keçirilən zəngin konsert proqramı ilə davam etdirildi. Orada Azərbaycanın görkəmli bəstəkarlarının Molla Pənah Vaqifin əsərlərinə bəstələdikləri musiqi əsərləri ifa edildi.
Firəngiz İDRİSQIZI,
tənqidçi-publisist.
Digər Xəbərlər

Bəhram Bilaloğlu: Yol hərəkəti qaydalarına insanların riayət etmə zərurəti və cəmiyyətin vicdan səsi

Milli mətbuatımızın təməl daşı - Əkinçi

Qurban olduğum, sadağa olduğum Pirim, Mürşüdüm...

CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...

AZƏRBAYCAN UŞAQ ƏDƏBİYYATI – 2024 - Gülnar QƏMBƏRLİ

Azərbaycan Səfəvilər Dövlətinin orta əsrlərdə ilk dəfə olaraq XVI əsrin II yarısında İngiltərənin Moskva şirkəti ilə ticarət əlaqələri

ZİYALI ÖMRÜ
