"Mənə dedi ki, masanın üstündəki qələmi götürərsən" - Fransaya casusluqla bağlı yeni faktlar

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Adalet.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan məhkəmədən əlavə söz istəyib. Məhkəmə təqsirləndirilənə söz imkanı yaradıb.
Martin Ryan Fransa səfirliyinin əməkdaşları ilə əlaqələri barədə bildirib: “Mənim görüşlərim gizli olmayıb. Normal görüşlərimiz olub. Görüşdüyümüz məkanlar da açıq şəkildə olub. Həmin görüşlər gizli olsaydı, məkanlar da açıq şəkildə olmazdı”.
Daha sonra hakim təqsirləndirilən Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadə elan edib. Məlum olub ki, Azad Məmmədli bakalavr təhsilini Rusiyada alıb və magistr təhsilini Fransada başa vurub. İşləmək üçün Türkiyəyə gəlsə də, iş tapmadığı üçün ölkəyə qayıdıb. Daha sonra Moskvada təcrübəçi kimi iki ay hüquqşünas kimi şirkətlərin birində çalışıb. Sonra Fransada İT şirkətində müqavilələr üzrə mütəxəsis vəzifəsində çalışsa da, burada əməkdaşlığı uzun sürməyib və o, yenidən ölkəyə qayıdaraq bankların birinin Hüquq departamentində çalışıb. Onun burada da əməkdaşlığı uzunmüddətli olmayıb və o, yenidən xarici ölkələrə gedərək orada çalışıb.
Azad Məmmədli ifadəsində qeyd edib ki, fransız dilini təkmilləşdirmək üçün “28 May” metrosunun yanında yerləşən kursa gedib: “Bir müddət sonra həmin kursda fransız dilini mənə tədris edən Z.M.-lə dostlaşdıq. Sonra bulvarda gəzərkən Z.M.-lə rastlaşdım. Həmin görüş zamanı Z.M. Martin Ryanla məni tanış etdi və mənim onun tələbəsi olduğumu Martinə dedi. Tanışlıqdan sonra kafedə görüşdük. Azərbaycanda və Fransada iş tapılması məsələlərindən danışdıq. Bir müddət sonra Martin mənə zəng edərək öz evində baş tutan qonaqlığa dəvət etdi. Həmin qonaqlıq zamanı mən Frederik Devosla tanış oldum. Həmin tanışlıq nəticəsində mənim Frederik Devosla görüşüm baş tutub. Frederik Devos mənim Rusiyada aldığım təhsillə və siyasi analiz qabiliyyətimlə maraqlanırdı. Növbəti görüşdə Devos mənimlə Azərbaycan-İran, Azərbaycan-Ermənistan münasibətləri, casus şəbəkələri, “Hüseynçilər” qruplaşması barədə söhbət edib.
Azad Məmmədlinin istintaqa verdiyi ifadəsinə görə, o, Loran Qrardla tədbirlərin birində tanış olub: “Onunla tanış olduqdan sonra məndən keçirilən bütün tədbirlərdə iştirak etməyimi istədi. Mən onunla görüşdüm. Görüş zamanı masa üzərində olan qələmi götüməyimi, həmin qələmdə olan elektron poçt ünvanına yazmağımı istədi. Lakin mən qələmi götürmədim və ona yazılı məlumat verməyəcəyimi bildirdim. Sonra o mənə “Siqnal” tətbiqini yükləməyimi istədi. Mənim Loranla növbəti görüşüm zamanı o mənə kitab hədiyyə etdi. Həmin kitabın son səhifəsində elektron poçt ünvanı qeyd edilmişdi. O mənə fikrimi dəyişəcəyim halda, həmin poçta yazmağımı istədi. Lakin mən bunu qəti şəkildə rədd etdim”.
Azad Məmmədli ifadəsində daha sonra bildirib ki, Loran Lödi ilə Fransa səfirliyinin təşkil etdiyi tədbirdə tanış olub: “Tədbirdə söhbət etsək də, o mənə çalışdığı yer barədə məlumat vermədi”.
Oktyabrın 1-də keçirilməsi nəzərdə tutulan növbəti prosesdə təqsirləndirilən Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadənin davamı elan ediləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb./Unikal
Digər Xəbərlər

Azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunur

Baş Prokurorluqdan bu şirkətlərlə bağlı MÜRACİƏT

Bakıda errməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir

Xocalıda törətdikləri qəddarlıqları etiraf etdi - MƏHKƏMƏ

MƏHKƏMƏ: Müharibə müddətində bütün əmr və göstərişləri onlar veribmiş - FOTOLAR

Vəkilliyə qəbulla bağlı imtahana elektron müraciət başladı

Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr elan edilib
