İnsanı həm uğura və həm də uğursuzluğa aparan NƏFS

Bu gün dünyada yaşayan çox insanlar düçar olduqları müxtəlif cür dərd-bəladan, xəstəlik və pis vərdişlərdən olmazın əziyyət çəkirlər. Onların arasında ağılı və dünya görüşünün zəifliyi ucbatından öz nəfsinin israfçılıq və ifratçılıq həddini aşaraq onun quluna çevirilən bəzi insanlar da vardır. Bu adamlar tamah zənciri ilə özlərini bərk-bərk cilovlayan, dərin acgözlük quyusuna düşərək oradan omrünün sonuna kimi çıxa bilməyən şəxslərdir.Real həyatda nəfsin onlar üçün qurduğu tələdən tam qurtularaq azadlığa çıxıb rahat nəfəs almaq şansı hələlik yer üzündə heç bir nadan insana qismət olmamışdır.
Bəşər tarixi yaranan gündən, neçə-neçə min illərdir ki, dahilər, mütəfəkkirlər, filosof-alimlər, şairlər və b. sənət adamları nəfs adlı anlayışa müxtəlif təriflər vermişlər.
Nəfs- ehtiras, şiddətli istək, öz şəxsi hisslərinin əsiri olmaq, meyil, tamah, daxili ehtiyac, şəhvanı hiss, yeyib-içmək kimi təlabata hədsiz həvəs, güclü maraq və s. mənalarda işlədilir. Atalar bəzi tamahkar adamlar üçün: “Nəfsi qılıncdan da itidir”-demişlər. Ona görə də nəfsi öldürmək, hər dəfə onun istədiyini yerinə yetirməmək adamdan böyük hünər, səbr, dözüm və möhkəm iradə tələb edir. Bəzən isə vəziyyət elə gətirir ki, nadan və dayaz insan özünətərbiyəni, özünənəzarəti və özünüidarəetməni tamam itirərək öz nəfsinin əlində əsl oyuncağa çevirilir. Öz milli, mənəvi-əxlaqi dəyərlərini aşağılayır, mənəviyyatını və şəxsiyyətini alçaldır, hörmət və nüfuzunu ayaqlar altına atır. Belə hallara yol verməmək üçün tez-tez nəfsə göz qoymaq, ona ciddi nəzarət etmək, tərbiyələndirmək vacibdir. Lazım gəldikdə nəfsin başını çəkmək, onu möhkəm cilovlamaq, onu şər iş, hərəkət və əməllərdən qorumaq gərəkdir. Bir sözlə, öz nəfsinə sahib çıxmaq, ona hakim olmaq hamının borcudur. Müdriklərin belə bir məşhur aforizmi var: “Nəfsinə qalib gələn, ifrat dərəcəli arzu və istəyini, eləcə də hədsiz qəzəbini, çağlayan kin-ədavətini tələb olunan məqamda boğmağı bacaran şəxs, həyatda çox ağıllı və xoşbəxt insandır”.
Nəfsdə insanı mənəvi cəhətdən yüksəldən bir sıra müsbət əxlaqi keyfiyyətlər vardır.İnsanın nəfsi həm yaxşı, həm də pis tərəfə meyl edə bilər. Nəfs elə bir qüdrət sahibidir ki, o insana yaxşı və ya pis işlər görməyi əmr edir. Nəfs həmçinin insana zərər vura biləcək mənfi fikirləri də ağıla gətirir. Bu zaman insanın borcu ağıldakı və nəfisdəki mənfi fikirləri təmizləyərək öz nəfsini tərbiyələndirməkdən ibarətdir.
Nəfsi gözəl əməllərlə bəzəmək üçün onu tərbiyələndirmək çox vacib işdir. Məsələn, azğın və xam at təlim görməsə, yəni əhliləşdirilməsə istənilən vaxt sahibini yıxıb yerlə sürüyər, nəticədə onun sağlamlığına ciddi zərər vura bilər. Bunun üçün at əhliləşdirilərək ram edilərsə, , cilovlanarsa o sakit olar və sahibini heç vaxt yıxmaz. Həmçinin sahibini darda və təhlükədə də qoymaz. Bax, nəfs də çılqın at kimidir. O tərbiyələndirilməli, həm də fəaliyyəti nəzarət altına alınmalı və islah olunmalıdır. Çünki atın cilovunu buraxmaq bədbəxt hadisəyə səbəb olduğu kimi nəfsin də cilovunu heç vaxt boş tutmaq və ya özbaşına nəzarətsiz buraxmaq olmaz. Nəfsin tərbiyəsi üçün ən əsas sağlam düşüncə və möhkəm iradə lazımdır.Təmiz ürəyə sahib olan insanları, xüsusən gəncləri mətinləşdirən, cəsur və qorxmaz edən, onların tez-tez çətin və mürəkkəb situasiyalarla qarşılaşmalarıdır. Bu çətin məqamlarda insanları büdrəməyə,yıxılmağa qoymayan, yollarını azmağa imkan verməyən isə həmin insanların ağılı, möhkəm iradəsi və nəfsidir.Əfsuslar olsun ki, insanın nəfsi bəzən ona pis işlər, zərərli hərəkətlər və bəd əməllər yerinə yetirməyə də məcbur edir. Nəfsdə, şəhvani arzu və istək, qəzəb, inədkarlıq, kin, nifrət hissləri birləşdikdə elə bir güc, qüdrət və hikmət yaranır ki, o, insanın bütün duyğularını özünə tabe etdirməyi bacarır. Nəfsi özbaşına,nəzarətsiz buraxmaq olmaz. Ancaq onu insaflı olmağa, xeyirxahlığa,yaxşı əməllər görməyə yönəltmək mümkündür. Nəfsin tərbiyəsi olduqca çətin və məsuliyyətli, lakin törətdiyi cinayətlərin və bəd əməllərin say-hesabı və sərhədi yoxdur. Bəşərin əşrəfi insan hikmət və mərhəmət sahibi olmaq üçün öz nəfsinə hakim olmalı, onu xeyirxah iş, hərəkət və əməllərə çevirməlidir.
Dində göstərilir ki, nəfs hər bir şərin sığınacağı, hər bir pisliyin dostudur.İslam dininə görə nəfsin 7 mərtəbəsi vardır. Bunlara əmr edən nəfs, qınayan nəfs, ilham və kəşfə yol açan nəfs, rahatlığa,aramlığa qovuşan nəfs. razı olan nəfs, başqasının ondan razı qaldığı nəfs, və kamilləşən nəfsi göstərmək olar. İslam təsəvvüründə nəfs sözü ruh, ağıl, bədən, qəlb və s. mənalarda işlədilir. Hiss, həyatvermə qabiliyyəti ilə yanaşı nəfs insanlara şər əməllərin yerinə yetirilməsini əmr edən bir qüvvə kimi də izah olunur. Və Allah tərəfindən insanın bədəninə üfürülən ilahi “mən” kimi də təsəvvür edilir.
İnsan beyni nəfsi istək və arzuları oyatdığı, coşdurduğu və alovlandırdığı kimi onları boğmağa, cilovlamağa və öldürməyə də qadirdir. Hər bir şəxs nəfsin və tamahın təhlükəli olduğunu hiss etməli, onun insan üçün böyük tələ olduğunu başa düşməlidir. Ağıl və nəfs beynimizdə, qəlb isə ürəyimizdədir. İnsandan acığı gələn Şeytan isə həmişə cidd-cəhdlə nəfsə təsir edir ki, onun köməyi ilə insana çoxlu sayda zərər vursun.
Nəfs haqqında Nəsirəddin Tusi və İbn Sinanın dəyərli fikirləri vardır. Onlar nəfsi 2 qrupa böllərək şərh edirlər.Birinci qrupa,yəni, heyvanı nəfsə yuxunu, yemək-içməyi, cinsi həvəsi, istəyi və b. aid edirlər. İkinci qrupa, yəni, insani nəfsə isə mehribançılığı, səmimiyyəti, xeyirxahlığı, qayğı və yardım göstərilməsini və s. aid edirlər. Onların fikirincə heyvanlarda heyvani nəfs, bitkilərdə nəbati nəfs, mövcuddur. İnsanlarda isə həm heyvani, həm də insani nəfslər bir yerdə cəmləşmişdir.
Nəfs haqqında Sokratın belə bir kəlamı var: “Nəfsə hakimlik, böyük bir ölkəyə hakimlik qədər çətin və vacibdir”.
Alim və filosof İbn Sinaya görə nəfs cisim və ağıl arasında qərar tutub. O, cisimlərin varlığını mümkün, Allahın varlığını isə vacib hesab edirdi. Və bildirirdi ki, ruh və nəfs kimi varlıqlar Allahın varlığından güc-qüvvət alır. Alim-filosof qeyd edirdi ki, hisslərin köməyilə əldə olunan ləzzətlər xəyalıdır. O, ağılın gücü-qüvvəsi ilə əldə edilən gerçək ləzzətləri məqbul sayırdı. İbn Sina yazırdı ki, ruhu və bədəni sağlam olan insan Allahın ona bəxş etdiyi ağılın gücü ilə yaxşını pisdən, doğrunu yalandan ayırmağı bacarmalıdır. Başqalarının nümunəvi, yaxşı və gözəl hərəkəti və vərdişlərini özü üçün əxlaqi keyfiyyət kimi qəbul etməli, heç vaxt düz yolunu azmamalıdır. Azərbaycanın enciklopedik alimi Nəsirəddin Tusinin isə əxlaqi dəyərlərimiz haqqında söylədiyi gözəl hikmətli sözlər çoxdur. O, nəfs haqqında düşüncələrini belə açıqlayırdı: “ Hər kəs nəfsini sevdiyindən öz eyblərini görə bilməz, bu eybin əlamətləri aşkar olunduqda da onu dərk edə bilməz”. Azərbaycan şairi Xaqani Şirvani isə nəfs barədə belə fikir söyləmişdir: “Tamah zəncirini ancaq sağlam ağıl qıra bilər”, “Tamahını azalt, hörmətin artsın”. Mövlanə Cəmaləddin Rumi isə belə demişdir: “Nəfs üçkünclü bir tikandır, nə vəziyyətdə qoyursan qoy, yenə sənə batacaqdır”. İslam dinində hədslərin birində deyilir ki, nəfsinizə uyub haram yeməyin, qəlblər sındırmayın. Ona görə ki, bir bəndənin qəlbini sındırmaq, Kəbəni yetmiş dəfə qağıtmaq qədər günahdır. Bir aforizmdə isə nəfslə bağlı belə bir ifadə işlədilib: “Gözü toxa ağızındakı yetər, acgözə dünya yetməz”.
İnsan nəfsi özünə həm dost, həm də düşmən hesab edə bilər. Nəfs əvvəlcə sanki insanın ağılını yuxuya verib gözlərini bərk-bərk bağlayır. Ağıldan və iradədən zəif, insan bu zaman gözübağlı vəziyyətdə kor-koranə nəfsin ardınca düşərək səssiz-səmirsiz, sakit halda nəfsin ona əmr etdiyi, pis və təhlükəli əməlləri icra edir. Nəticədə isə o, öz nəfsinin qurbanına çevirilir.
Nəfsin cansağlığına və uzunömürlülüyə müsbət və mənfi təsirləri böyükdür. Əvvəlcə biz bunu nəfsə müsbət təsir göstərən xeyirxahlıq əxlaqi keyfiyyətinin timsalında yığcam şəkildə izah edək. Azərbaycan maarifçilik tarixində xüsusi dəst-xətti olan Bakı milyonçusu, bir çox xeyriyyəçilik tədbirlərinin təşəbbüskarı və iştirakçısı Hacı Zeynalabdin Tağıyevin maarifpərvər işləri o qədər çoxdur ki, onların hamısı haqqında yazmaq bir kitaba sığmaz. Mən təkcə onun Bakıda qızlar məktəbini hansı çətinliklərlə açması barədə qısa söhbət açacağam. Z. Tağıyev öz şəxsi təşəbbüsü və maliyyə vəsaiti ilə Bakıda qızlar məktəbi açmaq istəyirdi. Lakin ölkə daxilindəki yerli ruhanilər ona mane olurdu.Onlar müsəlman qız uşaqları üçün dünyəvi məktəbin açılmamasından ötrü təbliğat işləri apararaq camaatı Hacıya qarşı mübarizəyə qaldırırdılar.Hətta tapancalı-xəncərli lotular da onu ölümlə hədələsələr də xalq hamılıqla H.Z.Tağıyevi müdafiə edirdi. O, həmin məktəbin açılmasından ötrü rus çarından və müqqəddəs müsəlman dini ocaqlarından rəsmi icazələr almaq və tikinti işləri üçün üçün düz 6 il böyük əziyyətə qatlaşmış, olmazın təqiblərlə , hədə-qorxu ilə üzləşmişdi. Ancaq mübarizəni bir gün də olsun dayandırmamışdı. Həhayət,122 il bundan əvvəl, yəni 1901-ci ildə Bakıda, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başladı. Bax,bu epizod nəfsin müsbət xüsusiyyətlərinə canlı nümunədir.
Həddini aşmayaraq nəfsini qorumağı bacaran, tamahına nəzarət edən, daim insafı gözləyən, hər gün yeni bir xeyirxahlıq etməyə çalışan insanlar, xüsusilə gənclər nəfsi özlərinin əsl dostu, yaxın sirdaşı hesab edirlər.Çünki onlar özünüidarə və nəfsitənzimləmə qaydalarına düzgün əməl etdiklərinə görə heç vaxt onlara nıəfsdən ziyan gəlmir.
Nəfsinə sahib çıxmayan insanlar üçün isə nəfs həmişə qorxulu düşməndir. Məsələn,bütün zərərli vərdişlər, tamahkarlıq, qarınqululuq,şorgözlük, tütünə,spirtli içkilərə, narkotik vasitələrə və psixotrop maddələrə aludəçilik, qumar oyunu və b. hamısı nəfsin mənfi istiqamətə yönəldilməsi nəticəsində baş verir. Xırda xuliqanlıq, dələduzluq, oğurluq, soyğunçuluq, insan alveri,narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq, koorupsiya, dövlətin və vətəndaşların əmlakının mənimsənilməsi, tamah üzündən dövlət, ordu və idarə sirrini satma və s. cinayət əməllərinin hamı nəfs, tamahkarlıq və acığözlüklə əlaqədardır.
İnsanda ağıl həmişə nəfsi istiqamətləndirən kompas rolunu oynayır.Gəlin, bu kompasın həmişə düz işləməsini təmin edək, onu xarab olmağa qoymayaq.
Zakir Bayramlı,
Şair-publisist, AY və AJ birliklərinin üzvü, təhsil işçisi