Mənim o qədər də çox dostum yoxdu. Yəni onlar barmaqla sayılacaq qədərdi... Amma barmaqla sayılacaq dostların çoxunu itirmişəm. Hər dəfə də onları itirəndə ürəyimə sağalmaz dağ çəkilir...
Alim və şair qardaşım Məhərrəm Qasımlının iki misrası yadıma düşür : İtirdim dostları, İtirdim bir- bir... Bax iyulun 8-də də belə bir sədaqətli, mərd və alicənab dostum olan Hafiz Musayevi itirdim və hələ də özümə gələ bilmirəm. Çünki həmin günü səhər görüşmüşdük. Salamlaşdıq da! Sadəcə olaraq ovqatı yaxşı deyildi.Bir neçə ay əvvəl İsraildən müalicədən qayıtmışdı. Deyirdi ki, hər şey yaxşıdı, müalicəsi də pis keçməyib. Mənim kimi ürəyində stend vardı və özünə baxan adam idi.
Onunla Yeni Günəşlidə düz 35 ildir ki, qonşuyuq! Və qonşuluq sonradan dostluğa çevrildi... Hər gün də görüşürdük. Binamızın bütün problemimi uzun müddət o həll edib. Heç kimə də deməyib ki, bu işi həll etdim, kömək edin.O, elə bir insan idi ki, heç vaxt " filan işi görəcəm" ifadəsin işləmirdi. Bir də baxırdın ki, binada nə qədər abadlıq işləri gördürüb və pulu da özü verib. Qonşular da bu xeyirxahlığına , yaxşılığına görə ona dua edirdi. Çətin vəziyyətdə olan və ehtiyac içində yaşayan adamlara arxa durardı. O qədər alicənab, mərd adam idi ki! Allah and olsun Hafiz qardaşımız elədiyi yaxşılığın birini belə dilə gətirməzdi. Başını qaldırb kiməsə belə baxmazdı.
Oğlum Emil deyir ki, ata Hafiz əmi Qürbət əmimə oxşayır. Və hər dəfə Emil görəndə deyirdi ki, nə vaxt evlənəcəksən?Elə onun ölüm xəbərini də Emil mənə dedi. Görüb ki, həyətdə çoxlu adam yığışıb. Soruşub ki, nə olub? Deyiblər ki, Hafiz müəllim rəhmətə gedib. Emil bu xəbəri eşidəndə şok düşmüşdü və ağlaya- ağlaya dedi ki, Hafiz əmi... Nə qonşu uşaqlar , nə də Emil səhər kimi yatmadılar. Bu da o uşaqların Hafiz qardaşımıza olan məhəbbəti idi.Hafiz müəllimin çox gözəl ailəsi var. Şükür ki, onun yurdunda Nicat kimi tərbiyəli və ağıllı oğlu var. Onun yoxluğu bir ailənin kədəri deyil. Hafiz qardaşımızın itkisi bir elin , bir obanın və Yeni Günəşlidə 13 nömrəli binanın itkisidir.
Yəni Hafiz Musayev Naftalanın bir kəndindən deyil, yaxşı insanların cərgəsindən gedən bir ziyalıdı.Yerin Cənnət olsun, Hafiz qardaşımız!!! Və bizim binamızda, dostlar arasında həmişə sənsizliyin hiss olunacaq və biz sənin qoxunu Nicatdan alacaqıq!!!