adalet.az header logo
  • Bakı 20°C

Ukrayna labirinti: vasitəçilər çoxaldıqca çıxış daralır

MEHMAN CAVADOĞLU
11999 | 2022-02-09 17:21

Rusiya-Ukrayna münasibətlərindəki gərginlik, daha doğrusu, Rusiyanın Ukraynaya ehtimal olunan əsgəri müdaxiləsi ətrafında baş verən hərbi, siyasi və diplomatik vurnuxmalar artıq bir neçə aydır ki, beynəlxalq  gündəmin prioritet mövzusu olaraq qalmaqdadır. Təhlükəli məcrada cərəyan edən hadisələr öz dramatizmiylə bəzən faşist Almaniyasının Sudet vilayəti ətrafında durquzduğu hoqqaları da üstələyir. Xatırladaq ki, faktiki olaraq ikinci dünya müharibəsinin proloqu sayılan Sudet böhranında İngiltərə və Fransanın sərgilədikləri ehtiyatlı mövqe və qorxaq davranış Hitlerin əl-qolunu daha da açmış, nəticədə proses vilayətin almanlar tərəfindən işğalını rəsmiləşdirən biabırçı “Münhen sazişiylə” yekunlaşmışdı.

Bu günsə hadisələri daha çox Qərbin sərt və güzəştsiz mövqeyi körükləyir. Təbii ki, indi zaman yüz il əvvəlki zaman deyil və Qərb deyəndə ilk növbədə ABŞ nəzərdə tutulur. Hazırda Avropanın ABŞ-dan müstəqilliyi təxminən keçmiş SSRİ respublikalarının Moskvadan müstəqilliyi səviyyəsində bir şey olduğu üçün Putin də yeni təhlükəsizlik sistemininin yaradılmasını Avropayla yox, ancaq ABŞ və NATO ilə müzakirə etməyə həvəs göstərir. Keçən ilin sonlarında təhlükəsizlik məsələləriylə bağlı Rusiyanın tələbləri əks olunmuş eyni məzmunlu iki məktubun, daha dəqiq desək, müqavilə mətninin Avropanın başı üzərindən yalnız Şimali Atlantika Alyansının və “Ağ ev”in başçılarına göndərilməsi də sübut edir ki, bugünkü hərbi- syasi reallıqlar konteksində Avropa Birliyi Kremldən ötrü yalnız cəlbedici iqtisadi partnyordan başqa bir şey deyil.

Yeri gəlmişkən, artıq Vaşinqton və Brüssel Rusiyanın sözügedən məktubuna rəsmi cavab göndərib. Onlar Kremldən fərqli olaraq diplomatik etika qaydalarına əməl edərək cavab məktubunun mətnini ünvanına yetişməmiş mətbuatda dərc eləməsələr də, rəsmi şəxslərin diliylə açıqlanan bəzi detallardan məlum olur ki, Moskvanın heç bir istəyinə müsbət cavab verilməyib. Yəni, NATO nəinki 1997-ci illərdəki sərhədlərinə qayıtmayacaq, hətta Şərqə doğru genişlənməkdə davam edəcək və məqamı çatanda keçmiş SSRİ sərhədlərinin içinə də soxulacaq. Vaxtilə həmin sərhədləri tikanlı məftillərlə hətta Varşava paktındakı ən yaxın müttəfiqlərindən qoruyan Kreml nədənsə bu sərhədlərin öz “bakirəliyini” hələ 2004-cü ildə, yəni Baltik ölkələri Alyansa üzv olarkən itirdiyini “unudur” və hər fürsətdə israrla bunu özünün qırmızı xətti elan edir.

Moskvanın Avropanın yeni təhlükəsizlik düzənini onun öz iştirakı olmadan müzakirəyə çıxarmaq cəhdləri təkcə “Qədim qitə”nin yox, elə Amerika rəsmilərinin özü tərəfindən də az qala top-tüfənglə qarşılandı. Ağ evin mətbuat katibi xanım Psaki ABŞ-ın Avropanın təhlükəsizliyini şübhə altına salacaq əsas prinsiplərlə bağlı məsələlərdə kompromisə getməyəcəyini söylədikdən sonra birmənalı şəkildə bəyan elədi: “Biz Avropa müttəfiqləri və tərəfdaşlarımızın başı üzərindən Avropanın təhlükəsizliyi ilə bağlı heç kimlə heç bir danışıq aparmayacağıq”. Bu sərt ritorika Avropanı öz gələcək taleyinin müəyyənləşdirilməsi prosesindən kənarda saxlamaq istəyən, üstəlik, bu hiyləgər niyyəti müttəfiqlər arasında nifaq toxumu səpməklə gerçəkləşdirməyə çalışan Moskvanın planlarının üstündən yağlı bir xətt çəkdi. 

Ancaq ABŞ-ın müttəfiqlərinə hədsiz isti qucaq açması Böyük Britaniya və öz ölkələrinin təhlükəsizliyi ilə bağlı instinktiv bir xof yaşayan, nəinki regionun, heç idarə etdikləri məmləkətin təhlükəsizlik düzəninin qorunmasında belə xüsusi paya sahib olmayan bəzi Şərqi Avropa ölkələrinin başçıları istisna olmaqla qarşı tərəfin siyasətçiləri arasında adekvat reaksiya doğurmur. AB-nin iki aparıcı dövləti olan Fransa və Almaniyanın proseslərə fərqli yanaşması hazırkı həssas məqamda bir tərəfdən Rusiyanın maraqlarına xidmət edirsə, digər tərəfdən onun cilovlanması üçün olduqca vacibdir. Çünki sağlam düşüncədən xeyli uzaq olan Rusiyanın güclü bir nüvə dövləti olması onunla ehtiyatlı davranmağı və hər necə olursa-olsun anlaşmağı apriori zəruri edir.

Emmanuel Makronun Moskva səfərinin ardınca çox nikbin açıqlamalarla çıxış eləməsini danışıqların uğurlu keçməsinin əlaməti saymaq olar. “Vladimir Putinlə Moskvadakı danışıqlar öz hədəfinə çatdı, Ukrayna ətrafında yaranmış vəziyyətin bundan sonra daha da gərginləşməyinin qarşısını almağa kömək elədi. Mən vəziyyətin daha da pisləşməsinin və gərginləşməsin qarşısını almağa nail oldum. Gərginliyin qarşısını almaq və yeni perspektivlər açmaq məndən ötrü çox vacib idi. Mənim bu məqsədim gerçəkləşdi” – deyə o Fransa mediasına müsahibəsində bildirib.

Böyük Britaniyada nəşr olunan nüfuzlu Financial Times qəzeti də öz mənbələrinə istinadən səfərin uğurlu olduğu barədə məlumat versə də həmin məlumatdakı bir məqam olduqca maraqlı təsir bağışlayır. Putinlə Makronun Rusiyanın bundan sonra heç bir “hərbi təşəbbüsdə” bulunmayacağı və Moskvanın  silahlı qüvvələrinin cəbhə boyu yerləşdirilməsiylə bağlı dialoqda iştiraka razılaşmasıyla bağlı anlaşdıqlarını yazan qəzet ardınca çox vacib məqama toxunur: “Hazırda Kremldə Makronla əldə olunan razılıqların Vaşinqton tərəfindən bəyənilməsini gözləyirlər”. Belə çıxır ki, Makron-Putin razılaşmaları qüvvəyə minmək üçün Baydenin təsdiqinə göndərilib. Bunun acı bir gerçəklik, yoxsa qəzetin qara yumoru olduğunu söyləmək xeyli çətin görünsə də ən azından bir nüvə dövləti kimi Fransanın imicinə vurulan tərs zərbə olduğu heç bir şübhə doğurmur.

Üstəlik, hər nədirsə Putinin işinə yarayan unikal bir açıqlamadır. Yəni, böyük ehtimalla Bayden bu razılaşmaları təsdiqləməyəcək(!) və Putin Fransayla ənənəvi yaxşı münasibətlərini pozmadan Ukraynanı ram etmək siyasətini davam etdirəcək. Üstəlik, Rusiya guya hərbi təlim məqsədilə Belarusa göndərdiyi 30 min hərbiçinin çıxarılması barədə Makronla əldə olunmuş digər razılığı da pozmaq hüququ qazanacaq ki, hazırkı şəraitdə bu, Moskvaya hava-su kimi lazımdı.

Elə bu cür ziddiyyətli məqamlara görə Ukraynanın bir çox siyasətçiləri və ekspertləri Makronun öz səfərinin yekunları barədəki nikbin açıqlamalarını nəinki bölüşmür, hətta onu açıq-aşkar lağa qoymaqdan belə çəkinmirlər. Bu baxımdan  tanınmış politoloq Yuri Romanenkonun aşağıdakı fikirləri çox maraqlıdı: “Makronun Putinlə birgə keçirdiyi mətbuat konfransındakı çıxışı müasir Fransa fəlsəfəsi sayaq mənasız söz yığınından ibarət idi. Makron bizə Avropa boşluğundan və Putinin boş təkliflərindən başqa heç nə gətirməyəcək”.  

Kiyevdə prezidentlərin görüşü uzandığı üçün dövlət başçıları jurnalistlərin qarşısına nəzərdə tutulan vaxtdan bir saat gec çıxdılar. Danışıqların yekunları barədə keçirilən mətbuat konfransını açan Zelenski dedi ki, Makronun Kiyevə gəlişi son 24 ildə Fransa prezidentinin Ukraynaya ilk səfəridir. Görüşdə əsas diqqətin Donbas ətrafındakı proseslərə və Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məsələlərinə yönəldiyini söyləyən Zelenski nədənsə bu məsələlər barədə çox danışmadı, daha çox maliyyə-iqtisadi sahədə əldə olunana razılaşmalarta diqqəti çəkdi. Məlum oldu ki, rəsmi Paris Ukraynaya 1,2 milyard dollar maliyyə yardımı etməyi planlaşdırır ki, prezidentin qənaətinə görə bu da ölkə iqtisadiyyatının stabilləşdirilməsinə kömək edəcək. Daha sonra o, müxtəlif iqtisadi layihələrin gerçəkləşdirilməsiylə bağlı əldə olunan razılaşmalar haqqında da jurnalistlərə geniş məlumat verdi.

Emmanuel Makronun nitqinin də Ukraynalı həmkarının çıxışı kimi daha çox iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunması, yəni hər iki liderin jurnalistləri və ictimaiyyəti daha çox maraqlandıran əsas problemin üstündən ötəri keçməsi təbii ki, təkcə Kiyevin yox, Rusiyanın və Avropanın siyasi kuluarlarında da xeyli təəccüblə qarşılandı və Romanenkonun yuxarıdakı fikirlərinin əyani təsdiqi oldu.

Bu arada rəsmi Kiyevin AB-nin ikinci super dövləti sayılan Almaniya ilə də münasibətləri xeyli gərginləşib. Bu ölkədə təzəcə qurulmuş koalisiya hökumətinin Rusiya ilə münasibətlərdə öz sələfi Merkelin yolunu davam etdirməsi onun Qərbdəki bir çox müttəfiqlərində qıcıq yaradır. Özü də rəsmi Berlinin bu mövqeyi çoxlarının güman elədiyi kimi təkcə “Şimal axını-2” layihəsiylə  bağlı deyil. Ümumiyyətlə, Berlin divarı yıxılandan bəri birləşmiş Almaniyanı idarə eləmiş bütün hökumətlər həmişə Rusiya ilə yaxşı münasibətlər saxlamaqda maraqlı olub, bəzi hökumət başçılarısa öz görəvini tərk edəndən sonra Rusiyada yaşayıb işləməyə üstünlük verməklə yanaşı həm də rəsmi Moskvaya açıq-aşkar lobbiçilik ediblər.

Son günlər Ukraynayla Rusiya arasındakı gərginliyi yatırtmaq üçün vasitəçilik etmək üstündə sanki böyük bir marafon başlayıb. İndi az qala hər yerindən duran sülh göyərçini obrazına girərək bu münaqişənin həllinə öz töhfəsini verib dividentini götürməyə çalışır. Ancaq Almaniyanın bu marafonda iştirak təşəbbüsü elə beşiyində boğuldu. Bir neçə gün əvvəl Zelenski rəsmi Berlinin məhz elə “Şimal axını-2” qaz kəməriylə bağlı mövqeyi ilə razılaşmadığı üçün ölkənin təzə xarici işlər naziri Annalena Berbokla planlaşdırılan görüşünü gözlənilmədən ləğv elədi. SNN televiziyasının aparıcısı Ceyk Tapperin Ukrayna hökumətindəki mənbəyinə istinadən verdiyi bu məlumatda deyilir ki, görüşün ləğvi rəsmi olaraq dövlət başçısının iş qrafikindəki dəyişikliklərlə əlaqələndirilsə də, əslində Zelenski bunu qəsddən edib. “Almaniya Şərqi Avropada və Kiyevdə daha çox Qərbin yox, Rusiyanın müttəfiqi kimi tanınır” – deyə C.Tapper söyləyib.

Hərçənd, hazırda Almaniyanın yeni kansleri Olaf Şolts da Vaşinqtonda səfərdədir və səfər proqramındakı prioritet mövzularından biri də məhz Ukrayna ətrafında cərəyan edən hadisələrin müzakirə eləməkdir. Odur ki, cənab Şolts digər Avropalı həmkarları kimi Kiyevə gəlib Zelenskiylə görüşmək istəsə Ukrayna prezidenti bu təşəbbüsü heç bir bəhanəylə bloklaya bilməyəcək. Həmin görüşün rəsmi Kiyevə konkret bir xeyri dəyməsə də dövlət başçısı bir iş gününü də alman həmkarına qurban verməyə məcbur olacaq. Onsuz da, prezident son günlər Kiyevin yolunu ağardan dürlü-dürlü vasitəçiləri rəsmi təmtəraqla qarşılayıb yola salmağa bir növ adətkərdə olub, necə deyərlər, artıq qonaqsız keçən gününü axşam eləməkdə çətinlik çəkir.

 

M. Cavadoğlu  

 
 

 

 

TƏQVİM / ARXİV