adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İran bu gün... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
773 | 2022-10-18 13:44

Son 20 ildə İranın Ali dini rəhbərliyinin vətəndaşların şəxsi həyatına müdaxiləsi əhalinin çiddi etirazlarına səbəb olduğu müşahidə olunmaqdaydı. Yaxın zamanlara qədər elementar sərbəst yaşamaq hüquqlarını tələb edən vətəndaşlarla dini rejimin rəhbərliyi dil tapmağa çalışırdı. Nisbətən reformator kimi tanınan eks prezident Həsən Ruhani, müəyyən güzəştlərə gedərək, sərt dini qadağaların yumşaldılmasına çalışırdı. Lakin ölkədə tam rəhbərliyə nəzarət edən İranın Ali dini rəhbəri Ayətulla Əli Xomenei prezidentin aparmaq istədiyi reformaların qarşısını alırdığı üçün həmişə buna nail ola bilmirdi.

Lakin proqresiv prezidentin xalqın tərəfində olmasını göstərməsi, dini rəhbərliklərlə mübahisələr girməsi faktı insanlarda müəyyən inam yaradırdı. Bundan başqa Ruhani ölkədə yaşayan azsaylı xalqların hüquqlarının genişləndirilməsunə çalışırdı. Onun prezidentliyi dövründə ölkənin şimalında yaşayan 30 milyondan çox azərbaycanlı, ibtidai siniflərdə öz dillərində təhsil almaq hüququ qazanmışdı.

İran məktəblərində yalnız fars dilində təhsil almağa icazə verilir. İran hakimiyyəti uzun illərdi bu ölkədə yaşayan azərbaycanlıları, kürdləri, ərəbləri farslaşdırmaq siyasəti aparır və müəyyən mənada buna nail olduğu da göz qabağındadır.

Ruhaninin apardığı reformalar təbii ki, fundamental İran dövlətçiliyinin prinsiplərini pozmurdu. Mövcud əxlaq polisi insanların şəxsi həyatını tam nəzarətdə saxlayır, etnik xalqların siyasi institutlarda, biznes və mədəniyyət sahələrində fəaliyyəti məhdudlaşdırılır. Ali dini rəhbərin varisi sayılan İbrahim Rəisinin prezident seçilməsindən sonra, dini konservatizm, əvvəlki prezidentin təşəbbüslərini dayandırdı. Rəisi ölkədə şəriət rejimini daha da sərtləşdirərək cəmiyyətdə, əsasən də şəhərlərdə ciddi etirazların yaranmasına səbəb oldu.

Son aylarda baş verən hadisələr - 22 yaşlı Məhsi Əminənin əxlaq polisi tərəfindən qətlə yetirilməsi, ilk növbədə iranlı qadınlar başda olmaqla əhalini ayağa qaldırdı. Çoxsaylı etiraz mitinqlərində və küçə yürüşlərində qadınlar çadralarını çıxarmağa, nümayişkəranə şəkildə saçlarını kəsməklə xalqın bu rejimdə yaşamaq istəmədiklərinə etirazlarını nümayiş etdirir.

Ciddi etirazlardan təlaşa düşən hakimiyyət, xüsusilə də regionların ayağa qalxmasında qorxuya düşərək polisə nümayişçilərə atəş açmaq əmri verdi. Çoxsaylı insan təlafatları barədə xəbərlər kivlərin manşetlərində nümayiş etdirilir.

İranda baş verən etirazlar, ölkə xaricində alqışlarla qarşılanır və dəslənir. İran dini rejiminin əzəli və əbədi "düşməni" ABŞ artıq ənənəvi olaraq, iranın əxlaq polisinə, mətbuat nazirliyinə və təhlükəsizlik xidmətlərinə qarşı sanksiyalar tədbiq edib.

İran İslam Respublikasının tarixində milli azadlıq hərəkatı geniş vüsət almaqdadır. Bir sıra politoloqlar hesab edirlər ki, kütləvi etirazlar mövcud rejimi dəyişmək gücündədir, digərləri isə düşünürlər ki, İranda milli məsələ KİV-ləri təqdim etdiyi kimi kifayət qədər aktual deyil və ona görə də rejimin dəyişdirilməsindən söhbət gedə bilməz.

Rusiyalı şərqşünas Kiril Semyonov hesab edir ki, İranda yaşayan digər xalqlar kifayət qədər iran cəmiyyətinə inteqrasiya olunub. Separatizm ideyası əsasən kürdlər arasında daha çox müşayyət olunur. Kürd problemi təkcə İranla məhdudlaşmır. Əsasən İran, Türkiyə, İraq və Suriya ərazilərində yaşanan kürdlər illərdi bu ərazilərdə Kürdistan dövləti yaratmağa çalışırlar, lakin onların bütün cəhdləri boşa çıxır.

İranın Hüzestan və Axvaz əyalətlərində yaşayan ərəblərdə də separatizm cücərtiləri görünür. Onlar da, iranlılar kimi şiyədirlər. Ərəblər irandan ayrılaraq İraqla birləşmək istəyirlər. "Lakin ərəb separatizmi əyatulla rejimi ilə mübarizə aparmaq gücündə deyil"- deyə Semyonov bildirir.

Daha sonra, rusitalı şərqşünas diqqətə çatdırır ki, İran ərazisində ən çox sayda- 30 milyondan çox əhalisi olan azərbaycanlılar yaşayır. İran azərbaycanlıları əsrlərlə bu ölkəyə rəhbərlik ediblər. "Türkdilli Səfəvilər dinastiyası hazırki İran da daxil olmaqla əsrlər boyu qərbi Əfqanıstana və Pakistana nəzarət ediblər. Bunlar fars mənşəli deyil, məhz azərbaycanlılar olub.

Hazırda da, azərbaycanlılar müəyyən qədər hakimiyyətdə təmsil olunurlar. Ona görə də, bu xalqın içərisində separatizm dalğası nəzərə çarpacaq dərəcədə deyil".

Siyasi analitiklər bu qənaətə gəlirlər ki, ərəblərə və kürdlərə nisbətən daha yaxşı mövqedə olan azərbaycanlılardan İran üçün separatçı hərəkətlər gözlənilmir. Çünki azərbaycanlılar bu gün ölkənin siyasi həyatında, parlamentdə, biznes sahələrində təmsil olunurlar. Bir sözlə siyasi mütəxəsislərin əksəriyyətinin fikirincə, İran rejiminin qürub edəcəyi proqnozları özünü doğrulmayacaq.

Lakin hazırda dünyada baş verən hadisələr o qədər sürətlə dəyişir ki, İran İslam Respublikasının da gələcək taleyinin necə olacağını proqnozlaşdırmaq o qədər də asan deyil. Hər şey bir andaca dəyişə bilər...

 

"Lenta.ru" saytının materialları əsasında

TƏQVİM / ARXİV