23 iyul! 27 il bu gün bizi ən çox ağrıdan gün olub, daha doğrusu, ağrıdan yox, ağladan!
23 iyul! Ermənilərin, Ermənistan silahlı qüvvələrinin Dünyanın Ən Varlı Şəhəri Ağdamı işğal elədiyi gün!
İyulun 21-də gecə saat 1-də girdim Ağdama. Məhləmizə çatanda gördüm «709»-un uşaqları yolu bağlayıb oturublar. Evimizə bir yüz metr vardı. Məni saxladılar, evimizə buraxmaq istəmədilər. Aramızda mübahisə düşdü, hətta üstümə silah çəkdilər ki, olmaz. Mən də silaha əl atdım. Nəhayət, uzun mübahisədən sonra ağılları bir şey kəsmədi, məni buraxdılar. Məni evimizə buraxmayan bu dırnaqarası igidlər iki gün sonra şəhəri qoyub qaçacaqdılar.
Evdə təkcə atam idi. Hirsləndi ki, nəyə gəlmişəm. Nə isə, uşaq vaxtı atam çağırırdı ki, gəl qucağımda yat. Elə gözəl idi ki, atamın qucağında yatmaq. İndi də deyir ki, dur gəl qucağımda yat. 40 yaşında oğlan girdim atamın qucağına. Başını sinəmə qoyub ağladı.
Səhər tezdən atam durub getdi işə, mənə dedi ki, qayıt Bakıya. Qayıtdım. Bu mənim işğaldan əvvəl Ağdam şəhərinə son səfərim idi.
İki gün sonra Ağdam getdi. Çox səbəbi var, yazmıram, yenidən ürək bulandırmaq istəmirəm.
25 iyulda professor Habil Qurbanovla danışdıq ki, camaat yollara səpələnib, ac-susuz. Nə lazımdı, ərzaq alaq gedək Qərvəndə. Qərvənd hələ bizdəydi. Habilin beş-altı dostu da qoşuldu bizə. Mənim payıma çörək düşmüşdü. Bakıdakı kombinatlar dedi ki, sən burdan Ağdama çörək aparanadək hamısı xəmirə dönəcək. Yaxşı olar ki, biz rayonların birinə un göndərək, gedib ordan götürəsən. Rayonun adını yazmıram, bir sürücüyə görə o camaatın nə günahı var? Biz həmin rayona çatanda çörək hazır idi. Amma çörəyi aparmağa maşın yox idi, heç kim Ağdama getmək istəmirdi. Nəhayət, polis rəisi bir sürücünü razı sala bildi. Hələ sürücüyə 200 dollar da pul verdi. Zavodun qabağında bəlkə 500 adam vardı, çörək gözləyirdi. Camaata izah elədim ki, biz apardığımız çörək sizin payınızdan deyil, özü də Ağdam camaatına aparırıq.
Hamı çəkildi, maşın çıxdı yola.
Bu da Qərvənd. Top səsindən, «Qrad» səsindən, güllə səsindən yer-göy lərzəyə gəlir. Sürücünün rəngi təmiz qaçmışdı.
Əsgərlər bizim gətirdiyimiz ərzaqdan imtina elədilər ki, camaat iki gündü ac-susuzdu, onlara paylayın. Qərvənd-Bərdə yolu hər iki tərəf arvad-uşaqla doluydu. Maşının arxasını açdıq, mən və iki əsgər elə gedə-gedə çörəkləri, bir də peçenyeləri sağa-sola atırdıq. Camaat çörəyi göydə tuturdu. Gözü-könlü tox Ağdam camaatını belə görmək məni sarsıdırdı. Ağlaya-ağlaya paylayırdım çörəyi. Ömrümün ən ağır günü idi. Hər dəfə yadıma düşəndə, elə indi yazı yazanda da özümü saxlaya bilmirəm.
27 il ermənilərin kürəyimizə sancdığı xəncəri 8 noyabrda Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə şəhid və qazilərimiz kürəyimizdən çıxartdılar. Amma yeri hələ də qalır və ağrıyır.
İndi tez-tez gedirəm Ağdama, həyətimizə. Yerdən bir çimdik torpaq götürüb yeyirəm və torpağın dadı bir qədər ruhuma dinclik verir. Sonra da tikilən şəhəri qürurla gəzirəm.
Taleyin ironiyasına bax. Ağdamın «Qarabağ» komandasının Avropa çempionatındakı oyunları dəfələrlə 23 iyula düşüb. Bu gün də «Qarabağ»ın Çempionlar Liqasının ikinci təsnifat turunda oyunu var. Amma indi işğaldan azad olunmuş Ağdamın «Qarabağ» komandasıdır. Başda Qurban Xoca olmaqla bütün futbolçulara uğurlar diləyirəm. İnanıram ki, bu gün «Qarabağ» bizi sevinc göz yaşlarıyla ağladacaq.