adalet.az header logo
  • Bakı -°C
12 Dekabr 2023 13:19
7198
MÜSAHİBƏ
A- A+

 "Stalinin 85 il əvvəl əsası qoyulan Sumqayıtın altında gizlətdiyi xəzinə..." - MÜSAHİBƏ 

Bu il Abşeron yarımadasının şimal-qərbində , Bakı şəhərinin 30-35 kilometrliyində Sumqayıt dəmir yolu stansiyanın yaxınlığında Sumqayıt şəhərini təməlinin atıldığı ildən 85 il keçir.


1938-ci il – indiki İES-in yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlandı. 1939-40-cı illərdə isə Sintetik Kauçuk, Boru yayma və Kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən müharibəsinin başlaması ilə bütün tikinti işləri durdurulursa da 1941-ci ildə İES işə düşür və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanını verir. Kimya və metallurgiya zavodlarının tikintisi 1944-cü ildə işinə başlayır və bir ildən sonra Sumqayıt Kimya zavodu ilk məhsulunu verir. Elə həmin ildən də Sumqayıtda geniş tikinti işləri vüsət alır.


İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrilir.1949-cu ildə Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verilir və elə o ildən Sumqayıt “metirka”sı elə yazılır. Yəni,  belə hesablasaq bu il Sumqayıtın 74 yaşı tamam olur. Halbuki Sumqayıtın təməlqoyması və tikinti işlərinin başlanması məhz 1938-ci ildən etibarən başlayıb.


1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik Kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi. 1953-cü il Marten sobalarında ilk polad əridilməsi,1955-ci il Sumqayıt Alüminyum zavodu işə başladı,1957-59-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.

1961-68-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır. 1970-80-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı. Bu vaxtlar Sumqayıt artıq keçmiş SSRİ-nin aparıcı sənaye şəhərlərindən biri kimi tanındı. Bu faktlar bir çoxlarınıza yəqin ki məlumdur və Bakıdan sonra respublikanın 2-ci böyük sənaye şəhərinin yaranması haqında məlumatları bilməmiş deyilsiniz.


İndi də keçək, Sumqayıt adının yaranma tarixinə və qədim Sumqayıtın tarixinə!


Mövzu ilə bağlı suallarımıza siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavablandıracaq.


- Zaur müəllim, 70 il ərzində qəsdən səhv yazılmış və səhv də təbliğ edilmiş tariximizi araşdırmaq , həqiqəti tapmaq son 30 ildə bizə nəsib olub. Sumqayıt adı da erməni və rus qəsbkarlarının düşmənçiliyinə hədəf olan türk adlarındandır. Elə deyilmi?


- Bu günə qədər Sumqayıtın adı ilə bağlı bir neçə uydurma izahlar verilib. Guya Hindistandan gəlib Yaxın Şərqə doğru hərəkət edən dəvə karvanında olan Sum adlı gənc və Ceyran adlı qızın “sevgi rəvayət”ində “Sum qayıt, Sum qayıt!” çağrışı edib və bundan sonra bu ərazi belə adlanıb. Birinci “Hindistandan gələn” dəvə karvanının Sumqayıtdan keçməsi nəinki məntiqlə, heç coğrafi yolla da mümkün deyil. İkinci, Hindistandan gələn karvanda olan səyyahlar Azərbaycan türkcəsində “Sum, qayıt” sözü deyə bilməzdi.
Sumqayıtın adında süni şəkildə zorla hind kökü axtaranlar da yanlış olaraq bunu həmin dildə müvafiq olaraq dəvə və iz mənasını bildirən “sumq upt” ifadəsi ilə bağlamağa çalışırlar. Bu da uydurma faktdan başqa bir şey deyil. Hindistandan gələnlər Suraxanı ərazisinə gediblər, Hövsan kəndində o zaman mümkün olan limana gəlirdilər, dizin-dizin ordan Suraxanı Atəşgahına qədər sürünürdülər.

“Sumqayıt şəhərinin tarixi” mövzusunda ilk doktorluq dissertasiyasının müəllifi olmuş Həmid Alıyev yazır: “Yerli toponimlərə zorla “uyğunlaşdırılmış” “Sum və Ceyran” əfsanəsi əslində həqiqətdən çox-çox uzaq bir erməni uydurmasıdır. Söhbət Sumqayıtın adının özgələşdirilməsindən getdiyindən, bu termin barədə bir neçə əsaslandırılmış söz demək məcburiyyətindəyik və bildiririk ki, burada işlədilən sözlərin hamısı türk mənşəlidir və onlar yalnız yerli-milli köklərə bağlıdır”.
A.V.Tverdi “Qafqazın toponimik lüğəti”ində yazır: “Sumqayıt — Azərbaycanda şəhər; eyniadlı çayın mənsəbində, Azərbaycanın paytaxtı Bakı şəhərinin şimalında yerləşir. Hidronim XIII əsrdə Azərbaycanın monqollar tərəfindən işğalında iştirak etmiş türk tayfası sukaytın adı ilə bağlıdır”.


- Sovet tarixçilərilərinin 70 il bizə sırıdığı növbəti yalanın üstü açılır. Sumqayıtın etimologiyası da qondarma əfsanəyə deyil, türklüklə, türklərlə bağlıdır.

- Tarixçilərin fikrincə, burada Midiya tayfaları yaşayıb. Tikinti bumu zamanı, icra binasının bünövrəsi qazılarkən ərazidən qədim karvansaranın qalıqları, habelə şəxsi əşyalar və qab-qacaq aşkar edilib.Tarixçilərin digər bir versiyası da var. Şəhərin adı qədim türk tayfası olan “suqa” və ya “sunqa”ların adından gəlmişdir. "-it" şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. “Sumqait” – “Sunqa-lar”, yəni “sunqaların yerləşdiyi ərazi” mənasını daşıyır.
Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şımalda axan Sumqayıt çayı ilə əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar “su qayıdan çay” demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da məhz bu ifadədən gəlir.

- Bu versiya  gülünc “Ceyran və Sum” əfsanəsindən daha sanballı və tutarlıdır.

- Eyni fikri alman səyyahı İ.Lerx də yazır: XVIII əsrin 30-cu illərində Sumqayıtın yerləşdiyi hazırkı ərazidə axan çayın olduğunu və onun üzrərində daş körpünün mövcudluğunu bildirmişdir.Semyon Bronevski 1823-cü ildə nəşr edilmiş “Qafqaz haqqında ən yeni coğrafi və tarixi xəbərlər” adlı kitabında yazır: “Bakı xanlığı demək olar ki, Abşeron yarımadasında yerləşir, şimalda Quba mülkü ilə sərhəddir ki, ondan Suqaytı çayı ilə ayrılır”. Bu versiya daha ağlabatandır.


- Tarixi mənbələrdə bu ada nə vaxt rast gəlinib?


Çünki tarixi sənədlərdə Sumqayıtın adı ilk dəfə 1580-ci ildə ingilis səyyahı X.Berou tərəfindən çəkilir. 1858-ci ildə fransız yazıçısı A.Dümanın “Qafqaz səyahəti” adlı kitabında Sumqayıt adlı poçt stansiyasından bəhs edilir. Rus səyyahı İ.Berezin öz yol qeydlərində yazırdı: “Şəhərin yaxınlığında Suqayıt adlı bir çay axır. Bu ad onunla bağlıdır ki, havalar isti keçəndə çayda su quruyur, yağışlar mövsümündə isə çay yenidən canlanır”. İ.Berezinin fikrincə, ola bilsin ki, bu ad “su” və “qayıt” sözlərindən yaranmışdır. Qafqazın 1808-ci ildə Almaniyada Veymarda nəşr olunmuş xəritəsində Sumqayıt çayının adı “Suqayıt” kimi verilmişdir.


- Onda belə çıxır ki, bu ərazilərdə ən qədim türklər yaşayıb və sonra yox olublar…


- Bəli, bu ərazidə hələ eramızdan əvvəl 7-ci əsrdə qədim yaşayış məskənləri var idi. 1938-ci ildə şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansaranın qalıqlarına rast gəlinirdi.


- Hesab etmək olar ki, əhali oranı təbii şəraitinə görə tərk etmək məcburiyyətində qalıb. Məsələn, 1938-ci ildə tikinti zamanı inşaatçıların qarşılaşdığı çətinlikləri təsvir etmək üçün onlardan birinin xatirələri bunu deməyə əsas verir. İnşaatçı yazır:” Çox şiddətli küləklər inşaatçıların işini ləngidirdi: gün ərzində qazılan tranşeylər gecə yenidən qumla dolurdu… Bəzi barakları qum gecə boyunca elə örtürdü ki, bu barakı qumdan təmizləmək üçün iki, üç yük maşını lazım olurdu”. Maraqlıdır, bu ərazilərdə şəhər salmaq Stalinə niyə bu qədər vacib olur?

- Bolşeviklər Azərbaycanı işğal edəndən sonra onlara verilən məlumata görə, bəylər və xanlar öz varidatlarını Beşbarmaq, Xızı, Sumqayıt, Corat kimi ərazilərdə gizlədiblər. Bunun üçün Moskvadan xüsusi bir arxeoloqlar qrupu gəlir. Tozlu-torpaqlı, dənizin ləpələrinin iri dalğalarla sahilə çırpıldığı ərazidə qazıntılar zamanı burda ilk insan yaşayış məskənləri olduğunu sübut edəcək qədim artefaktlar, əşyalar, qəbirlər, kurqanlar, qədimdə mövcud olmuş şəhər-dövlətin qalıqları tapılır. Sumqayıtda yerləşən qədim tunc dövrünün yadigarı – nekropolun tapılması isə bu yerlərdə həqiqətən də qədim insanların məskən saldığını sübut edirdi. Sumqayıtın Yaşma bağları ərazisində yerləşən qədim ovdanın tapılması dediklərimizi təsdiq edir.

Mədəniyyət Nazirliyinin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov bu ovdanı belə təsvir edir: “Qobustan, Səngəçal, Hacıqabul, Siyəzən və Şamaxı ərazilərində tapılan bəzi türk tayfa damğaları həkk olunub. Bu ovdanın üzərində Salur damğasına rast gəlinir. Burada 24 Oğuz boyundan biri olan Salur tayfasının damğası var. Bununla yanaşı, ovdanın üzərində insan fiquruna oxşayan damğa da aşkarlanıb. Bu damğalar noğayların istifadə etdiyi tayfa damğasıdır. Ümumiyyətlə abidənin üzərində altıyadək damğa mövcuddur”.


- Onda belə çıxır ki, tarix kitablarında yazıldığı kimi, sovet tarixçilərin dediyi kimi müasir Sumqayıtın yerləşdiyi ərazidə heç də qədim ə midiyalılar yox, elə qədim türklər yaşayıb. Hə, əgər ərazidən türklüyün tarixinə, qədimliyinə aid bir sübut tapılıbsa, deməli, Stalinə o ərazini yaddaşdan silmək üçün mütləq bir plan ortaya qoyacaq.


- Burada tapılan qədim əşyalar paralel olaraq Mingəçevir ərazisində tapılanlarla oxşarlıq təşkil edirdi. Türk tayfalarına məxsus elementlər, petroqliflər, damğalar barədə dərhal Moskvaya xəbər verilir. Yaşı minilliklərə gedib çıxan bu tapıntı Azərbaycan türklərinə qarşı əks-planı olan Stalini narahat etməyə başlayır. Çünki qədim abidələr burda minillər öncə türk xalqlarının yaşadığını sübut edirdi. Qədim artefaktlar üzərində türk yazılarının olması ərazinin türk kimliyini məhv etməkdə onun qarşısında sədlər çəkirdi.O, ÜİK(b)P MK-nın və SSRİ XKS-nin rəhbərliyinə tapşırır ki, dərhal Bakı ətrafında olan Abşeron, Sumqayıtla yanaşı, Mingəçevir ərazisində yeni şəhər salınması məsələsini gündəliyə salsın. Nəticədə Sumqayıt şəhərinin ilk layihəsi və tikintisi 1932-ci il 16 may tarixli qərarına əsasən SSRİ Xalq Ağır Sənaye Komissarlığına həvalə olunur.
Sənaye obyektlərinin yerləşdirilməsi üçün yeni şəhər salmaq zərurəti yarananda Sumqayıt kiçik bir kənd idi. Beləcə, ilk tikinti işlərinə 1938-ci ildə başlanır,
- Demək, 1938-ci ildə Abşeron yarımadasının şimal-qərbində , Bakı şəhərinin 30-35 kilometrliyində   türk abidələrindən ibarət bir yaşayış məskəninin tapılması, əslində Qafqazın türklərə məxsus olmasını təsdiqləyən bir sənəd idi. 1938 -ci il  zəngin bir arxeoloji tapıntının tarixi kimi də qeydə keçə bilərdi. Bu səbəbdəndə Sumqayıtın  "doğum metirkası" 1938 deyil, 1949 yazıldı. Təbii ki bu mənim subyektiv fikrimdir. 

 Son nəticə olaraq deyə bilərik ki, yer üzündən TÜRK sözünü silmək istəyən Stalin unudur ki, “Günəşi örtsə də qara buludlar, Yenə Günəş adlı bir qüdrəti var... “ heç bir qəddarlıqla verilmiş qərar türk toplumunu məhv etməyəcək, türkçülüyü ortadan qaldırmayacaq. Zaur müəllim, ətraflı məlumatlara görə , sizə təşəkkür edirik!


Əntiqə Rəşid