adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Səyavuş Sərxanlı ilə səsdən danışdıq - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
571 | 2022-10-20 09:36

Dədə Süleymanın səsindən...

                                                                                                  

Sizi deyə bilmərəm, mənə görə SƏS özü İlahi bir möcüzədi və bu möcüzə də hər kəsin bəxtinə düşmür, yazılmır. Doğrudu, indi özünü hər cür səslərlə epitetləşdirən, guya qızıl, nəbilim gümüş, brilyant səslərə sahib olduqlarını bəyan edənlər get-gedə çoxalır. Amma Allahın verdiyi ilahi səs yalnız xalqın sevdiyi, xalqın təşnəsi olduğu səslərdi. Belə səslər zaman-zaman dinləyicini özünə çəkib və o səs də dinləyici ömrü qazanıbdı. Bu mənada Azərbaycanın musiqi tarixində qeyri-adi səsləri ilə seçilən Cabbar Qaryağdı, Segah İslam, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Müslüm, Rəşid Behbudov, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, İslam Rzayev... Və bu gün də bu silsilə davam edir. Mənim üçün bu  səslər xəzinəsində özəl yeri olan və xalq tərəfindən də «Dədə» titulu qazanmış Süleyman Abdullayevdir. Mən Dədə Süleymanın səsinin təkcə pərəstişkarı yox, həm də dəlisiyəm. Onunla olan söhbətlərim, yazdığım müsahibələr, birlikdə iştirakçısı olduğum tədbirlər...  günlərlə ediləcək söhbətin mövzusudur. Dəlisi olduğum Dədə Süleymana yazdığım şeirlərim də var.

Son günlər Dədə Süleymanın səhhəti ilə bağlı eşitdiklərim, oxuduqlarım məni onun səsinə kökləmişdi. Elə o səsin müşayiəti ilə də kitab rəfimin qarşısında dayanıb layihəm üçün  şair dostumun,  yəni  mərhum Səyavuş Sərxanlının «Məni soruşan olsa...» kitabını vərəqləyirdim. Birdən diqqətimi onun Süleyman Abdullayevə həsr etdiyi «Süleyman «SEGAH»I» çəkdi. İnanın ki, bunu bir xoş təsadüf yox, həm də möcüzə saydım. Elə bil ki, Dədənin səsi məni bu şeirə çəkib gətirmişdi. Yeri gəlmişkən, qeyd edim ki, rəhmətlik Səyavuş Sərxanlı ilə ara-sıra görüşürdük, zəngləşirdik, dərdləşirdik və onun vaxtsız ölümü doğmaları, dostları kimi mənim üçün də ağır itki olmuşdur. Özünəməxsus təbiəti olan Səyavuş Sərxanlı çox az-az hallarda öz yaradıcılığından, şeirlərindən danışardı mənə. Daha çox oxuduqlarını, mütaliələrini xatırladırdı və bir də publisist yazılarının müəyyən qismini mənə göndərərdi ki, «Ədalət»də çap olunsun. Ona görə  də onun Dədə Süleymana şeir yazdığını öncədən bilməmişdim. Onun kitabında bu şeirə rast gələndə ruhuna sonsuz dualarımla və bir də böyük maraq və sevgi ilə oxudum. Gördüm ki, Səyavuş Sərxanlının şair ruhu  məni də özünə yol-yoldaşı edir. Və birlikdə Dədə Süleymanın «Segah»ına qulaq asırıq:

 

Yarəb! Bu nə səsdi, yandı ağız, dil,

Həsrətin yolunu ilərə saldı!

Sökülən bir sinə, tikilən bir el

Adımı-sanımı dillərə saldı!

 

Həqiqətən Tanrıma, Rəbbimə müraciətlə yazılan bu misralar adamın içini sirkələyir, ürəyini səksəndirir və bütün diqqətini Dədənin səsinə, onun  "Segah"-ına yönəldir. Özündən asılı olmadan düşürsən "Segahın" toruna və bir də görürsən ki, səs səni alıb aparıb göyün üzünə. Bax, o məqamın içində də mən  Dədə Süleymana yazdığım şeirlərdən birini xatırlayıram. Az qala Səyavuş Sərxanlının ruhunun pıçıltısının əks-sədası kimi deyirəm:

 

yenə avazının toruna düşdüm

üşüdü sümüyüm, üşüdü canım

bilmədim dünyadan heç, necə köçdüm –

qaldı ortalıqda nəfəssiz canım!

 

Bəli, bu, bir gerçəkdi, bu, həm də bir möcüzədi. Onu, o gerçəkliyi, o möcüzəni də bizə yaşadan, bizə hopduran Dədənin səsidi, onun «Segah»ıdı, onun «Çahargah»ıdı. Elə bil ki, təkcə ruh, ürək yox, bütün bədən o səsi yaşayır, hiss edir və adam xəyalən özünün doğum günündən bu səsi eşitdiyi ana qədər bir yol gəlir. İndi təsəvvür edin ki, həmin yol boyu sizi həm Dədənin səsi, həm də Səyavuşun misraları müşayiət edir:

 

Arazın yolunu daşdan eylədi,

O tayı, bu tayı huşdan eylədi,

Durna qatarını köçdən eylədi,

Yolundan ayırıb göllərə saldı.

 

Görün, nə qədər düşündürücü, nə qədər həssas və nə qədər də səmimi duyğulardı, hislərdi, yaşamdı. Burda söhbət təkcə Arazın həsrət qınağı olmağı, durna qatarının  köçü obrazlaşdırılmayıb. Burda həm də həmin o hisləri Dədənin səsində, avazında görmək qabiliyyəti də önə çıxıbdı. Deməli, səsin möcüzəsi budur və bu möcüzənin assosiasiyası da mənim  misralarımda boy göstərməyə çalışıb:

 

yerdən də, göydən də xəbərsiz oldum

eləcə o avaz apardı məni

elə hərəkətsiz, təpərsiz oldum –

o avaz kökümdən qopardı məni!..

 

Bilmirəm, siz belə məqamlar yaşamısız, yoxsa yox, amma həqiqətən səsin qüdrəti danılmazdı, səsin gücü ölçüsüzdü, səsin surətinin  dinləyiciyə və Tanrıya yetişmək imkanı bilinməzdi. Bunu mən öz həyatımda Dədənin səsinin timsalında yaşamışam, görmüşəm və əmin olmuşam ki, Allahın verdiyi bu möcüzə səsi bir orta boylu, o qədər də diqqətçəkən fiziki bədən quruluşu olmayan  KİŞİNİN   daxilində  yaşayır və Allah da o möcüzəni bu bədəndə yaşatmaqla bərabər , Dədəyə onu bizlərə çatdırmaq istedadını da hədiyyə edib. Deməli, səsin möcüzəsini yalnız canı, qanı, ruhu, ürəyi, bütün varlığı musiqi olan adamlar yarada bilirlər. Onlardan biri də Dədə Süleymandır. Elə Səyavuş Sərxanlı da bunun bütün çalarlarını bildiyindən öz ürəyinə meydan açıb. O ürək o səslə bir döyünübdü və: 

 

Zümrüd qanadını seçdi vətəndən,

Bir atlı qoşuntək keçdi vətəndən.

Səni səndən aldı, məni də məndən,

Sellərin yönünü tellərə saldı.

 

Doğrudu, o səs mənim də içimdən gəlib keçir və inanıram ki, mən də tək deyiləm. Dədənin səsini içindən, köynəyindən keçirən minlərlə, on minlərlə dinləyicisi var. O dinləyicilər o səsi yaşadanlardı. O səsi yaşadanlar da Dədənin özünə Allahdan ömür diləyənlərdi. Bax, bu bir-birinə bağlı məqamlar səsin möcüzəsindən qidalanır. Səsin sehrini dinləyicilərə, bizlərə təsirindən mayalanıb. Mən də Səyavuş kimi elə həmin ovqatda da şeirimi davam etdirirəm:

 

uçdum o avazın qanadlarında

dünyanın bəxtəvər bəndəsi kimi...

mənim inancım da, inadlarım da

göyərdi son ümid zərrəsi kimi...

 

Həqiqətən, möcüzə səsin ümid olduğunu da Dədəni dinləyəndə özüm üçün kəşf etdim. Onda bir daha inandım ki, bu səs Qarabağsız, Şuşasız, Füzulisiz, Qoçəhmədlisiz, Tuğsuz qala bilməz. Bu səs mütləq bütün Azərbaycanın hər yerini gəzib dolaşıb,  bütün dünya türklərinin, musiqisevərlərinin könlündən keçib yenə doğulduğu ünvana – Qoçəhmədliyə gələcək. Gələcək ki, yeni-yeni möcüzə səslərin yaranmasına ümid olsun, təkan olsun. Bu yerdə də sözün Səyavuş Sərxanlısı elə bil ki, mənim düşüncələrimi, fikirlərimi davam etdirir və yazır ki: 

 

Bir səməndər kimi girdi odlara,

Yandı tariximə, yandı adlara,

Zəngulə oxunu atdı yadlara,

Sarı sim mehrini ellərə saldı.

 

İndi bir gerçəyi də diqqətə təqdim etmək istəyirəm. Yəni  Səyavuş Sərxanlının Dədənin səsinin timsalında dediyi, daha doğrusu yazdığı bir məqamı da özüm bildiyim kimi şərh etmək istəyirəm. Bəllidir ki, düşmənlərimiz Azərbaycan mədəniyyətinə də göz dikib, bizim tariximizin incilərini özününküləşdirdikləri kimi, musiqimizə də əl uzadıblar. Bax, bu mənada Səyavuş Sərxanlı Dədənin səsini düşmənə – erməniyə tuşlanan ox adlandırır! Mən də elə onun dediklərinin davamı olaraq bu səsin əlindən, ətəyindən öpə-öpə onun qalib olduğuna həmişəki inamımı təzələyirəm və yazıram ki:

 

öpdüm çiçək-çiçək, öpdüm durmadan

budağı, ağacı, daşı, torpağı...

öpdüm gözlərimlə mən əl vurmadan –

çəməni, bulağı, qopan yarpağı...

 

Bax, beləcə Dədə səsi, Dədə «Segah»ı Səyavuş Sərxanlı ilə məni təkcə yol-yoldaşı yox, ruh doğması yox, həm də o səsin pərvanəsi kimi  səslə səs-səsə verməyə köklədi. Biz artıq təkcə sarı simdə deyil, ürəyin bütün tellərində o səslə həmahəng olduq. Sevincimizi, kədərimizi, ümumiyyətlə ürəyimizi və ruhumuzu o səslə bölüşdük, o səslə tamamladıq. Necə ki, Səyavuş Sərxanlı yazdı:

 

Gözümü yaş boğdu, dağları duman,

Durma, ömür getdi, ay dad, ay aman!

Şahin Səyavuşu qartal Süleyman

Göylərdən endirib çöllərə saldı!...                                  

 

Görürsünüzmü, Səyavuşun ürəyini!.. Görürsünüzmü Səyavuşun etirafını!.. Eşidirsinizmi Səyavuşun «Ya rəbb» deyərək etdiyi duanı, çağırışı və bir də görürsünüzmü o səsin Səyavuşu dəli etdiyini. Eləcə də mən həmin duanı da, o çağırışı da, o dəliliyi də öz bildiyim kimi yaşayıram. Onu da öz içimdən, öz dünyamdan məhz özüm bildiyim kimi keçirirəm və paklığa, halallığa söykənən bu səsə diz çökürəm:

 

ilahi, hər şeyi unudub, təkcə

sənin hikmətini tapdım o səsdə!

yer üzün dolaşıb ziyarət etdim

o doğma avazda, o pak nəfəsdə!..

 

Bəli, mən mərhum və dəyərli şairimiz, publisistimiz, gözəl ürək adamı olan Səyavuş Sərxanlı ilə Dədə Süleymanın səsinin işığında sizə üz tutdum. Necə deyərlər, əslində ikimiz də sizlə danışdıq. Mövzumuz da Dədə Süleymanın səsi idi. Yəqin ki, bu mövzu sizin üçün də əzizdi. Allah Səyavuş Sərxanlıya rəhmət, Dədəyə ömür versin!

TƏQVİM / ARXİV