adalet.az header logo
  • Bakı -°C
15 Sentyabr 2026 10:38
70
SAĞLAMLIQ
A- A+

Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ

Valideynlərin uşaqlarını digər uşaqlarla müqayisə etməsi onların psixoloji inkişafına mənfi təsir göstərə, özünəinamın azalmasına və daxili narahatlığın yaranmasına səbəb ola bilər.

Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, valideynlər uşaqlarını yalnız əldə etdiyi nəticələrə görə qiymətləndirməkdən çəkinməlidirlər:

“Çünki bu yanaşma uşağın öz dəyər hissini zəiflədir və onda yalnız uğurları ilə dəyərli olduğu düşüncəsini formalaşdırır”.

R.Nəcəfov bildirib ki, uşağın digər uşaqlarla müqayisə edilməsi onda öz dəyərinin başqaları ilə ölçüldüyü fikrini yaradır. Bu isə zamanla özünəinamın azalmasına, daxili narahatlığa və daim özünü sübut etmək ehtiyacına gətirib çıxara bilər.

Psixoterapevtin sözlərinə görə, daha ciddi məqam uşağın bu yanaşmanı mənimsəyərək münasibətlərini də müqayisə üzərində qurmağa başlamasıdır:

“Uşaq zamanla valideynlərini də başqaları ilə müqayisə edə bilər. Sağlam inkişaf üçün uşağa öyrədilməli olan əsas məsələ yalnız qiymət və nəticələrin əhəmiyyəti deyil, insanın həyatdakı dəyəri, göstərdiyi cəhd, fərdi inkişafı və özünəməxsusluğudur. Uşaq anlamalıdır ki, onun məqsədi başqalarından üstün olmaq deyil, öz potensialını tanımaq və inkişaf etdirməkdir”.

R.Nəcəfov qeyd edib ki, valideynin uşağa göstərə biləcəyi ən böyük psixoloji dəstək onu olduğu kimi qəbul etdiyini hiss etdirməkdir.

“Uşaq yalnız uğur qazandığı zaman deyil, çətinlik yaşadığı, səhv etdiyi və uğursuz olduğu anlarda da sevildiyini hiss etdikdə, onun şəxsiyyətinin təməlində güclü emosional dayaq formalaşır. Bu hiss gələcəkdə risk etməkdən çəkinməyən, səhvlərindən öyrənə bilən və öz dəyərini başqalarının fikrindən asılı etməyən bir insanın yetişməsinə şərait yaradır”, – deyə psixoterapevt vurğulayıb.

Mütəxəssis bildirib ki, hər bir uşağın inkişaf tempi, maraqları və bacarıqları fərqlidir. Buna görə də valideyn uşağını başqaları ilə deyil, özünün əvvəlki vəziyyəti ilə müqayisə etməlidir.

“Müdrik valideyn başqasının övladı ilə deyil, uşağın dünəni ilə bu gününü müqayisə edir. “Sən ötən aya nisbətən nələri bacarırsan?” sualı “Kimdən yaxşısan?” sualından daha sağlam psixoloji təsir göstərir. Çünki fərdi inkişaf üzərində qurulan yanaşma uşağın daxili motivasiyasını gücləndirir, özünü tanımasına kömək edir və ömür boyu davam edəcək sağlam özünüdəyərləndirmənin əsasını qoyur”, – deyə R.Nəcəfov əlavə edib.