adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

TƏBRİZDƏ İRAN KONSULLUĞUNUN AÇILMASINA AZ QALIB - Aqil ABBAS yazır

AQİL ABBAS
391 | 2022-11-02 20:15

Təbrizdə Ermənistan konsulluğunun açılması üçün razılığa gəliblər. Bu şəhərdə də nəinki erməni yaşayır, hətta bir erməni küçüyü də yoxdu, təmiz türk şəhəridi. Açsınlar. Qafanda Ermənistanın və İranın adına layiq bir yas mərasim zalı açdıqları kimi, Təbrizdə də belə bir binada konsulluq açarlar.

Bir dəfə Naxçıvana gedərkən Biləsuvarda İran ajanları məni çox incitdilər, təxminən 6 saat saxladılar gömrüklərində. Nəhayət, maşındakı kitablarımı (mənim şəxsi kitablarımı yox), Ərzurum Universitetindəki Abbas Zamanov adına kitabxanaya apardığım mindən çox kitablarımı müsadirə elədilər. Culfada da İran sərhədçiləri hamını buraxdılar, üç saata yaxın məni saxladılar. Artıq dava eləmək istəyirdim. Təəssüf ki, xanımım yanımdadı. Ondan xahiş etdim ki, sənin pasportunu veriblər. Sən get sərhəddi keç, uzaqbaşı bir taksiyə oturub əmingilə, bibingilə gedərsən, yanımdasan deyə ürəksizəm. Xanımım getdi sərhəddi keçdi. Sərhəd deyəndə dəmir körpüdü, üstündə bir ağ xətt çəkiblər. Xəttin bir yanı Azərbaycan bayrağıdı, bir yanı İranın. Bir qədər arxayınlaşdım.

 

Mən də əsəbi sərhədçilərlə dilləşirəm, yanımdan keçən naxçıvanlılar da deyirlər, ə, bu yazıqdan nə istəyirlər? Yəni mənim diplomatik pasportum iranlılara yaman yer eləyib. Nəhayət, üç saatdan sonra mənim də pasportumu verdilər ki, gedə bilərsən. Gəldim sərhəddə, bir addım atdım Azərbaycan tərəfə, dayandım və üzümü çevirdim İran sərhədçilərinə. Azərbaycan dilində nə qədər söyüş vardı, Xomeynidən başlayıb o vaxtkı İran prezidentinə qədər... Açdım gül ağzımı. Naxçıvan camaatını gülmək tutub. Xanımım da çığırır ki, ayıbdı, əlimi yelləyirəm ki, ayıblıqdan keçib. Söydüm, söydüm, İran sərhədçiləri də baxır. Filan yerləri çatmır ki, bir addım atıb məni geri qaytarsınlar.

Və axırıncı sözüm bilirsiz nə oldu:

- Darıxmayın, mən bir də İrana bilirsiz nə vaxt gələcəm? Təbrizdə İran konsulluğu açılandan sonra. Ondan sonra daha İrandan keçib Naxçıvana getmirəm. İnşallah, gözləyirəm Təbrizdə İran konsulluğu açılacaq, ondan sonra Arazboyu səfərə çıxacam.

İndi İran darıxmasın, çox az qalıb:

- Təbrizdə İran konsulluğunun açılmağına!

TƏQVİM / ARXİV