adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Noyabr 2021 15:13
2502
MÜSAHİBƏ

Zaur Əliyev: “Ağdam rayonunun Şahbulaq kəndi yaxınlığında XVII əsrə aid qala necə “Tiqranakert çar bulaqlarının parkı" ola bilər?”

Ermənistan mətbuatı Azərbaycana qarşı saxta təbliğat aparmaqda davam edir və hər gün bir yeni şayiə, yalan dövriyyəyə buraxır. Erməni mediası yenə də əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan, onun göstərişi ilə inşa edilən Ağdamın Şahbulaq qalasına qarşı əsassız iddialar irəli sürür, onu “Tiqran şahın iqamətgahı” olaraq qələmə verir.

İddia edirlər ki, azərbaycanlılar 44 günlük müharibədən sonra “Tiqran şahın iqamətgahı”nı, “tarixi bir abidə”ni  “kababxanaya çeviriblər”.  Ermənistan tərəf iddia edir ki, erməni arxeoloqlarının qazdığı yerlərdə guya azərbaycanlılar“ manqallar yerləşdirib və kababxana açıblar”.

Ermənistan mediası bunu Azərbaycan jurnalistlərindən birinin YouTube-də yaydığı videoya istinadən bildirdiklərini deyirlər.

Ermənistan tərəf iddia edir ki, Azərbaycan, guya “mədəni irsin tarixini və bütövlüyünü, eləcə də çoxsaylı beynəlxalq konvensiyaları, o cümlədən YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Konvensiyasını pozub”. Ermənistan mediası beynəlxalq təşkilatları “Azərbaycanı dayandırmağa” çağırıb. Əslində bu, ermənilərin özlərinin əməlləridir, öz adlarını başqasına qoyurlar.

Qeyd edək ki, Ermənistan mediası əslində ermənilərin etdiklərini azərbaycanlıların üzərinə yıxır. Ərazilərimiz işğaldan azad edildikdən sonra Şahbulağa səfər edən jurnalist və ekspertlərin sözlərinə görə, ermənilər özləri Şahbulaq qalasında rəqs meydançası, restoran və başqa bu kimi gəlir gətirən nöqtələr açıb pul qazanlarmış. Şübhəsiz, erməni mətbuatının Şahbulaq qalasını “Tiqran şahın iqamətgahı”, “Tiqranakert çar bulaqları parkı” kimi qələmə verməyə cəhdlər etməsi onların bu ərazinin “Tiqranakert olduğu” xülyasından, iddiasından əl çəkmədiyini açıq şəkildə göstərir. Vaxtilə özlərinin həmin əraziləri restorana, yeyib-içmək yerinə, gəlir mənbəyinə çevirdiyini ört-basdır etmək istəyirlər, bu baxımdan da Azərbaycana şər atırlar.

  • “Bu sadəcə gülünc iddiadır”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirdi ki, bu da növbəti erməni saxtakarlığıdır: “Geniş ictimaiyyətə məlumdur ki, erməni saxtakarlıqlarının diapazonu və coğrafiyası olduqca genişdir. Tarixi zaman kəsiyində erməni yalanları siyasətdən tutmuş gündəlik həyatımıza, tarixi abidə və şəxsiyyətlərə, coğrafi adlara, dini abidələrə, mədəni irsə, heraldikaya, numizmatikaya, kulinariyaya sirayət edir. Bir sözlə, yalan üzərində qurulmuş miflər bütün sahələri əhatə edir. Eyni zamanda, bu saxtakarlıqlar və analoji olaraq mənimsəmə iddiaları təkcə Azərbaycana və Türk dünyasına deyil, ermənilərin təmasda olduqları digər xalqlara da qarşı yönəlib”.

Z.Əliyevin sözlərinə görə, hay-ermənilərin Qafqazda özlərini yerli xalq kimi təqdim etmək cəhdləri isə regionda digər xalqların tarixinin məqsədyönlü şəkildə saxtalaşdırılmasına, özgə dəyərlərinin, tarixi-mədəni-dini irsin erməniləşdirilməsinə və assimilyasiyaya səbəb olub. “Təsadüfi deyil ki, yaşadığımız regionda elə bir xalq və ya dövlət yoxdur ki, ermənilərin onlara qarşı hər hansı bir iddiası olmasın.

Ermənilərin Şahbulaq qalası ilə bağlı iddiaları dediklərimizi sübut edir. Azərbaycanda, Ağdam  rayonunun Şahbulaq kəndi yaxınlığında XVII əsrə aid qala necə “Tiqranakert çar bulaqlarının parkı" ola bilər? Bu sadəcə gülünc iddiadır. Bu qalanı Qarabağ xanlığının banisi Pənahəli xan tikdirib. Yeganə giriş yolu şərq tərəfdən olan bu qalanın müdafiə divarlarının hündürlüyü 7 m, bürclərinin qəlbiliyi isə 8,5 metrdir. Şahbulaq qalası 20 noyabr 1751-ci il - 7 noyabr 1752-ci il tarixləri arasında inşa edilib. Əhməd bəy Cavanşir Pənahəli xanın öz iqamətgahını Bayat qalasından Şahbulaq qalasına 1752-ci ildə köçürdüyünü yazır.

M.C.Cavanşir "Qarabağ tarixi" adlı əsərindəki "Rəhmətlik Pənah xan tərəfindən Qarabağda inşa edilmiş abidələr və binalar haqqında" adlı bölmədə qeyd edir: “Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir."

SSRİ dövründə Ağdam rayonuna gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan, bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi”.

Z.Əliyev qeyd edir ki, Şahbulaq qalası da rayonun daxilində idi və erməni işğalçıları abidənin daxilində olan məscid, hamam və bulaqları dağıdıblar: “Şahbulaq qalası təmir edilmiş, ermənilər tərəfindən kilsə kimi istifadə edilirdi işğal illərində ...

Şahbulaq qalası işğal dövrü ermənilər tərəfindən ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdəndir. İşğal dövrü qalanın divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcə də daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub.

Pənahəli xan öz iqamətgahını Şuşaya köçürdükdən sonra  Şahbulaq qalası tədricən tərk edildi. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. 2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutu Joreza Xaçaturyan, Lyuba Kirakosyan, Ayka Akopyan və Vardqesa Safaryandan ibarət daha bir qrup işçisini Azərbaycanın işğal olunmuş Şahbulaq yaylağına ezam etdi. Burada onlar Hamlet Petrosyanın qrupu ilə birləşərək Şahbulağın Şimal hissəsində qazıntılara başladılar və qısa bir müddət sonra uydurma "Tiqranakerti" “nəhayət ki, tapdıqlarını” xəbər verdilər. Lakin sonra daha bir biabırçı hadisə baş verdi. Məlum oldu ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər. Ermənilərin çaşqınlığı o yerə çatıb ki, nə etdiklərini unudaraq özlərinin xaç nümunələrini daşların üzərinə deyil, alt oturacaqlarına (hörgünün arasına) qoyublar. Bütün bunların şahidi olan beynəlxalq ekspedisiya üzvləri sadəcə gülərək, qazıntını tərk etmişdilər. Bu "tapıntını" toya-bayrama çevirən Ermənistan rəhbərliyi isə, hətta Azərbaycanın Şahbulaq yaylağının adını dəyişərək Tiqranakert adlandırmağa başladı. Halbuki, tarixçilər Tiqranakerti Azərbaycanda deyil, Şərqi Anadoluda lokalizə edirlər. II Tiqranın birdən-birə Qarabağda peyda olması xəbərinin az-çox tarixdən xəbəri olan adamlar nə qədər mənasız olduğunu anlayırlar. II Tiqran nəinki fiziki və coğrafi baxımdan, heç mənəvi baxımdan da Azərbaycanda ola bilməzdi. Ermənilərin öz əlləri ilə viran qoyduqları Ağdam rayonunun Şahbulaq yaylağının xarabalıqları arasında Tiqranı araşdırmaq üçün apardıqları arxeoloji qazıntılar ərazi etibarı ilə "Şahbulaq Qıfılı" memarlıq abidələri kompleksini əhatə edir. Bu tarixi abidə haqqında məlumat isə çoxdan tarixi mənbə və ədəbiyyatlarda əks olunub ki, bunu yuxarıda qeyd etmişik”.

İradə SARIYEVA