adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ARVADLA MƏSLƏHƏTLƏŞDİM, RAZIYAM - Aqil ABBAS yazır

AQİL ABBAS
698 | 2022-11-04 09:14

Kişinin üz-gözündən sevinc tökülə-tökülə girir evə və evə girən kimi də qol açıb oynayır.

Arvad da mat-məəttəl baxır. Heç vaxt kişini belə sevincək görməmişdi:

- Nolub, ay kişi?

- Arvad, bir az asta, qonum-qonşu eşidər.

- Nolub, poz-qazandan nəsə udmusan?

Kişi yayxınır divana:

- Hələ ordan bir stəkan çay gətir, indi deyəcəm. Amma heç kəsə demə. Yoxsa nə qədər qohum-əqrəba var tökülüb gələcək.

Arvad qaçır mətbəxə, tez xoruzquyruğu bir çay gətirir, sonra yenə qaçır mətbəxə, mürəbbə gətirir.

Kişi nə fikirləşdisə:

- Arvad, bu çayla düzələn iş deyil. Ordan bir Şirvan konyakı gətir, yanında da şokolad.

- Ay kişi, ürəyim partladı, de görüm, nolub?

Kişi səsini bir qədər aşağı salır və deyir:

- Arvad, yuxarıdan gəlirəm. Sabah məni nazir qoyacaqlar.

Arvad o dəqiqə özünü nazir arvadı kimi hiss edir, xoşhallanır, durub konyak gətirir, iki bakala süzür və deyir:

- Baldızlarımın ürəyi partlayacaq.

Kişi:

- Sənin də dərdin-sərin elə mənim bacılarım olsun!

Nazir olmağın şərəfinə badəni qaldırırlar, bu vaxt qapının zəngi çalınır. Gələn böyük bacısının oğludu, bir az da kefi yoxdu, salam-kəlamsız deyir:

-Dayı, eşitdim səni nazir qoyurlar?!

- Hardan eşitdin, ay köpəyoğlu?

- Saytlarda yazıblar.

- Ə, nə sayt?

- Sayt də sayt. Yazıblar ki,etibarlı mənbədən aldığımız xəbərə görə filankəs filankəsovu nazir təyin ediblər.

Dayı dodaqlarını büzüb deyir:

- Ə, bu nə etibarlı mənbədir ki, mənə deyir sərəncam çıxmayanacan heç arvadına da demə, amma artıq saytlar yazıb. Sənin etibarlı mənbəyinə…

Bacıoğlu əlindəki çantadan bir topa pul çıxarır, qoyur stolun üstünə.

Dayı:

- Bu nədi, ə, qırışmal? Hələ nazir olmamış mənə rüşvət gətirmisən?

- Dayı, dədəm-nənəm sənə qurban , bu sən dediyin rüşvətlərdən deyil, bu ayrı rüşvətdi. Nazir olub pul qazanmayacaqsan, mən bəri başdan sənə bir əlli min dollar gətirmişəm ki, sən Həzrət Abbas, get atkaz elə.

- Niyə, ə?

- Dayı, birtəhər bir şirkət yaratmışam, şəhərdə üç-dörd yerdə obyektim var, krışam da var, başımı aşağı salıb balalarımı dolandırıram. Olassan nazir, sonra işdən çıxardacaqlar, onda mənim də əskimi göy əskiyə bükəcəklər. Şirkəti də əlimdən alacaqlar, obyektləri də. Odur ey, vergilər nazirini işdən çıxaran kimi nə qədər qohum-əqrəbası vardı hamısını işdən çıxartdılar. Hələ də işləri prokurorluqdadı, analarından əmdiyi südü burunlarından gətirirlər.

Bu vaxt qapının zəngi yenə çalınır. Gələn qardaşı oğludu. O da əlində çanta girir içəri, gəlib əmisini öpür, oturur, özünə konyak süzür və deyir:

- Əmi, sənin sağlığına. Eşitdim nazir gedirsən?

- Bəs, sən hardan eşitmisən?

- Bütün saytlar yazıb.

- Bu sayt çıxaranın lap atasına lənət.

Qardaşı oğlu çantanı qoyur stolun üstünə və deyir:

- Əmi, burda yüz min dollar pul var.

- Sən də rüşvət gətirmisən?

- Yox ey, gətirmişəm ki, bu pulu götür, get atkaz elə.

Əmi:

- Deyəsən, sizin başınız xarab olub.

- Yox, əmi, başı xarab olan deyəsən sənsən? İlin-günün bu vaxtı nazir gedərlər? Sonra da keqebe gəlsin, başına çuval keçirdib aparsın, biz də əsir-yesir gününə düşək? Zorla bir şirkət yaratmışam, evlər tikirəm, əməlli-başlı pul qazanıram. Səni işdən çıxaran kimi tikdiyim binaları ya sökəcəklər, ya da tutub əlimdən alacaqlar. Nazir olanda pul qazanmayacaqsan, elə bəri başdan yüz min dollar verirəm də. Görmədin gömrük naziri özündən əvvəlki nazirin bütün adamlarını işdən çıxartdı özünkünü gətirdi, indi də onları təmizləyirlər.

Arvad sakitcə keçir mətbəxə, qapını örtür ki, səsini eşitməsinlər, telefonda qonşunu yığır:

- Qonşu, xəbərin var, bizim kişini nazir qoyublar.

- Sən Həzrət Abbas?

- Hə, vallah. Deyiblər ki, amma heç kəsə demə. Bilirəm, ərin işsizdi deyəcəm sürücü götürsün.

Qonşu:

- Allah balalarını saxlasın, - deyir və sarılır telefona.

Beş dəqiqə keçməmiş yenə qapının zəngi çalınır. Açırlar, bir nəfər əlində tort, bir dənə də «Napoleon» konyakı:

- Bunu binanın altındakı bonapititin zaveduşisi göndərdi. Təbrik edir.

Kişi quruyub qalır. Bir daha söyür.

- Bu saytları çıxaranın lap atasına lənət.

Oturublar, hərə bir məsləhət verir. Əl telefonu zəng edir. Kişi telefona baxır və əlini atır dodağına ki susun:

- Qayınatadı. İstanbuldan zəng edir.

- Kürəkən, gözümüz aydın. Allaha şükür, təbrik edirəm. Bayaqdan İstanbulda iyirmi, otuz dost zəng edib məni təbrik edir . Mən də düşmüşəm şəhərin ən bahalı mağazalarına sənə əntiqə bir kostyum almışam, bir köynək, bir dənə də qalstuk. Hamısı Ərdoğanın geydiyindəndi. Sabah gəlirəm, dedim elə birinci bu bahalı kostyumu geyinib işə gedərsən.

- Ağsaqqal, hələ heç nə yoxdu.

- Di yaxşı, mənə də yox də. Əkrəm İmamoğlu da zəng eləmişdi, sənə salam deyir.

Kişi əsəbi halda:

- Kamal Kılıçdaroğlu zəng eləməmişdi?

- Yox əşi, o müxalifətdi, zəng eləsə də telefonu götürmərəm.

- Əkrəm də müxalifətdi də.

- Ağlına dua yazım, Əkrəm müxalifət olsaydı bu boyda İstanbulu ona tapşırmazdılar. Di salamat qal, səhər tezdən uçuram.

Kişi telefonu söndürüb başını bulayıb deyir:

- Deyəsən, elə axırıncı bilən mən olmuşam!

Yenə qapının zəngi çalınır. Bacanaq başılovlu girir içəri. Salam-kəlamsız:

- Sənin qadan alım, nə qədər gec deyil get atkaz elə. Bizi zibilə salma.

- Ə, sizi niyə zibilə salıram?

O da əlindəki çantanı stolun üstünə qoyub deyir:

- Bax, nazir vəzifəsi sənin nəyinə lazımdı? Evin var, eşiyin var, mersedesin var, obyektlərin var, oğlanların xaricdə oxuyur, Bodrumda villan var, day nə istəyirsən? Pul lazımdı, deynən pul verək də. Bax bu çantada yüz min dollar pul var, götür , halal xoşun olsun, amma sən Ətağanın cəddi , get atkaz elə.

- Ə, dəmşalaq, niyə? Sənə vəzifə versələr atkaz edərsən?

- Vəzifəni neynirəm? Bakıda ən böyük şadlıq sarayı mənimkidi. Hələ iki dənə də mərasim zalım var ki, şadlıq sarayından çox xeyir verir. Özün bilmirsən, ölənlərin sayı toy eləyənlərin sayından çoxdu? Səni nazir vəzifəsindən çıxaran kimi şadlıq sarayımı vergilər bağlayacaq. Əlimdə-ovcumda nə var tutub alacaqlar, qalacam ortalıqda. Nazir olub pul qazanmaq istəmirsən, elə bəri başdan mən verirəm də.

Yenə qapının zəngi çalınır. Gələn qardaşıdı. İçəridəki tünlüyü görüb çaşır:

- Deyəsən, mən gecikmişəm,- deyib Kişini öpür və deyir:

- Qaqa, qurbanın olum, bizi çevir balalarının başına, bizə yazığın gəlsin. Get atkaz elə. Keqebenin sədrindən böyük adam olacaqsan? Görmürsən, bütün yan-yörəsində olanları yığıblar türməyə. Mənim nəinki türməlik , heç kepezelik halım yoxdu. Yekə kişisən, o boyda universitet qurtarmısan, yan-yörəndə gözü çıxan qardaşları görmürsən? Qəzet oxumursan, görmədin ki, elə dünən keqebe Mədəniyyət Nazirliyini necə şimon elədi?

Kişi:

- Ayə, ay camaat, mən düz işləyəcəm. Dövlətin bir malına da əl uzatmayacam . Sizin də heç birinizə heç bir kömək etməyəcəm. Nə təhər dolanmısınız gedin dolanın. Qapını hamınızın üzünə bağlayacam. Əl çəkin məndən.

Oturanlar hamısı bir-birinə baxır, sonra hamısı qalxır ayağa, kinayə ilə Kişini süzüb deyirlər:

- Ə, day onda niyə nazir olmaq istəyirsən ki?

Və sonda.

Kişi elə gecəynən telefonu götürüb lazım olan adama zəng edir:

- Mən arvadla da məsləhətləşdim, təşəkkür edirik. Razıyam.

TƏQVİM / ARXİV