adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Pandemiya ilə qoz-qoz oynayırıq

FAİQ QİSMƏTOĞLU
521 | 2022-04-13 14:06

Kişilər öpüşməkdə arvadları keçiblər

 

İki ildir ki, bütün dünya bu xəstəliyə qarşı mücadilə və mübarizə aparır. Artıq Yer kürəsində yarım milyarda yaxın əhali bu virusa yoluxub. Ölənlərin sayı isə milyonlarladır. Bəşəriyyətin bəlası olan koronavirus sözün həqiqi mənasında dünyaya bir bəla gətirdi. Elə bir ölkə olmadı ki, COVİD-19-un və digər virusların ağrısını, acısı yaşamasın. Və bütün dünya bu bəlaya qarşı birləşərək birgə mübarizə aparmağa başladı. Və qısa zaman kəsiyində onun vaksini tapıldı.

Əlbəttə, dərdi verən Allah onun dərmanını da verir. Yəni yüz dərdi olduğu kimi, yüz bir də çarəsi olur. Sadəcə olaraq bu çarə nə qədər tez tapılsa, xəstəliyin qurbanları bir o qədər az olar. Təbii ki, ölkəmizdə də virusun yayıldığı ilk gündən çox böyük ciddi işlər görüldü, modul tipli xəstəxanalar yaradıldı, ən müasir avadanlıqlarla təchiz edildi. Üstəlik də çox bahalı dava-dərmanlar ölkəmizə gətirildi və əhali xəstəxanalarda pulsuz müalicə olunmağa başladı. Düzdü, itkilərimiz də az olmadı. On minə yaxın insan COVİD-19-dan dünyasını dəyişdi.

Ümumiyyətlə, ölkədə aparlıan vaksinsasiya bu xəstəliyin daha da gurlaşmasına imkan vermədi. Birinci, ikinci, üçüncü dozanın qəbul edilməsi istər-istəməz COVİD-19-un ocağını söndürdü. Amma hələ də bu ocaq tam sönməyib. Bizə bir qədər bəzi məsələlər qaranlıq qalsa da, görünən odur ki, bu gün virusa yoluxanlar üç rəqəmdən iki rəqəmə düşüb. Üstəlik də, aktiv xəstələrin sayı heç üç yüz deyil. Nə yaxşı ki, elə gün olur ki, bu xəstəlikdən dünyasını dəyişməyən insanlar var. Və bütün bunlar əhali arasında bir ümid və inam yaradır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejmində yumşaldılmalar etdi və hətta toy və yas məclislərinə icazə verdi.

Amma bu məsələdə bir qədər narahatlıq var. Ən azından ona görə ki, bir çox insanlar elə təsəvvür edirlər ki, koronavirus tamamilə aradan qaldırılıb və daha kimsə COVİD-19-a yoluxmayacaq. Hətta yas məclislərində, toylarda belə insanlar qapalı mühitdə olsalar da, tibbi maskalardan istifadə eləmirlər. Bu bir yana, toyda, yasda adamlar iki il bundan əvvəllər olduğu kimi qucaqlaşıb bir-birini duz kimi yalayırlar. Yəni, öpüş o qədər sadələşib ki, insanlar heç bir rejimə məhəl qoymadan bir-biri ilə görüşürlər. Amma bu görüşmələrin səsi indi çıxmasa da, bir aydan sonra özünü göstərə bilər.

İnsanların arasında yaranmış arxayınlıq və eyni zamanda virusa qarşı barmaqarası münasibət onu deməyə əsas verir ki, biz COVİD-19 ilə yavaş-yavaş qoz-qoz oynayırıq və hətta onunla məzələnirik. Məzələnməyimiz də ondan ibarətdir ki, ictimai yerlərdə, hətta avtobusda da, metroda bir çoxlarımız salona daxil olandan sonra tibbi maskaları ağzımızdan çənəmizə doğru salırıq. Bəlkə buna görə bizi qınayan da olacaq. Ən azından ona görə ki, bu gün ictimaiyyət arasında belə bir fikir səslənir ki, Operativ Qərargah tibbi maskadan istifadə etməyi tezliklə ləğv etsin. Bu barədə də Səhiyyə naziri bildirib ki, həmin mövzu ilə bağlı fikir mübadiləsi aparır. Ola bilər tibbi maska ictimai yerlərdə yığışdırılsın.

Amma bizim fikrimizcə və eləcə də Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsaslansaq, dünyada pandemiya ocağı tamamilə sönməyib. Başqa sözlə demiş olsaq, o hər an yenidən alovlana bilər. Necə ki, Çinin bir neçə şəhərində COVİD-19 virusu birdən-birə yenidən baş qaldırdı. Hər halda, ölkəmizdə mövcud vəziyyət onu göstərir ki, əhali çox arxayınlaşıb. Və hətta əksər insanlar düşünür ki, daha koronavirus yoxdur. Ona görə də insanlar tibbi maskadan istifadə etməyə bir o qədər maraqlı deyillər. Ancaq məsələnin görünməyən tərəfi ondan ibarətdir ki, biz COVİD-19-la yaman zarafatlaşırıq, məzələnirik və düşünürük ki, artıq həmin günlər tarixə dönür. Düzdü, həmin günlər tarixə dönür. Amma gərək tarixin ağır dərslərini də yaddan çıxarmayaq. Çünki tarixin ağır dərslərini yaddan çıxaranda unutduğumuz və yada salmaq istəmədiyimiz tarix yenidən bizə dərs verir.

Sözümüzün canı ondan ibarətdir ki, tam arxayınlaşıb əvvəlki həyatımıza qayıtmaq üçün darıxmayaq. Hər şey mərhələli şəkildə həllini tapır. Yəni, hələ də biz sanitar-gigiyenik qaydalara əməl etməliyik, tibbi maskaları qapalı yerlərdə taxmalıyıq, bir-birimiz ilə öpüşüb-görüşməməliyik. Yəni, görüşəndə qucaqlaşıb ayrılmaq da olar, lakin öpüşmək o deməkdir ki, sən kimisə yenidən xəstələndirə bilərsən. Bəlkə də heç səndə xəstəlik yoxdur ey, sadəcə olaraq ehtiyatı əldən verməyək. Çünki adi bir ehtiyatsızlıq bəzən yaxınlarını çətin vəziyyətə sala bilər və virusa yoluxdura bilər.

Allah eləsin heç kim virusa yoluxmasın. Allah bizə həmişə kömək göstərir. Ancaq biz də gərək özümüzü və doğmalarımızı qoruyaq. Virusun sönməsindən, azalmasından arxayınlaşıb onunla zarafatlaşmayaq, xeyir-şərdə bir-birimizlə görüşəndə qucaqlaşıb öpüşməyək! Darıxmayın, Allah qoysa, qucaqlaşacayıq da, öpüşəcəyik də. Bu ilin axıra qədər dözək, lazımi vaksinləri vaxtında vurduraq və qayıdaq əvvəlki gözəl və rahat həyatımıza.

TƏQVİM / ARXİV