adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Dekabr 2021 18:31
1760
MƏDƏNİYYƏT

Vaqifin barmaqları olmaq istəyərdim - Eminquey yazır

Uşaq ikən Vaqif Mustafazadəni tanısaydım, dərk etsəydim, mənə verilən "böyüyəndə kim olmaq istəyirsən?" sualına "Vaqifin barmaqları" cavabını verərdim. Bu, özümü həm musiqiyə çox yaxın hiss etməyimlə, həm də Vaqifin o qısa ömürə ecazkarlıq biçməsilə bağlıdır. 


Piano barmaqlarımızın ən nəcib göründüyü alətdir. Şahzadədir bu alət. Musiqi alətlərinin Adəmidir, Həvvasıdır. Mən yorulmadan kiminsə pianoda ifasını dinləyə, izləyə bilərəm. Barmaqların, əllərin rəqsi, biri digərinə mane olmadan, biri digərinin kölgəsiymiş kimi - möhtəşəmdir də. Bəlkə də pianonun ağ-qara dilləri insan-kölgə vəhdətinə işarədir. Və elə bu vəhdət əllərdə də özünü tapır. Piano təkcə musiqinin yox, insan ruhunun da əlifbasıdır. 

 

Vaqif insan-kölgə vəhdətinin tam özü idi. Kimib ki bu dünyadan köçəndə kölgəsi bu dünyada qalır və insanlığa xidmət edir, demək ki, ömrünü boşa yaşamayıb. 

 

Vaqifin kölgəsindən qızı Əzizə doğuldu. Vaqif cismən yoxdur, kölgəsi - bəstələri var, kölgəsindən doğulan Əzizə var. Əzizə büsbütün Vaqifin barmaqlarıdır. Bundan gözəl, bundan müdhiş insan ömrü ola bilərmi? 

 

Gəldin, yaratdın, iz qoydun, özündən sonra səni yaşadan birini ərmağan etdin və ömrünü başa vurdun. 

 

"Allah insanı yaratdı və öz ruhundan ona üfürdü". 

 

Nə gözəl üfürmüş ki Vaqif yaranmış. Azərbaycan caz-muğamının peyğəmbəri tərəfdarlarını toplamış, dünyanı gəzmiş və öz varlığını qəbul etdirmiş. Bir peyğəmbər kimi. 

 

SSSR-dən kənarda, okeanın o tayında Amerikada ilk valı (plastinkası) çıxan caz musiqiçisi məhz Vaqif Mustafazadədir. 

 

Bugün Vaqifin bəstələri, kompazisiyaları gənc caz musiqiçilərin dayaq, istinad, lap elə inanc yeridir. Onun bəstələri caz aləmində müqəddəs mənbədir, dərsdir, elmdir. Bundan şərəfli, bundan dəyərli insan ömrü?

 

Bugün Əzizə Mustafazadə Vaqif yolunu layiqincə gedir, dünyada təmsil edir. Bugün Vaqifin adı gələndə dünya cazsevərləri Əzizə Mustafazadəni bağrına basır. 

 

Və nə təəssüf ki, biz hələ də Vaqifi nə yetərincə tanımırıq, nə də yetərincə dəyərləndirmirik. Onun bığları ta SSSR-dən bu yana bizim müzakirə mövzumuz olaraq qalır. 

 

Vaqifinin şəklini göstərib "bu kimdir?" soruşanda dodaq qaçırıb "aaa, bunun bığlarına bax" kəlməsini eşitmək həqiqətən də ağrılıdır. 

 

Bütün bunlara baxmayaraq o, yaşayır, sevilir. Allah onu yaratmağa yollamışdı. Yaratdı, bəlkə daha çox yaradacaqdı, bilmirəm, amma yaratdıqları da bəsdir. 

Ruhun şad olsun, cAZİZAnın atası, cazımızın babası Vaqif!