adalet.az header logo
  • Bakı 20°C
14 Noyabr 2022 12:55
542
MƏDƏNİYYƏT

Yaponiyada Azərbaycan multikulturalizminin tədrisi davam edir

Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə bütün konfessiyaların bərabərhüquqlu fəaliyyəti üçün şərait yaradılması, cəmiyyətdə dinlərarası inteqrasiyanın, dözümlülük və qarşılıqlı anlaşmanın formalaşması multikultural dəyərlərin əsas göstəricilərindən biridir.

Prezidenti İlham Əliyevin 2014-cü il 15 may tarixli Sərəncamına əsasən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas vəzifələrindən biri Azərbaycanda tolerantlıq və multikulturalizm sahəsindəki təcrübəni yaymaq və təbliğ etməkdən ibarətdir. Mərkəz BMT, UNESCO, İSESCO və digər strukturlar da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Multikulturalizm Mərkəzinin uğurlu layihələrindən biri “Azərbaycan Multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi ilə bağlıdır. Hazırda sözü gedən layihə çərçivəsində dünyanın 24 aparıcı universitetində bu fənn uğurla tədris olunur.

Yaponiyanın ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə 2017-ci ildən start verilib. Bu günlərdə Hokkaydo Universitetində dərslərin davam edilməsinə başlanılıb. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında həyata keçirilir. Fənni Hokkaydo Universitetində Konfliktalogiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir. Hər il ən fəal tələbələr Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərində iştirak etmək, Azərbaycana səyahət etmək hüququ qazanırlar. Onu da qeyd edək ki, Ə.Məmmədov Hokkaydo Universitetindən başqa, Tokionun Seyco və Keyyo Universitetlərində də azərbaycançılıq, Azərbaycan mədəniyyəti, tolerantlıq və multikulturalizm ilə bağlı dərsləri müntəzəm olaraq tədris edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti