10 May 2025 12:11
155
ƏDƏBİYYAT

“Söz”ün Sevdası

​“Söz” müstəqil ədəbi-publisistik jurnalın baş redaktoru Sevda Əlibəylinin 65 illik yubileyinə təbrik əvəzi

​Jurnalist-publisist, gözəl qələm və qəlb sahibi Sevda xanım Əlibəyli ömrünün 65-ci baharını yaşayır və deyim ki, bu yaş ona çox yaraşır! İllər Sevda xanımı nəinki  qocaltmayıb, əksinə, bir az da gözəlləşdirib,  kamilləşdirib, qazandığı uğurların nurunu simasına hopdurub, imzasını ədəbi cameədə tanıtdırıb, sevdirib.Dünyaya baharda, gözəl may günlərində qədəm qoyduğundandırmı, ya nədən, mən Sevdanı həmişənikbin, xoş ovqatda gördüm, tanıdım və düzünü deyim, xarakterinin bu xüsusiyyətini daha çox bəyəndim. 

Sevda Əlibəylini çoxdan tanıyıram-ta yeniyetməlik çağlarımdan. Mən orta məktəbdə oxuyanda Sevda xanım artıq Lənkəranda  çıxan “Leninçi” qəzetindəprofessional jurnalist kimi çalışırdı və həmin illərdə mənim də aradabir yazılarım dərc olunduğundan redaksiya əməkdaşları ilə ünsiyyətim var idi. Sonradan mən də gələcək həyat yolum kimi jurnalistikanı seçdim. BDU-da jurnalistika fakültəsində təhsil alarkən yay aylarında rayon qəzetində praktikada olurdum və qəzetin kollektivi, o cümlədən də Sevda xanımlayaxından  tanışlığım sonradan iş yoldaşlığına, həmkarlığa, dostluğa çevrildi. 

Bu gün Sevda xanım Əlibəylini ölkə mediasına tanıdan baş redaktoru olduğu “Söz” jurnalıdır. O jurnal ki, Sevda xanımın ömür yolunun 32 ili onunla bağlıdır. Sevda üçün bu jurnal övladı qədər əzizdir, özü yazır, etiraf edir yazılarında. Həm jurnalın təsisçisi, ilk baş redaktoru olmuş mərhum şair Şəkər Aslanın xatirəsini yaşatdığına görə, həm də Sevda Əlibəyli imzasını Azərbaycan mətbuatında, ədəbiyyatında tanıtdığına, ədəbi uğurlarına vəsilə olduğuna görə “Söz”ə sözlə izah olunmaz bir sevgi, minnətdarlıq var bu xanım yazarın ürəyində. 

Hazırkı media bolluğunda “Söz” kimi nəfistərtibatlı jurnalın nəşri sizə asan gəlməsin. Sponsor yox, abunə çox zəif, oxucuların marağı sosial şəbəkələrdə, əyləncəli verilişlərdə. Amma nə yaxşı ki, sözə dəyər verənlər də qalıb, hələ var. Yoxsa “Söz”ü 32 il yaşatmaq bir xanım jurnalist üçün asan olmayacaqdı. Bütün maddi çətinliklərə baxmayaraq bu jurnal mütəmadi nəşr olunur, öz oxucu dairəsini toplaya bilib, tərtibatına, mövzu seçiminə,  oxunaqlığına söz ola bilməz! Tanınmış söz, qələm sahiblərindən tutmuş bədii yaradıcılıqda ilk qədəmlərini atan gənc yazarlara kimi hamı “Söz”ün cazibəsindədir. Elə Sevda xanım özü də. Əgər belə olmasaydı o da özünə bir gəlirli sahə tapardı, pulunu qazanardı. Sevda maddi kapitalı yox, mənəvi dəyərləri üstün bildi. Ən böyük xəzinəsi “Söz” oldu və bir də sözünə dəyən verən söz xiridarlarının əhatəsində olmağı. 

Bu adamlar üçün sən çox əzizsən, Sevda Əlibəyli! 65 ilik yubileyin mübarək, mənim Sevam! Yaz, yaşa, yarat, “Söz”ünü də yaşat! İnşallah!

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru.