adalet.az header logo
  • Bakı 11°C

OXŞARIN GÖRMƏYƏN ŞAİR

RZA RZAYEV
145755 | 2014-01-25 00:03
Bir neçə il öncə dostlar soruşdular: - Dərvişi tanıyırsan, naxçıvanlı şair? Dedim: - Yox. Zəng etdilər, gəldi. Gəlişi ilə ortama bir dəyişiklik qatdı. Fərqli hərəkətləri, danışığı, fikirləri adamı özünə cəlb edirdi. Aləmi qatırdı bir-birinə, bəzən fikirlərini, bəzənsə mövqeyini tutmaq olmurdu. Baş açmırdım şairdən. Çox istəməyə başlamışdım onu, görüşlərimiz tez-tez olurdu, tez-tez çay içirdik.
Məmməd Arazın şeirlərini o qədər gözəl deyirdi ki, o qədər gözəl şərh edirdi ki, oxuduğumuz, amma tam dərk etmədiyimiz böyük Məmməd Arazı bizə daha fərqli, daha dərin, daha doğru anladırdı.
...
Qurban olum torpağına-daşına,
Qaldır məni Əlincənin başına
Qoy dolanım Vətən sənin başına
Deməsinlər pərvanəsi çatışmır.

Neçə illər işğala qarşı duran Əlincə, neçə-neçə qəhrəmanın qəhrəmanlığını əlindən alan Əlincə, neçə-neçə Vətən oğlunu ucalığa qaldıran, qəhrəman edən Əlincə, qürur yerimiz, məğlubedilməz yerimiz Əlincə, işğalda olan Vətənimizin ümidi, azadlıqda olan Vətənimizin rəmzi Əlincə.

...
Dəli
Oyna deyirdilər dəliyə, oyna!
Oyna, deyirdilər havalı başla...
Əgər oynamasan,
Başını əzərik yoxsa bu daşla...
Dəli də əlinə daş yığa-yığa,
qaçırdı torpaq yollara...
bəlkə torpaq yolda
onu daşlamağa daş tapmadılar.
Şeytan daşlamağa Allah evində
daş tapılırsa,
bir yetim başını əzməyə
quru səhrada da kəsək tapılar...
...

Dəli insan görəndə niyə qaçır? İnsanlar dəlini görəndə niyə daşlayırlar?! Məni düşündürən, dəli edən əsas məsələ budur. İnsanlar dəlini ona görə daşlayırlar ki, dəli insanlara dəli kimi baxır. Dəli - insanların kimliyinin, necəliyinin dəlilidir! Bu dəlilləri qəbul etmədiklərindən insanlar dəlini daşlayırlar.
Başqalarına yüz daş atırsan dəymir. Dəliyə yüz daş atırsan biri boşa çıxmır. Niyə atılan daşların hamısı dəliyə dəyir?! Bilirsiniz, niyə? Dəli daşdan qaçmır, yayınmır. Onu atılan daşlar dəli edib. Dəli elə daşın dəlisidi də! Dəliyə hər daş atan günah qazanır, hər dəyən daş dəlinin günahını azaldır.
Dəli göyə baxa-baxa qaçır, daş atanlar yerə baxa-baxa! Dəli göydə Allahı axtarır, daş atanlar yerdə daş! Dəli Allaha inanır, daş atanlar daşa! ("Dəli" hekayəsindən)
...

Elə bil yuxu görürəm
Bu sənsənmi, yoxsa mələk,
Elə bil yuxu görürəm.
Yayını gizlətmə fələk,
Atdığın oxu görürəm.

Külək vurur, qar oynuyur,
Başındakı şal oynuyur.
Budağında nar oynuyur.
Sinəndə ahı görürəm

Gizlətmə məndən üzünü,
Dumannan, çənnən üzünü.
Onsuz da gendən üzünü
Görürəm yahu görürəm.
...

Qarşıda döyüş var, yaşamaq uğrunda, uduzmuş bir nəslin başındasan, hamı sənə güvənir, sən də tək başına heç nə edə bilməyəcəyini bilirsən, amma qırılmışları bir daha qırmaq istəmirsən. Döyüşə atılırsan, hamı qaçır, eyninə də almırsan, döyüşə biləcəyin qədər döyüşürsən, sonra suyun süzülə-süzülə qayıdırsan kəndinə və bir daha kəndindən çıxmayacağına söz verirsən.
Ac olsan da özünü tox tutursan, sözlər çəkili, ağır doğulur, gecə bütün evlərin işıqları yananda sənin evində işıq yanmır, səhər işıq pulu yığan birinci sənin qapını döyür: - İşıq pulunu ver. "Mən işıq yandırmıram", - deyirsən. İşıq pulu yığan inanmır, evə keçib kabel, lampa axtarır. Axı gecə mən burdan keçəndə sizin evdən işıq gəlirdi?! Sonra yanan şamları görür, Başını bulaya-bulaya, arxasına baxmadan həyəti tərk edir, səndə arxasınca qışqırırsan: - Ey, işıq pulu yığan, mən işığın pulunu yox, bədəlini ödəyirəm.
Dərvişin neçə illər evində işıq yanmasa da, içindəki işıq həmişə yandı, gözlərindəki işıq sönmədi, çoxlarının görmədiyini içindəki işıqla, gözündəki nurla gördü, göstərdi.
Milyon yarım qiyməti olan torpağın üstündə özünə ala-yarımçıq daxma tikdi. Torpağı verənin xətrinə torpağı sata bilmir, ürəyi gəlmir çox sıxılsa da, sıxıntıları çox olsa da.
Bütün dövrlərdə şairinə, yazıçısına, rejissoruna, bir sözlə millətini ifadə edən yaradıcısına cəmiyyət yiyə durmalıdır. Bizdə isə tərsinədir, dövlətin borcu olmasa da, dövlət gücü çatdığı qədər yaradıcı insanlara kömək edir. Cəmiyyət isə yaradıcıların yararlı işlə məşğul olmadığına inanır, yaradıcı insanlara tüfeyli kimi baxırlar, onlara görə pul gətirməyən işlə məşğul olmaq ağılsızlıqdır, əbləhlikdir. Onlar böyük vəzifəyə, pul gətirən işə hörmət edirlər. Əslində isə, ən azı, siqaretə verdikləri pula kitab ala bilərlər, yazıçılara, şairlərə azda olsa maddi yardım etmiş olarlar. Yaxşı ki, bəzi məmurlarımız sözü, yaradıcı insanları qiymətləndirə bilirlər. Dərvişə də belə sahib çıxan məmur var və yaxşı ki, var, yoxsa onu çoxdan itirmişdik və bu günahda yazılacaqdı taleyimizə.

...

Ayrıla bilmirəm
Ayrıla bilmirəm... nədəndi görən?
Mən ki, bu ocaqdan perikən, quşam.
Bu ay işığında qoşa yol gedən.
Ay Allah, elə bil mən olmamışam.

Alnımda taleyin imzası solğun,
Məni qınayırlar, a yazı yazan.
Bu bəxt yiyəsinə Allahdan oğrun
Yazan nə yazmışdı, yozan nə yoza.

Torpağın, göylərin, odun-ocağın,
Məndə nəyi qaldı bir yanar şamı
O da qismət olsa oğul-uşağın
Titrək əllərində yanan axşamı.
...

Göydən söz dərənlərdəndir, sözü tutdu buraxmaz, söz havasına göynən çox gedir, bəzən sözü dərməmiş yıxılır, zövq alır yıxılıb yıxılan sözü qaldırmaqdan.
Sözün qurbanı olduğu ilə təskinlik tapdı. Sözün dəlisi oldu. Həyatı ilə oynasa da, sözlə oynamadı, sözə xəyanət etmədi. O şair olmaq istəmədi, şair doğuldu.

Güzgü

Elə bil məni heç ana doğmayıb,
Elə bil mən dağdan-daşdan olmuşam.
Kim deyir ki, Allah məndən almayıb,
Kim deyir mən şair doğulmamışam.
...

Son zamanlar ürəyi ağrıyır, deyə bilmədiyi sözlər onun da ürəyinə yük olub.
Bəzən havası çatmır, sözün havasına havalanır.
Yazanda da ürəyi ağrıyır, yazmayanda da. Şairin ürəyi boşalanda da ağrıyır, dolu olanda da. Ürəyə ən çox yükü deyilməyən sözlər salır, ürək bu yükü çəkə bilmir. çəkilməz olur.
Həyat belədir - çox vaxtı yaxın olduğun insanın "kölgəsi" sənə düşmür, necə ki, günəşə yaxın olan uca dağların zirvəsi qar və soyuqdur.
Həyat belədir - düşmənlərin zəifini uzaqda, güclüsünü isə çox vaxt yaxında tutmağa məcbursan - əlinin içində, əlin üstündə.
Şair qəbul etməz bu qanunu, amma dəyişə də bilməz. Şair həyatı dəyişə bilməyən qanunlarla mübarizədə keçər. Şair insanlarla mübarizə aparmaz, qanunlarla aparar - insanları yox, qanunları dəyişmək istəyər.
Şair dərdini başqalarına danışmağın mənasız olduğunu anlayınca, şam yandırıb dərdini şamın işığına danışar, sonra şamın yanmağını da, əriməyini də dərd edər özünə.
Tənhalıq

Mən bir tənha yolçuyam, mən bir qoca dərvişəm
Gözüm-könlüm həmişə olubdu tox dünyada,
Allah, bir səndən başqa bir kimsəm yox dünyada,
Sənin tənhalığına səndən çox öyrəşmişəm.

Məni ki, yaratmışdın barı cüt yaradaydın,
Güzgüdə də özümün oxşarımı görmədim.
Təkcə sənin yanında sevib də suçlu qaldım,
Yaratdığın bədəni sənin qədər sevmədim.

Sevmədim, tənha qaldım... dönüb Şah Abbas oldum,
Mənə xeyir-dua ver, tövbə evimi tikim...
Kərəm eylə quluna, təğyiri-libas oldum,
Səndən gələn bəlanı boynumda kəfən çəkim.
...

Durduğum yer də yalandı, özümü aldatmağa daha yerim yox.
Ölümlə üz-üzə gələnə qədər özünü aldadırsan, inanmaq istəmirsən. Ölüm isə hər bir insanın sonunu göstərən faktdır. Hər şeyin dəyişdiyi anda sabaha inam qoymayır dəyişə insan.

Ana, ta mənim ki, tövbədən keçib.
Təpədən dırnağa, günaham şərəm,
Ruhum göy üzündə köynəkdən keçib,
Birdə bu torpağa yaxın düşmərəm.

Şair əlini yerdən üzüb, üzünü tutub göyə, ümidlərinin doğulacağı yeri göy bilib. Yer üzündə baş verənlərə görə şair özünü günahkar bilib, düşünür ki, tövbəyə də yer qalmayıb.
Bədəni günahlardan qorumaq olmur, ruhunu isə günahlara batırmaq istəmir, ruhunu göy üzündə köynəkdən keçirir, qorxur bir daha torpağa yaxın düşməkdən, torpağın qiymətinin baha olan vaxtında.
...

Ürəkdən gələni əlim yazmadı
Əlindən nə gəlir elə sən mənə
Mənə neyləyəsən ay ürək azdır
Halal haqqın olsun nə etsən mənə.

Şairin ürəyin bilmək olmaz, ürəyini buraxaq özünə, ürəyindən yaza bilməsə də, ürəyindəkilərdən ürəklə yazar.
Məndə bu yazını ürəklə yazdım, amma şairin ürəyindən yaza bilmədim, istədim şairin ürəyin alım, bundan başqa əlimdən nə gəlir ki.
Dədən ölür, yerdə qalır, yerdən götürməyə nə adam, nə də dəfn etməyə yer tapırsan.
...
Bu kəndin qəribəliyinin biri də budur ki, sən dədəni yada salmasan, heç kim yada salmaz. Sən də necə yada sala bilərsən?! Mütləq tayfa başçısı (ya vəzifən, ya da pulun olmalıdır) olmalısan. Bu günə qədər dədə yada salmayanların dədənlə bağlı xatirələri başlayır - öləndə dəfnə gəlməyənlərin heç demə, ürəkləri gəlməyib gələlər, heç demə dədəm bunlara görə ölməyib, yaşayır. Bunlara görə dədən ölməməli imiş, dədən ölməli kişi deyilmiş... ("Lal Peyğəmbər" hekayəsindən)
Hər uzadılan ələ (köməyə) sözü bölə bilməyənlər yardımı da bölə bilmirlər. Cənab Prezidentin imkansız istedadlı insanlara ayırdığı yardımı dədələrinin malı kimi bölənlər var. Yardımı xəbər gətirib, xəbər aparan xəbərçilərə verirlər. Bu gün abırına qısılıb Allahın ümidinə yaşayan istedadlı insanlarımız var. Nə ad üçün, nə də yardım üçün qapıları döymürlər, qapı ağzında dayanmırlar.
Şair "əliuzunluq" edəndə "əli" onun başına çox oyunlar açar, bu oyunlardan şair zövq alar, şair ürəyindən yanıqlıdır, şairin ürəyi bütün yarlara açıqdır.
Şairlər ziddiyyətli, mürəkkəb insanlar olurlar. Elə istedadları bu ziddiyyətdən doğur. Çox vaxtı həyat tərzləri ilə yazdıqları üst-üstə düşmür.
Şairin ürəyini düz tutub görmək olmaz, gərək şairin ürəyini tərsinə tutasan, çünki şairlər tərs olur, çünki şairlər tərs sözü də düz yozur.

Şeiri ürəklə yazıram,
Ürək, səndən yazammıram.

P.S. Şair 60 ili bitirdi, bir 60-da bitirməsini də arzu edirik.

Rza Rzayev
[email protected]

TƏQVİM / ARXİV