adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Eskalasiyaya qarşı eskalasiya... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
487 | 2023-01-24 12:51

 

 

Rusiya-Ukrayna müharibəsi davam edir...

 

Rusiyanın Ukraynaya hücumu on bir aydır davam edir. ABŞ və onun tərəfdaşları bəyan edirlər ki, müharibənin başlamasında onların əli yoxdur. Lakin, ABŞ və Qərb nə qədər yaxaların kənara çəkmək istəsələr də, onların bu bəyanatları inandırıcı görünmür.

 

Rusiya-Ukrayna müharibəsi, əsasən ABŞ -la Rusiya arasında gedən geosiyasi rəqabətin, xüsusilə də Birləşmiş Ştatların NATO-nu genişləndirməsi və Ukraynada gedən siyasi mübarizəyə müdaxilə etməsi nəticəsində baş verdi.

 

ABŞ -ın 2008-ci ildən başlayan NATO-nun genişləndirilməsi kompaniyası, həmçinin 2014-cü ildə Kiyevin mərkəzi meydanında baş verən hadisələrə qoşulması, Vaşinqton tərəfindən ciddi və uğursuz təxribat idi.

 

Ukrayna real suverinitet qazanması və təhlükəsizliyini təmin etməsi üçün, bu dağıdıcı müharibəyə aparan yoldan qaçmalı idi. Ukrayna siyasətçiləri daha ağıllı hərəkət etməli idilər. Çünki, aydın şəkildə görünürdü ki, okeanın o tayındakı neokonservatorlar, NATO-nun ekspansiyasına çalışırlar və əmindirlər ki, bunu müharibəsiz həll etmək mümkün olacaq. Lakin onlar yanıldılar.

 

Elə bu basa-basda, müharibə eşqiylə yaşayan generallarına inanan, uzun illərdi imperiyanın bərpası xəyəlları ilə yaşayan Rusiya Federasiyasını prezidenti Vladimir Putin də, ABŞ -ın təxribatlarına uyaraq Ukraynaya qoşun yeritməkdə yanıldı. Hakimiyyətə gəldiyi gündən, dünya bazarlarında enerji məhsullarının qiymətlərinin bahalaşması ilə bağlı Rusiya iqtisadiyatını nisbətən dirçəldən Vladimir Putin, diqqətini sovetlər birliyi dağılandan sonra çöküş dövrünü yaşayan hərbi sənaye sahəsinin inkişafına yönəltdi.

 

Rusiya prezidenti, imperiyanın bərpası xəyallarını həyata keçirmək üçün hərbi sənaye kompleksinə yüz milyardlarla dollar vəsaitlər ayırdı. Lakin, indi məlum olur ki, ayrılan vəsaitlərin çox hissəsi korrupsiyaya uğramış geniralitetin xarici bank hesablarına, ofşor hesablarına köçürüldü.

 

Müharibənin davam etdiyi on bir ay ərzində yüz minlərlə hərbiçisini - ölən və yaralılanan - itirən Rusiyanın Müdafiə Nazirliyi, elan olunan "qismən səfərbərlik"lə bağlı, orduya çağrılan 300 min hərbiçini silah-sursat bir yana, heç vacib olan hərbi geyimlə belə təmin etməkdə çətinliklər yaşadı...

 

Mövcud vəziyyət göstərir ki, tərəflər istəməsələr də belə, hazırda yalnız müharibəni hələ uzun müddət davam etdirmək niyyətindədirlər. Çünki, müharibənin bitməsi üçün, ilk növbədə NATO Rusiya sərhədlərinə doğru genişləndirmə planlarından əl çəkməli, Putin isə Ukrayna ərazilərindən qoşunlarını geri çağırmalıdır. Krım məsələsi isə danışıqlar masası ətrafında cözülməlidir. Rusiya və Ukraynanın dövlət başçıları buna hazırdılarmı? Bu gün üçün demək olar ki, yox...

 

Rusiya aqressiv şəkildə cəbhədə hərbi üstünlüyə nail olmağa çalışır. Bu isə ciddi eskalasiyanın yaranacağı deməkdir. ABŞ və Avropa İttifaqı isə, Rusiyanın bu həmlələrinin qarşısını almaq üçün, Ukraynaya milyardlarla dollar dəyərində ən müasir zenit-raket komplekslərini, yeni nəsil tank və toplarını göndərməkdədir. Yəni, eskalasiyaya qarşı eskalasiya, müharibə qeyri - müəyyən vaxtadək davam edəcək.

 

Sadəcə anlaşılmayan odur ki, Rusiya və Ukrayna siyasətçiləri heç düşünürlərmi, istər praktiki, istərsə də tarixi nöqteyi nəzərdən bunun hər iki ölkəyə xeyri olacaqmı?...

 

Rüstəm Hacıyev

TƏQVİM / ARXİV