adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Bu dünyada sirr axtarma...

FAİQ QİSMƏTOĞLU
1334 | 2022-04-11 12:26

Şəhid Elçin Süleymanovun qızı Xalidənin şəkli məni çox kövrəltdi

 

... Biz dünyaya gəlirik, çalışırıq, vuruşuruq, yüz əzab-əziyyətə qatlaşırıq və axırda da bir gün qovuşuruq Allahın dərgahına. Hələ heç kəs Allahın əmrindən kənara bir addım da belə ata bilməyib. Çünki hər bir addım, hər bir yeriş, hər bir duruş və hər bir iş Ulu yaradanın razılığı ilə baş verir. Və biz elə düşünürük ki, çox şey edə bilərik, istənilən məqsədə çata bilərik, eyni zamanda hər şeyi asanlıqla qazanmağı bacararıq. Amma onu düşünmürük ki, Allahın razılığı və istəyi olmadan biz heç bir şeyi əldə edə bilmərik...

Mənim bir bibim nəvəsi vardı – Elçin Tehran oğlu Süleymanov. Füzulidə «N» hərbi hissəsində müddətdən artıq xidmət edirdi. Kəndə gedəndə çox vaxt onlarda qalırdım. Elçin də bilirdi ki, qış vaxtında mən çox üşüyərdim və özünün yatdığı isti otağı mənə verərdi. Evdəkilərə deyərdi ki, qoy Faiq əmi bu isti otaqda yatsın, birdən xəstələnib eləyər. Elçin həmişə evə tez-tez gələ bilmirdi. Çünki hərbi xildmətdə olanda müəyyən vaxtı evlərinə qayıdar, atası Tehran, anası Xalidə ilə görüşər, bir yaşlı qızı Xalidəni duz kimi yalıyardı.

Tehranın böyük oğlu da var – Telman! Telman da yaxşı oğlandı. Amma Elçin tamamilə başdan-ayağa bal idi, şəkər idi və duz idi. O qədər duzlu oğlan idi ki, bir dəfə onunla görüşən adam əl çəkməzdi o mavi gözlü oğlandan. Mavi gözləri və qara saçları ona qeyri-adi bir yaraşıq verirdi. Amma başqaları kimi özünə heç vaxt sığal çəkməzdi. Mənimlə görüşəndə deyərdi ki, Faiq əmi, sən jurnalistsən, tez-tez cəbhə bölgəsində olursan, amma ürəyini buz kimi saxla, tezliklə böyük savaş başlayacaq və böyük savaşda biz torpaqlarımızı azad edəcəyik. Elçin bu sözləri deyirdi və düz mənim gözümün içinə baxırdı. Gözümün içinə baxırdı ki, görsün o dediklərinə inanıram, ya yox?!

Mən nəinki onun dediklərinə, hətta gördüklərimə inanırdım. Çünki 2020-ci il sentyabrın 23-də mən Füzuliyə getmişdim. Onda görürdüm ki, Azərbaycan ordusu hansı gücə, qüvvəyə, qüdrətə malikdi. Mən görürdüm ki, tanklar, BTR-lər və digər döyüş maşınları cərgə ilə Horadiz şəhəri istiqamətində hərəkət edir. Və mən görürdüm ki, o hərəkət edən tankın üstündəki əsgərləri döyüş maşınında olan gənclərimizi yolun kənarına yığılan minlərlə adam necə alqışlayır. Bax, onda Elçin Tehran oğlu Süleymanov da idarə etdiyi tankın üstündə idi. Heç kim bilmirdi ki, erməni təxribatının və xainliyinin qarşısını almaq üçün Azərbaycan ordusu sentyabrın 27-də səhər saatlarında əks hücuma keçəcək...

Bax belə, sentyabrın 27-si  Füzuli istiqamətində ağır döyüşlər başlayır. Elçin də bu ağır döyüşlərdə idarə etdiyi tankın sükanı arxasına keçərək döyüş yoldaşları ilə birgə erməni mövqelərini darmadağın edirlər. Əlbəttə, belə döyüşlərdə sağ qalmaq o qədər də asan deyil. Çünki yağı düşmən də özünü müdafiə etmək üçün bütün vasitələrdən, artireliyadan, qumbaraatandan və hətta qırıcılardan istifadə edir. Bütün bu müqavimətə baxmayaraq, sentyabrın 27-də bir çox yüksəkliyi və eləcə də Füzulinin üç kəndi erməni işğalından azad olunur. Sentyabrın 30-na kimi isə daha neçə-neçə kənd və Cəbrayıl rayonunun yaşayış məntəqələri ermənilərdən təmizlənir. Elçin də öz tankının arxasında Cəbrayıl rayonu uğrunda döyüşdə fədakarlıqla vuruşur. Sentyabrın 30-da belə ağır döyüşlərin birində Elçin Tehran oğlu Süleymanov qəhrəmancasına şəhid olur...

Aman Allah, Elçini sinif yoldaşları, döyüş dostları və ən nəhayət, böyüyüb boya-başa çatdığı Bəhmənli camaatı nə qədər çox istəyirmiş. Artıq həmin günü qədim və zəngin mədəniyyətə malik olan Bəhmənli ilk şəhidini verdi və Bəhmənli camaatı da ilk şəhidi olan Elçin Süleymanovu çiyinlərində piyada qəbristanlığa qədər son mənzilə yola saldılar. Son mənzilə yola salmaq elə də asan deyildi. Çünki şəhid qanına, şəhid ruhuna bələnmiş torpaq onu heç vaxt yaddan çıxarmırdı. Dəfndə iştirak edən hər bir adam istəyirdi ki, onu cənazəsinə heç olmasa əlini toxundursun... heç olmasa o cənazəyə əlini toxundurmaqla bir təsəlli alsın...heç olmasa Elçinin cənazənin içində olan ruhunu tərpətsin...

...Torpağını sevən, torpağına qarışan və qanı ilə bir tarix yazan şəhidlər həmişə diridilər. Çünki onlar hər şeyi hiss edir, duyur, bilir və anlayırlar. Ən azından ona görə ki, onlar uyduqları bu torpaq uğrunda, bu Vətən uğrunda, bu xalq uğrunda Allahın dərgahına qovuşurlar. Onların ruhları Allahın dərgahında olsa da, hər səsi, hər ağını, hər naləni, hər sədanı və hər pıçıltını eşidir. Eşidirlər və bilirlər.

Bilirlər ki, son mənzilə elin-obanın çiynində yollanan bu cür oğulları heç kim heç vaxt yaddan çıxarmır. Düzdü, bəzən hansısa vəzifəli şəxs bir şəhid ailəsinə qarşı diqqətsizlik edə bilər. Amma xalqın böyük məhəbbəti qarşısında bu dəryada bir damla kimi görsənir. Bəhmənlidə «məmə deyəndən, pəpə yeyənə kimi» hamı şəhidlərin ruhuna dualar oxuyur. Məgər bu azdı?! Heç elə adam var ki, doğması yadına düşmür, amma şəhidləri xatırlayır.

Dəfələrlə mən Elçinin məzarını ziyarət eləmişəm. Yaxın qohumlarımızı son mənzilə yola salanda və qəbristanlıqda dəfn edəndən sonra hamını şəhid məzarını necə ziyarət etdiyini görmüşəm. Görmüşəm ki, Bəhmənli qəbristanlığında olan bütün şəhidlər insanlar tərəfindən ziyarət olunur.

 

Dünən axşam mamaoğlu Tehran Elçinin və onun qızının şəkillərini öz statusuna qoymuşdu. O şəkili statusa qoyub-qoymamasından asılı olmayaraq, onsuz da hər gün Elçin bizim yadımızdan çıxmır. O statusa baxıb bir qədər kövrəlsəm də, ancaq bir təsəlli də tapdım. Təsəllim o oldu ki, Elçinin qızı balaca Xalidə nənəsi Xalidə ilə bayram süfrəsinin arxasında əyləşib. Uşağın şəkildəki gözlərinə baxıram. O gözlər atası Elçinin gözlərinə bənzəyir. Və indi də o gözlər atasını axtarır. Amma tapa bilmir. Bəlkə də tapır, öz xəyalında, öz dünyasında. Çünki Elçinin bir şəkli də vardı. Qızını qucaqlayıb öpür və əlindən tutub fırladır...

...Yəqin bu anlar, bu məqamlar balaca Xalidənin yadına düşməsə də, amma onu qeyri-adi bir hiss atasına yaxınlaşdırır. Kim nə deyir-desin, insan heç vaxt ölmür, o bir formadan başqa bir formaya keçir. Özü də ki, şəhidlər ola! Nə vaxtdandır balaca Xalidəni görmürəm. Ürəyim tab gətirmir onu görməyə. Amma Allaha şükür olsun ki, balaca Xalidə böyüyüb. 4 yaşı tamam olub. İndi 5 yaşın içindədi...

 

...Mən həmişə Allahın möcüzəsinə və gücünə inanmışam. Ən sıxıntılı, ən dərdli, ən ağır anlarımda Allaha sığınmışam və böyük Allah da həmişə mənə öz köməkliyini eləyib. İndi mənim mamam oğlu Tehran, qohumum Xalidə xanım, Elçinin qızı balaca Xalidə Allaha sığınıb və Allah onlara öz mükafatını da verib. O mükafat balaca Xalidədi. Çünki Elçinin qəlbi, ürəyi və hətta gözləri balaca Xalidədədi. O gözlərə bibim oğlu Tehran da, Xalidə də baxanda, hətta kövrəlsələr belə, içlərində bir inam, ümid baş qaldırır.

Nə yaxşı ki, şəhid Elçinin ömrünü yaşadan, davam etdirən bal kimi, şirin balaca Xalidə var. Və bal kimi şirin, balaca Xalidə hər an, hər dəqiqə Elçini bizə xatırladır. Hətta Elçinə məxsus bəzi  hərəkətlər də, bəzi jestlər də hiss olunur. Həm də hiss olunan odur ki, Elçinin ruhu həmişə bu evdədi. Şükürlər olsun ki, bu ocaqda, bu evdə Elçini yaşadacaq və bir daha elə-obaya sevdirəcək balaca Xalidə böyüyür. Min şükür!...  

TƏQVİM / ARXİV