02 May 2025 11:40
181
SAĞLAMLIQ

Rayon mərkəzi xəstəxanalarında monitorinqlər aparılır

Ötən il Pirallahı Tibb Mərkəzində monitorinqlər həyata keçirilib. Bu zaman tibbi xidmətlərin təşkili, həmçinin infrastruktur, texniki avadanlıqların vəziyyəti və tibb heyətinin göndərişlərin verilməsi üzrə bilik səviyyəsi qiymətləndirilib.

Adalet.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Pirallahı Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib.

Departament rəhbərinin sözlərinə görə, monitorinq zamanı müsbət cəhətlərin qeydə alınması ilə yanaşı, bəzi inkişaf etdirilməli sahələr də müəyyənləşib və bununla bağlı müvafiq tədbirlər görülüb. “Ümumiyyətlə, tibb müəssisələrində həyata keçirilən monitorinqlərin məqsədi vətəndaşların icbari tibbi sığortadan maneəsiz şəkildə faydalanmasını təmin etmək, tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və bununla da, ümumi məmnunluğu artırmaqdır.

Monitorinqlər dövlət tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi və təşkili vəziyyətini dəyərləndirməyə yönəlib. Qiymətləndirmə zamanı əsas meyarlar kimi xidmətlər zərfində nəzərdə tutulan tibbi xidmətlərin təşkili, pasiyent qəbulu və qeydiyyat prosedurlarının düzgün aparılması, kompüter avadanlıqlarının və internet bağlantısının mövcudluğu, eləcə də maddi-texniki təchizatın səviyyəsi nəzərə alınır. Cari ildə də rayon mərkəzi xəstəxanalarında monitorinqlər davam etdirilir”, - deyə Hikmət İbrahimli vurğulayıb.