adalet.az header logo
  • Bakı 20°C

ABŞ Avropanı tələyə salıb - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
380 | 2023-01-05 12:36

Avropalılar artıq anlayırlar ki, ABŞ onları Rusiya ilə münaqişəyə cəlb etməklə tələyə salıb. Ağ Evin İllər öncə hazırladığı Rusiya -Ukrayna münaqişəsinin iki slavyan dövlətləri arasında qanlı müharibəyə çevrilməsi və Avropanın aparıcı dövlətlərinin də bu münaqişəyə birbaşa cəlb edilməsi, artıq kütləvi iqtisadi böhranın yaranmasına səbəb oldu.

Tezliklə NATO -ya üzvlüyə qəbul olunacaqları vədləriylə Ukraynanı yoldan çıxaran, təsir dairələrində olan beynəlxalq KİV-ləri vasitəsiylə (eyni zamanda Rusiyanın aparıcı KİV-lərində, dövlət qurumlarında və ən əsası ordunun başında duranların arasında fəaliyyət göstərən agentləri vasitəsiylə), Kremlin "məğlubedilməz ordusunun" gücünü şişirtməklə Rusiya Federasiyasının prezidentini də yoldan çıxarmağı bacaran ABŞ, istəyinə nail oldu.

Ən maraqlısı, Rusiya silahlı qüvvələrinin Ukrayna ordusindan dəfələrlə güclü olduğunu, müharibə başlayarsa, bir neçə gün ərzində paytaxt Kiyevi almaqla Ukraynanı diz çökdürəcəyi təbliğatı, məhz Rusiyanın dövlət telekanalları və kütləvi informasiya vasitələri tərəfindən aparılırdı. Ordu generalları isə, "imperiyanın bərpası" xəyalları ilə yaşayan prezident Putini də, tezliklə Ukraynanın işğal edilməsilə NATO dövlətlərini də yerlərinə oturacaqlarına inandıra bildilər.

Uzağı bir həftəyə Ukraynanı işğal edəcəklərinə güvənən Rusiya artıq bir ilə yaxındır ki, Ukrayna bataqlığından çıxa bilmir və yaxın vaxtlarda çıxa biləcəkləri də inandırıcı görünmür. Müharibədə on minlərlə həm canlı , həm də hərbi texnikalarını itirməkdə davam edirlər. ABŞ və Avropa İttifaqı tərəfindən onlara qarşı tədbiq olunan ağır sanksitalar paketləri ölkəni çox ağır vəziyyətə salmaqdadır.

Yuxarıda qeyd etdiyimiz kimi,ABŞ-ın təhrikiylə Rusiya ilə münaqişəyə girən Qərb də, artıq tələyə düşdüklərini anlamağa başlayıb. Fransanı İkinci Dünya müharibəsindən çıxaran, bu gün də Fransanın fəxri sayılan, adı dillər əzbəri Şarl de Qollun nəvəsi Pyer de Qoll, özünün Twitter səhifəsində bəyan edib ki, "ABŞ -ın təbliğat maşınını işə salaraq, öz agentləri vasitəsiylə Avropanı Rusiya ilə müharibəyə çəkməyi bacardı".

Pyer de Qoll daha sonra bildirib ki, Qərbin Rusiyaya qarşı "sui-qəsdə" hazırlıq planları çoxdan hazırlanıb. O, vəziyyəti "əsl iqtisadi müharibə" kimi qiymətləndirərək əlavə efib ki, bunda qazanan yalnız Birləşmiş Ştatlar olacaq.

Qazananın kimlər olacağını təbii ki, zaman göstərəcək. Hər iki tərəf - həm Rusiya, həm də Ukrayna üçün - sonu görünməyən üzücü müharibə isə davam edir.

 

 

TƏQVİM / ARXİV