adalet.az header logo
  • Bakı -°C
25 Dekabr 2025 15:48
104
ƏDƏBİYYAT
A- A+

Taleyi göylərə yazılan insan - Fidan Abdurəhmanova yazır

Hökümə Əliyeva peşəsini qürurla yaşadırdı, o sıradan bir stüardessa deyil, ümidləri göyə qaldıran qüvvə idi...

Onun hekayəsi Azərbaycan xalqının yaddaşında nur kimi yaşayır – zərif, cəsur və unudulmaz qəhrəmanın işığı kimi. Elə bir qəhrəman ki, zərif simasında möhkəm iradə, qəlbində minlərlə insana yetəcək qədər sevgi yaşadırdı. Tale onun həyatını duaların qovuşduğu göylərə yazmışdı…

Göy üzünün sonsuz maviliyində bəzi adlar var ki, ulduz kimi yanıb sönmür – əksinə, uçuşların sükutunda parlayıb insanların yaddaşının dərinliyinə həkk olunur. Hökumə Əliyeva da belə adlardan biridir. Kəlbəcərin sərt qayaları ilə qucaqlanan kənddə doğulsa da, həyat onu çox erkən yaşlarından yollara çıxardı. Uşaqlığının səhifələri gah köç karvanlarının tozuna, gah Volqoqradın soyuq səhərlərinə qarışdı. Azərbaycanın Aviasiya tarixinə ilk qadın milli qəhrəmanı kimi daxil olan Hökümə Əliyeva 612 bal toplayıb hüquq fakültəsinə qəbul olmuş, çalışqanlığı və məsuliyyəti ilə müəllimlərin və tələbə yoldaşlarının yaddaşında özünəməxsus iz qoymuşdu. Təhsilini inadla davam etməyə çalışsa da, göylərə olan sevgisi onu hər dəfə yeni üfüqlər bəxş edərək uzaqlaşdırırdı.  Amma harada olur-olsun, bir həqiqət dəyişmirdi: Hökümənin gözlərində daim ümid işığı yanırdı.

Hökümə bu işığın izi ilə ulduzlara qalxaraq öz gələcəyini yazdı.  Taleyin ən böyük hədiyyəsi onun üçün göylər idi.

Göylər… insanı həm qorxudan – yeri göyü titrədən, həm də ucalığı ilə əlşatmaz ulu məkandır.  Hökümə yüksəklikləri sevdiyi üçün buludların arasında tez-tez qərq olurdu. Bəlkə də AZAL forması geyinib ilk uçuşuna çıxdığı gündən özünə təsəlli verərək pıçıldamışdı:  “Hər şey yaxşı olacaq…”

Bu qısa cümlə sadəcə bir fikir deyildi - onun həyat fəlsəfəsi idi. Hökümə sanki hər uçuşa bir az da sevgi qatırdı. Sərnişinlərin ürkək baxışları ilə rastlaşanda gülümsəyir, oturacaqları həyəcanla sıxan uşaqlara üzünün zərif cizgiləri və  baxışları ilə “narahat olma” deyirdi.

Lakin, 25 dekabrın soyuq səhərində göylərin qucağı qəfil qaranlığa döndü. Təyyarəni silkələyən o anlarda sərnişinlərin gözlərinə baxan Hökumə yenə öz cümləsini dedi – təmkindən, ürək genişliyindən yoğrulmuş həmin o cümləni:

“Hər şey yaxşı olacaq.” O, həmin an qorxunu boğan səs idi, səda idi…

Sükutu qıran ümid idi…

İnsanların son anda tutduğu əl idi…

Ona verilən “Milli Qəhrəman” adı sadəcə kağızda yazılan titul deyil; bu, onun insanlıq qarşısında etdiyi fədakarlığın möhürüdür.

Bu gün onun adı çəkiləndə insanlar başını qaldırıb göyə baxır – çünki Hökümə sanki hələ də ordadır. Buludların arasından gülümsəyir, uçuşlara müşayiət edir və yorğun səyahətçilərin qulağına pıçıldayır:

“Hər şey yaxşı olacaq…”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızına sərnişin təyyarəsi reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifəsini yerinə yetirərkən sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.