adalet.az header logo
  • Bakı 18°C

Neftin «gizləndiyi» yeri görən adam - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
627 | 2022-10-21 12:40

O, bu gün də öz sahəsinin peşəkarı kimi xatırlanır

Azərbaycanın sənət dünyasında, mədəniyyət məkanında elə imzalar var ki, onlar artıq bu sahədə öz abidələrini ucaldıblar. Özlərini bir növ təkcə sənətin özünə yox, həm də xalqın yaddaşına möhürləyiblər. Ona görə də mədəniyyət   tariximizi vərəqləyəndə, teatr sənətimizi, opera salnaməmizi gözdən keçirəndə mütləq o böyük şəxsiyyətlərin, o böyük istedadların ziyarətini etmiş olursan və bir də anlayırsan ki, bu insanlar ömürlərini riskə ataraq mədəniyyət fədailəri   olaraq  xalq üçün sənət ortaya qoyublar. Elə bir sənət ki, o tarixləşib, o böyük və bugünə gəlib çatan bir silsilənin özülü olubdur. Bax, bu sahədə əvəzsiz xidmətləri olan hər bir sənət adamının anılması, xatırlanması təbii ki, onun ruhuna ehtiramla yanaşı, həm də sənətinə sevginin ifadəsidir.

Belə sənət fədailərimizdən biri də ötən əsrin əvvəllərində, daha dəqiq desəm, 1884-cü ilin yanvar ayının 5-də Ağdamda dünyaya gələn Əhməd Bədəlbəyli - Ağdamskidir. Bu, tarixi şəxsiyyət özünün dünyaya gəlişi ilə birmənalı şəkildə bugünkü opera sənətimizin fədailərindən birinə çevrildi. Məhz onun böyük Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasında oynadığı rol ötən əsrin qaranlıq dövründə həm səhnəmizə, həm milli şüurumuza, həm də səhnə sənətimizə işıq kimi saçıldı. Elə bil ki, qaranlıqda bir ulduz parladı. Təbii ki, həmin zamanlarda Azərbaycan mühiti elə idi ki, qadının teatrda hansısa bir rol oynaması, ümumiyyətlə səhnəyə çıxması ağıla sığan deyildi. Dini xürafat və dövrün ab-havası, qanunları qadının səhnədə hansısa bir rolunun oynamasına heç cür imkan vermirdi. Belə bir dövrdə böyük Üzeyir Hacıbəylinin qələmə aldığı «Leyli və Məcnun» operasında Leylinin obrazını yaratmaq həqiqətən ciddi bir problemə çevrilmişdi. Dövrün ziyalıları bu operanı səhnələşdirmək üçün hər şeyə hazır idilər. Təkcə Leyli rolunun ifaçısını tapmaq onların qarşısını kəsirdi. Bax, belə bir məqamda Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski, Leyli rolunun ilk ifaçısı Əbdülrəhim Fərəcov bu    işin qulpundan yapışdılar. Lakin ətrafın basqıları, qınaqları, təzyiqləri Əbdülrəhim Fərəcova güc gəldi və o da bu rolu ifa etməkdə geri çəkildi. Necə deyərlər, böyük bir iş yarımçıq qalmaq üzrə idi. Bax, belə bir məqamda, yəni 1908-ci ilin yanvar ayının 12-nə təyin olunmuş tamaşada Leyli rolunun ifasını Üzeyir Hacıbəyovun realnı məktəbdə oxuyan xalası oğlu Əhməd öz üzərinə götürdü və beləcə gələcəyin Əhməd Ağdamskisi teatr səhnəmizə ilk qədəmlərini qoydu. Burda bir məqamı xatırlayaq ki, Əhməd bəy Leyli rolunu oynamağa razılıq verəndə bir şərt kəsdi. Xahiş etdi ki, teatrın afişasında onun adını «Miri» kimi yazsınlar. Təbii ki, tamaşanı hazırlayanlar buna məmnuniyyətlə razılıq verdilər və beləcə səhnəmizin Lelyisi - Əhməd Ağdamskisi Hüseynqulu Sarabski ilə birlikdə Üzeyir Hacıbəyovun operasına həyat verdi. İllər ötdükcə Əhməd Ağdamskisinin oynadığı qadın rollarının sayı da artdı. Və onun opera və teatr sənətimizdəki yeri səhnəyə qadın ifaçılarımız gələnə qədər dəyişməz oldu. Onun həyatında isə ikinci mərhələ başladı. Bu da Əhməd Ağdamskisinin yaşadığı ünvanı dəyişməsi ilə bağlı oldu. O, Ağdamdan Ağdaşa köçdü. Burada musiqi məktəbində tar müəllimi kimi çalışmağa başladı. Böyük ürək sahibi, böyük istedad olan Əhməd Ağdamskisi həm də gözəl bir ailənin başçısı idi. Allah ona iki oğul, iki qız nəsib etmişdi. Övladlarının dördü də ali təhsil almış müəllim, həkim, mühəndis kimi fəaliyyət göstərmişdi. Bu gün də ailənin oğul övladlarından biri elmimizin böyük cəfakeşlərindən olan 1936-cı ilin avqust ayının 6-da Ağdaşda doğulmuş kimyaçı professor, əməkdar müəllim Telman Bədəlbəyli Ağdamski ötən illəri xatırlayaraq vurğulayır ki, qardaşım Məmməd geoloq olanda, daha doğrusu, mühəndislik sənətini seçəndə atam çox sevindi. Çünki o, bu peşəyə ruhən bağlı idi. Bunun səbəbini özündən soruşdum və atam dedi ki, onun dayısı Ağalar bəy Əliverdibəyov Varşavada mühəndislik təhsili almışdı. Ona görə də Məmmədin bu yolu seçməsi onun könlünü şad etmişdi. Evin böyük oğlu olan və 1934-cü ilin oktyabr ayının 20-də Ağdaşda doğulan Məmməd Əhməd oğlu Bədəlbəyli Ağdamski bütün həyatını Azərbaycanda neft sahəsinə həsr etmişdi. Onun Sovet dönəmində bitirdiyi Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsində öyrəndikləri həyat təcrübəsində daha da möhkəmlənmişdi. Həm fitri istedadı, necə deyərlər, torpağın alt qatını görmək qabiliyyəti, həm də mütaliə və təcrübəsi Məmməd müəllimə imkan vermişdi ki, o, çalışdığı neft sahəsində öz sözünü deyə bilsin.

Gələcəyin  böyük  neft  geoloqu   əmək fəaliyyətinə o vaxtkı «Leninneft» Mədənləri  İdarəsinin Balaxanı sahəsindəki 2 nömrəli mədənində quyuların təhqiqatı üzrə operator kimi başlamışdır. Tezliklə özünü müsbət tərəfdən göstərən Məmməd mədəndə neft çıxarma ustası, sahə rəisi, geoloji şöbədə geoloq, böyük geoloq, geoloji şöbənin rəisi və nəhayət, ömrünün sonuna qədər geologiya üzrə baş geoloq – rəis müavini vəzifəsində işləmişdir. Məhz onun gərgin əməyinin sahəsində neft quyularında tətbiq edilən yeni istismar üsulları öz müsbət nəticəsini verməyə başlamışdır. Yəni, Məmməd müəllimin təklif etdiyi və elmi əsaslarla sübut edərək inandırdığı üsullarla hətta fəaliyyətini dayandırmış quyuları da təkrar istehsala qaytarmaq mümkün olmuşdu. Bu da imkan vermişdi ki, yatağın işlənmə səmərəsi artsın, qalıq neft ehtiyatlarından tam istifadə edilsin.

Məmməd  Bədəlbəyli Ağdamski Balaxanı-Sabunçu-Ramana neft yataqlarının tətbiqində, onların istismara verilməsində yorulmadan çalışmış və təbii ki, hər qazılan yeni quyu ilə o da öz uğuruna uğur əlavə etmişdi. Təkcə qazıntı işləri ilə deyil, həm də neft axtarışları və neft sahəsinin inkişaf etdirilməsi üçün Məmməd müəllim öz təcrübəsinə söykənərək əsaslandırılmış elmi məqalələrlə çıxışlar etməklə də bu sahədə öz imzasını hər kəsə tanıtdırmışdı. Ona görə də onun təcrübəsi Sovet dönəmində, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük maraqla öyrənilir və sənaye sahəsində tətbiq edilirdi. Burada vurğulamaq yerinə düşər ki, Məmməd müəllimin bütün ömrünü həsr etdiyi neft sahəsində göstərdiyi xidmətlərə görə fəxri adlara, medallara, fəxri fərmanlara, mükafatlara layiq görülmüşdü. Bu da maraqlıdır ki, Məmməd müəllimlə yanaşı, Telman müəllim də fəxri ad olaraq ölkə rəhbərliyi tərəfindən «Əməkdar» adına layiq görülmüşdü. Yəni o, Azərbaycanın   ilk əməkdar geoloqu,  Telman müəllim isə əməkdar müəllim adına layiq görülübdü. Ümumiyyətlə, bu ailədə «Əməkdar» fəxri adına üç nəfər layiq görülüb. Yəni, Əhməd Ağdamskisinin  özü  Əməkdar incəsənət  xadimi  və  hər  iki  öğul   övladı da bu fəxri ada layiq görülübdür.

Bəli, bu gün tanrı dərgahında olan Məmməd Bədəlbəyli Ağdamskinin ruhu qarşısında xəyala dalarkən öncə yadıma əvvəldə barəsində bəhs etdiyim Əhməd Ağdamski düşür. Yaxşı atanın yaxşı oğulu olan Məmməd müəllim bir ziyalı, bir alim, bir neftçi olaraq imzasını elmimizdə, neft sənayemizdə möhürləyə bilibdir. İllər ötsə də, onun həyatdan qaynaqlanan və neft sahəsində bu gün də tətbiq edilən iş üsulu ,təklifləri, təcrübəsi unudulmayacaq, yaşayacaqdır. Elə professor, əməkdar müəllim Telman  Ağdamskinin qardaşı barəsində dediyi fikirlərə diqqət yetirəndə buna bir daha əmin olursan. Telman müəllim mənimlə söhbətdə vurğuladı ki, həmişə Məmmədə deyirdim ki, qardaş, kaş mən də sənin kimi yaxşı bir geoloq olardım. Sən yerin altını yerin üstündən daha yaxşı görürsən.

Bəli, bütün əmək fəaliyyətini yalnız bir əmək kitabçası ilə başlayan, dəqiq ifadə etsəm, Balaxanı Neft və Qaz Çıxarma İdarəsində ən kiçik vəzifədən ən böyük vəzifəyə qədər yol gələn və bütün ömrünü də sevdiyi peşəyə həsr edən bioloji kəşfiyyatda yanılmayan, necə deyərlər, neftin gizləndiyi yeri dəqiq bilən Məmməd Əhməd oğlu Bədəlbəyli Ağdamski həqiqətən öz işinin əsl bilicisi idi. O, bildiyi işin qulpundan yapışıb onu daha da şöhrətləndirmişdi. Bax, bu gün onun dostlarının, doğmalarının, həmkarlarının çalışdığı sahənin adamlarının yadına salan səbəblərdən bəlkə də ən birincisi Məmməd müəllimin əsl neftçi-geoloq olmasıdır. Ruhu şad, məkanı cənnət olsun!

TƏQVİM / ARXİV