adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: NİYƏ HƏMİŞƏ PİS ŞEY AXTARIRIQ…

AQİL ABBAS
552 | 2022-04-25 14:09

Saytlarda, sosial şəbəkələrdə bir video paylaşıblar. «Baku TV»nin müxbiri Mübariz Aslanov Zelenskinin metroda keçirdiyi konfransda Ukrayna prezidentinə bir sual ünvanlayır. Sual qalıb qıraqda, onun belə bir mətbuat konfransına düşməyi, ön cərgədə oturmağı, sualda Azərbaycanı xatırlatmağı qalıb kənarda, düşüblər üstünə ki, rus dilində qrammatik danışmır.

Bir tərəfdən rus dilinin əleyhinə gedirlər, digər tərəfdən də kimisə rus dilini bilməməkdə günahlandırırlar.

Bizim Ukraynadakı səfirliyimizin əməkdaşlarının çoxu, başda səfir Elmira Axundova olmaqla hələ güllə səsi eşitməmiş bu ölkəni tərk edəndə «Baku TV»nin bu əməkdaşı yollanıb Ukraynaya, birbaşa bombaların, raketlərin, güllələrin altına, öz vəzifə borcunu yerinə yetirməyə. Və iki aydan çoxdur ki, ölümü gözünün qabağına alıb reportajlar hazırlayır Azərbaycan tamaşaçıları üçün. Həm də özəl televiziya işçisidir. Getməyə də bilərdi.

Onun da ailəsi var, yəqin ki övladları var, valideynləri var. Və bu müddətdə görün onun valideynləri, ailəsi nə çəkir. Allah eləməmiş hər bir an ölüm xəbəri gələ bilər.

Bəs, rus dilini qrammatik bilən jurnalistlər hardaydı?

Allahın amanında, Həzrət Abbasın zamınında ol, qardaş. Qısqanclıqdan və paxıllıqdan gələn belə şeylərdən də dilxor olma.

TƏQVİM / ARXİV