Azərbaycan Çempionatının 6-cı turunda «Qarabağ» «Sabah»i qəbul etdi. Çox gözəl bir oyun oldu. Əsl derbi idi. Elə bil «Barselona» ilə «Real» oynayırdı. Bir oyunda 7 qol. Heç bir komanda bir-birindən çəkinmirdi, açıq futbol gedirdi. Birinci hissənin 43-cü dəqiqəsində «Sabah»ın oyunçusu qırmızı vərəqə alıb oyunu tərk etdi. Təxminən ondan sonra «Sabah» 50 dəqiqə 10 nəfərlə oynadı. Amma qorxmadı, çəkinmədi və müdafiəyə də çəkilmədi. Nəticədə iki gözəl qol vurdular. Bundan sonra Qurban Qurbanov güclü torpedalarını işə saldı. Və «Sabah» müdafiəyə çəkildi. Bu da ona baha başa gəldi və nəticədə daha 2 top buraxdılar.
«Qarabağ» qalib gəldi, amma heç-heçə daha ədalətli olardı. Mən «Qarabağ»ın fanatı olsam da «Sabah» elə gözəl oynayırdı ki, heç istəmirdim uduzsunlar.
Ümumiyyətlə, Murad Musayev gözəl bir komanda yaradıb, özünün oyun üslubu var, komanda fiziki cəhətdən də güclüdür. Belə görünür ki, «Sabah» çempionluq uğrunda mübarizə aparır.
Uduzmalarına baxmayaraq, gözəl oyuna görə Murad Musayevi və «Sabah» komandasının futbolçularını ürəkdən təbrik edirəm.