adalet.az header logo
  • Bakı 16°C
06 Iyul 2022 10:12
1160
ƏDƏBİYYAT

YAZA BİLƏN YAZIÇI

“YAZA BİLMƏYƏN YAZIÇI” KİTABININ MÜƏLLİFİ PƏRVANƏ BAYRAMQIZI

 

Kitaba ad qoymaq, məqaləyə başlıq seçmək çox çətindir. Bunun özü də xüsusi istedad tələb edir. Adın gözəlliyi o qədər cəlbedici olmalıdır ki, oxucunu ilk baxışdanca özünə çəksin. Gənc nəslə məlumat üçün onu deməliyəm ki, Sovetlər dönəmində ən yüksək tirajlı, populyar, oxunaqlı “Komsomolskaya pravda” qəzetində mövzulara başlıq qoyan ayrıca bir şöbə fəaliyyət göstərirdi və o qəzetdəki başlıqlar nəzər-diqqəti çəkən olurdu. Adından çox şey bəlli olur.

Pərvanə Bayramqızının yazılarını qəzet və saytlardan çox oxumuşdum, gözləyirdim ki, bunlar nə vaxtsa ümumiləşdirilib kitab halında çap olunacaq. Elə də oldu. Həcmcə bu kitabın (ölçüləri də fərqli) adını eşidən kimi çox sevindim: standartçılıqdan, yüz dəfələrlə deyilmiş ifadələrdən tamam uzaq, yeni bir ad hamını düşündürməyi bacardı. Doğrudan, o necə yazıçıdır ki, yaza bilmir? Bəlkə yazıçının əsərləri o qədər bərbaddır ki, heç üzə çıxası deyil?

Bu ad oxucunu neçə cuallara cavab axtarmağa vadar edirdi və mənə elə gəldi ki, Pərvanə xanım elə ilk addımlardan uğur qazanan qələm sahibidir.

Pərvanə Bayramqızı ədəbi aləmdə ilk addımlarını cəsarətlə atan istedadlı gənclərdən biridir. Özünəməxsus təhkiyə üsulu, mövzu seçimi, bədii üsullardan məharətlə istifadə edən Pərvanə xanımın səbri, emosionallığı, yazılarından hiss olunur: bu yazılarda dövrün, zamanın uğurları ilə yanaşı problemləri və çatışmazlıqları, yer üzünün əşrəfi sayılan insanın mənəvi və psixoloji durumları, dörd yol ayrıcandan düzgün yolu seçmək bacarığı yazıçıya xarakterik olan cəhətdir.

İstedad və zəhmət! Bu iki cəhət P.Bayramqızında öz vəhdətini tapır. Əgər istedadı ilahi vergi, irsən keçən hal hesab etsək, məsələnin ikinci tərəfi artıq Pərvanə Bayramqızının özündən asılı idi. Yuxusuz gecələr, sözün nazını çəkməklə dəyərini bilmək, öz üzərində çalışmaq, mütaliə! Mən ona inanıram ki, P.Bayramqızı ən çox mütaliə edənlərin sırasında öncüllərdən biridir. Əvvəl orta məktəb illərində məktəb kitabxanasındakı kitablar, Gədəbəyin saf, şəffaf havası, suyu, torpağı, insanları! Bunun özü də bir həyat məktəbidir! Möhkəm özüllərə əsaslanan bir yazıçı ömrünün pillələri sonradan daha da bərkidi, mətinləşdi.

İxtisasca kitabxanaçı olan Pərvanə xanım artıq kitabların arasında özünü daha rahat hiss etməyə başlayır və bu onun yaradıcılığına güclü rezonans yaratmaqla onu ilhamlandırır, yaradıcılıq təkanları verir.

Yaşadığı cəmiyyətdə baş verənlər Pərvanə Bayramqızının qələmindən kənarda qalmır və onun münasibətini bilmək olduqca maraqlıdır. Bənzərsiz ifadə, bənzərsiz yanaşma! Odur ki, onun söz dünyasını duymaq üçün yazını birnəfəsə, başdan sonacan oxuyursan.

Qarabağ savaşı haqqında onun hekayə və esseləri çoxdur. “Azərbaycan” jurnalında çap olunan “Xof” hekayəsində: “Bu, müharibə və insanlıq haqqında bir hekayədir. Hansı dilə çevrilsə, o xalqın hekayəsi olsun” – deyir müəllif. Müharibənin anatomiyası, bəşəriyyətə vurulan faciələr və bunlardan yan keçməyin yolları hekayədə bədii həllini tapır. Qəhrəmanlıq salnaməsi yaradan müzəffər Azərbaycan ordusunun zəfərinə həsr etdiyi bədii və publisistik qeydlər yazıçının vətəndaş mövqeyini açıq-aşkar göstərir.

Pərvanə Bayramqızı söz adamıdır, özü də təpədən dırnağa kimi. Mənə elə gəlir ki, söz onun yol yoldaşıdır – işləyəndə, yol gedəndə də, düşünəndə də, Günəşə, yağışa, qara boylananda da. Zənginliyi yazılarında özünü göstərir və mən onunla tanışlıqdan fəxarət duyuram. Aramızda sanki yaş fərqi yoxdur, o cavankən özünü ədəbiyyatın aparıcı simaları ilə yanaşı, bir dəstədə aparır. İnanıram ki, az bir vaxt ərzində öncüllərin cərgəsində olacaq. Bunun üçün lazım olan parametrlər onun şəxsiyyətində öz əksini tapır.

“Yaza bilməyən yazıçı” deyimi çoxlarına qəribə gəlsə də, çaşdırsa da, onun qələmindən çıxanları oxuyanlar sonda bu sözləri könül açıqlığı ilə deyəcəklər: – Yaza bilən yazıçı!

Müzahim İsmayılzadə