adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Gecə həyatı

FAİQ QİSMƏTOĞLU
516 | 2022-04-06 11:56

...Hərənin bir-birinə bənzəməyən həyat tərzi var. Biri kitab oxuyur, elm öyrənir, biri sənət dalınca gedir, biri də həyatını cırcırama kimi gəzməkdə görür. Və bu insanların heç birini qınamaq olmaz. Ən azından ona görə ki, heç kimin həyatı başqasına bənzəmir və hamı da öz ömrünü yaşamaq istəyir. Amma gərək ömrünü də yaşayanda elə yaşayasan ki, yaşlaşanda, qocalanda həmin gənclik illəri üçün heyfslənmiyəsən...

Bu yaxınlarda gecə klubunda baş vermiş partlayışdan sonra həmin klubda yaralanmış və hətta dünyasını dəyişmiş insanlara münasibət heç də birmənalı olmayıb. Özü də bu partlayış zamanı 40-a yaxın gənc müxtəlif dərəcəli yanıq xəsarəti alıb, 3 nəfər də dünyasını dəyişib. Və hətta həkimlərin dediyinə görə, xəstəxanaya yerləşdirilmiş 3-4 nəfərin vəziyyəti ağır, stabil olaraq qalır. Yəni onlar həyatla ölüm arasında çarpışırlar. Allah şəfalarını versin!

...Bayaq dedik axı! Bu gəncləri qınayanlar var. Qınayanlar deyir ki, əgər onlar gecə həyatı yaşamasaydı, bu faciə onların başına gəlməzdi. Bəlkə də bu fikirdə müəyyən qədər həqiqət var. Amma ən böyük həqiqət ondan ibarətdir ki, gənclik var və gəncliyin bənzərsiz bir anları, günləri olur. Bəli, gənc olanda biz hamımız öz cızığımızdan çıxmışıq və bəzən heç gecələr evə də gəlməmişik. İndi bu klubda da partlayış zamanı xəsarət almış gənclərin üstünə o qədər də getmək olmaz. Ən azından ona görə ki, İkinci Qarabağ savaşında torpaqlarımızı işğaldan azad edən və ağır yükü boynumuzdan götürən gənclər olub. İndi deyə bilərsiniz ki, torpaqlarımızı işğaldan azad edən gənclər gecə həyatı yaşamayıblar və bu məsələyə də heç də birmənalı yanaşmaq olmaz. Çünki heç kim öncə görən deyil və heç kim də insanların taleyini oxuya bilməz. Sözümün canı ondan ibarətdir ki, bu cür həyat tərzi yaşamış və faciənin qurbanına çevrilmiş gəncləri bir o qədər də sıxma-boğmaya salmaq olmaz.

...Sıxma-boğmaya salınmalı o gecə klublarını təşkil edənlər, çoxlu sayda gənclərin həyatının təhlükəsizliyinə laqeyd yanaşan insanlardır. O insanlar ki, pula görə nəyə desən getməyə hazırdı. Mövcud qanunla gecə klubunun təhlükəsizliyi, yəni işıq, qaz və digər enerji daşıyıcılarının həmin binaya verilməsi diqqət mərkəzində olmalı idi. Həm əlaqədar qurumlar, həm də gecə klubunun sahibi texniki təhlükəsizlik qaydalarını unutmamalı idi. Unudulduğuna görə də bax, bu cür bədəxt hadisələr qaçılmaz olur.

Həmin gecə klubundakı faciə bir siqnal olmalıdır və Bakıda belə gecə klubları saysız-hesabsızdır və saysız-hesabsız olan bu gecə klublarına həm dövlət qurumları, həm də onu işlədənlər məsuliyyət daşımalıdırlar. Göründüyü kimi, məsuliyyət də bəzi hallarda unudulur və yaddan çıxır. Əgər deyilənlərə inansaq, həmin gecə klublarında gənclərə narkotik tərkibli maddələr də verilir. Yəni gənclərin həyat tərzi çox təhlükəli və həyəcanlıdır. Bu isə o deməkdir ki, gecə klubları həm də qorxulu bir kabusa bənzəyir. O kabusun mövcudluğu neçə-neçə gəncin taleyini təhlükə qarşısına qoyur, onları pis vərdişlərə alışdırır və üstəlik də bu kimi hadisələr digər gənclərin də həyatında mənfi izlər qoyur...

...Dünyanın hər tərəfində gecə klubları olub, var və olacaq. Burda qəribə heç nə yoxdur. Amma bizdəki gecə klubları isə çox kortəbii və anlaşılmaz bir şəraitdə fəaliyyət göstərir. Kim pul qazanmaq istəyirsə, gecə klublarını işə salır. Və insanları da, xüsusən də gəncləri bura cəlb etməklə nə qədər cavanın taleyinə qorxunc bir anlar daxil olur. Bu isə o deməkdir ki, gənclərimizi biz bu cür həyat tərzində ən azından uzaqlaşdırmalıyıq və uzaqlaşdıra bilmiriksə, o klublar elə təşkil olunmalıdır ki, gənclər orda diskatekalarda, şoularda iştirak eləsələr də pis vərdişlərə öyrəşməsinlər.

...Çünki ora gələn hər bir oğlan və qız gələcəyin atası və anasıdır. Bax, biz o gəncləri mövcud olan belə təhlükələrdən xilas etməliyik. Qoruya bilsək, onlar əsl vətəndaş olacaq, Vətənə və ölkəyə sağlam övladlar bəxş edəcək. Qoruya biləcəyikmi?! Bax, əsas məsələ budur...

TƏQVİM / ARXİV