QUBADLI: 31 Avqustdan 25 Oktyabra... - Orxan Aslan yazır
Bəzi insanların taleyi doğulduğu gündən deyil, ölümdən döndüyü andan yazılır
1993-cü il idi. Cəmi 1 yaşım var idi... Erməni raketinin qəlpələri Qubadlıdakı evimizin qapısını yerindən söküb atanda, uşaqlığıma qismət olacaq o balaca çarpayını darmadağın edəndə mən orada yox idim. Anamın hansısa qeyri-ixtiyari hissiyyatı, "nənəmgilə gedək" təkidi bizi o ölüm saçan qəlpələrdən qurtarmışdı. Qonşumuz həmin gün həlak oldu, biz isə sağ qaldıq... Amma o gün raketin darmadağın etdiyi təkcə evimizin qapısı və şüşələri olmadı; bizim sakit həyatımız, gələcəyimiz və uşaqlığımız darmadağın oldu.
Sonra 31 avqust gəldi. Qubadlı işğal olundu. Biz bir gecədə hər şeyimizi o torpaqda qoyub, adına "köçkünlük" deyilən və sony görünməyən bir sürgünə çıxdıq.
Böyüdüyüm o yarımtikili yataqxana... Külək əsəndə damı silkələnən, yağış yağanda tavanından su sızan, divarlarının sarı ləkəsi günü-gündən böyüyən o qocaman bina. Balaca ikən onu dünyanın ən hündür binası sanırdım. Sonra böyüdüm... Şəhərin göydələnlərini gördükcə gözümdə o bina kiçildi, amma içimdəki utanc böyüdü. Yaşıdlarım harada qaldığımı soruşanda küncə sıxılardım. Ünvanı deməyə dilim gəlməzdi, utanaraq "metroya yaxındır..." deyib yalan danışardım. O yalan mənim uşaqlıq sığınacağım, yoxsulluqdan və kimsəsizlikdən qorunduğum tək sipərim idi.
Kasıblıq o yataqxananın divarlarını da deşmişdi. İmkanı olanlar köçüb gedir, qalanlar isə boşalan mənzillərin divarlarını söküb bir-birinə qapı açırdı. Biz o çökməkdə olan qocaman bina ilə baş-başa qaldıq. İllərimiz, gəncliyimiz, arzularımız o tavanı sızan otaqlarda, yurd həsrətinin kölgəsində əriyib getdi. Bizə bu cəhənnəm həyatını yaşadan, uşaqlığımızı əlimizdən alan erməni faşizmi idi! Amma bu ah yerdə qala bilməzdi!
25 oktyabr 2020-ci il... Müzəffər Ali Baş Komandanın sarsılmaz qətiyyəti, dəmir iradəsi və uzaqgörən siyasi zəkası sayəsində 30 illik o qara həsrət darmadağın edildi! Rəşadətli Ordumuz düşmənin başını əzdi, erməni vəhşilərini müqəddəs torpaqlarımızdan iti qovan kimi qovdu! Qubadlı azad olundu!
Bu Zəfəri bizə bəxş edən şanlı Ordumuza, qəhrəman əsgərlərimizə minnətdarıq! Torpaq uğrunda canını fəda edən müqəddəs Şəhidlərimizin ruhu qarşısında baş əyir, dərin ehtiramla rəhmət diləyirik. Canını Vətənə sipər edən Qazilərimizə möhkəm cansağlığı, məğrur Ordumuza hər zaman yenilməz güc və qüvvət arzulayırıq!
Bu gün 31 avqustdur... Artıq təqvimdəki bu gün matəm deyil, intiqamımızın alındığı, qürurumuzun göylərə yüksəldiyi gündür. Biz o saralmış yataqxana divarlarını, yarımçıq qalmış uşaqlıq kədərimizi arxada qoyub öz evimizə, azad Qubadlımıza qayıdırıq!
Başın dik olsun, Vətən! Qubadlı azaddır, biz də azadıq!
Digər Xəbərlər
15 Sentyabr 2026 11:24
YENİ TƏDRİS İLİMİZ MÜBARƏK!
14 Sentyabr 2026 19:47
Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05


Bakı -°C

