adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

AQİL ABBAS: PREZİDENT İLHAM ƏLİYEV  YENƏ  FUTBOLAMI QARIŞMALIDIR?!

AQİL ABBAS
498 | 2022-06-06 13:15

Mətbuatda oxudum ki, «Neftçi»yə baş məşqçi axtarırlar. Krasnodardanmı-hardanmı De Byazi kimi  birini  tapıblar, o da gəlib Bakını gəzib, şəhərdən  çox xoşu gəlib, mətbəximiz lap ləzzət edib. Deyib ki,  basdırmanızdan, quzu kababınızdan, ikranızdan çox xoşum gəldi. Razılaşıb, amma bir şərt qoyub. Deyib ki, özümlə bir «ZİL-130» məşqçi də gətirəcəm – 9 dənə.  Yəni nə qədər  işsiz qohum-əqrəbası var onları da gətirəcək basdırma yeməyə, quzu kababı, ikra yeməyə.

Deyiblər çoxdu, bir az azalt, heç  olmasa 7+2 olsun, deyib bir dənə də keçmərəm.

Sözləri  düz gəlməyib qayıdıb gedib.  Gedəndə də deyib ki, arxamca elçi  göndərməyin, yoxsa bu dəfə bir avtobus  məşqçi gətirəcəm.

Bizim məşqçilərə  deyəsən it dəyib.

Samir Abbasov ötən il «Neftçi»yə qızıl medal qazandırdı, bu il də gümüş medal. Düzdür, bir az çılğındı, bir az ağzının qaytanı  yoxdu, amma ürəyi yanır  futbolumuz üçün, «Neftçi» üçün.  Hansı  komandada olsa o komanda  üçün. Yəni bu  adam  futbol  adamıdı, De Byazi deyil, nə də Baqa.

Bir çempion yeri var, 8 komandanın  hamısının məşqçisindən tələb etməli deyilsiniz ki, o bir yeri  səkkiziniz də tutmalısınız. Deməli, kim çempion  olmasa  qalan 7 komandanın  məşqçiləri danlanmalıdı, söyülməlidi, işdən çıxarılmalıdı.

PRO kateqoriyalı Tərlan Əhmədov «Neftçi»ni sonuncu  pillələrdən götürdü gətirdi   gümüş medal aldı.  Dedilər, yaxşı yol.  İndi  küçədə  itə daş atır.  PRO kateqoriyalı «Qəbələ»ni formalaşdıran Ramiz Məmmədov - deyəsən  o da it daşlayır. Bilmirəm daha kimlər – yunishüseynovlar, vəliqasımovlar, elə  Vaqif Sadıqovun özü (Vaqif Sadıqova AFFA-da bir iş veriblər dinməz-söyləməz oturub  maaşını  alır) və kimlər oxuyublar,  kateqoriya alıblar, amma onlar  bizə  lazım deyil, qoy gedib it daşlasınlar. Bizə De Byazi lazımdı, Baqa  lazımdı.

Legionerlərin  sayını da artırdıq. İndi milli komandada  nənəm də  oynayacaq.

O da qalıb Ağdamda. Allaha  şükür ki, Ayxan Abbasova, o Ayxan Abbasova ki familiyamız birdi ha, nə Ayxanla, nə də Samirlə qohumluğumuz yoxdu, heç  olmasa  komanda verdilər.

Cavid Hüseynov da bir gözəl  «Cəbrayıl» komandası yaratdı, indi gətiriblər  «Neftçi»nin U-19-na. Dostum, gərək elə «Cəbrayıl»da qalaydın, onu birinci divizyona çıxaraydın, sonra da Azərbaycan çempionatına.  Necə ki Əhməd Ələsgərov vaxtilə «Çernomorets»i  1-ci Liqadan götürdü , sonra yüksək liqaya çıxartdı, sonra da  deyəsən  ya gümüş aldı, ya bürünc. Sonra gəldi «Araz»a (Naxçıvana), onu qaldırdı, ordan da  gəldi «Neftçi»yə.

İndi gəlmisən «Neftçi»yə və «Cəbrayıl» komandası  dağılacaq. Futbol  komandası   şirkət deyil ki, gedəndə  yerinə adam qoyasan, o şirkət sənin ola və yenə də işləyə.

Nə isə. Azərbaycan futbolu can verir. Gərək  bir belə  problemlərin içində  ölkə prezidenti Cənab İlham Əliyev bununla bağlı  yeni bir  sərəncam  imzalaya?  Və özü  dünyanın bu  pis vaxtında, dünyada  gedən prosesləri, siyasəti bir kənara qoya yenidən Azərbaycan futboluylamı maraqlana?

Bunun üçün  AFFA var, De Byazinin, Baqanın AFFA-sı. Bəlkə oturalar , fikirləşələr və çıxış yolu  axtaralar, tapalar.

Əgər tapa bilsələr.

 

TƏQVİM / ARXİV