adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

UNİVERSİTET DİPLOMLARI ETİBARSIZ SAYILIRMI? - Aqil ABBAS yazır

6173 | 2022-09-06 23:38

Mənfur Sovet hökumətində təyinat vardı, ali məktəbi bitirənlər məcburi qaydada iki il təyinat yerində  işləməli idi. Və hökumət bilirdi ki,  hansı rayonda, hansı kənddə və yaxud hansı müəssisədə, zavodda, fabrikdə hansı mütəxəssisə ehtiyac var. Təyinat verirdi və həmin  gəncə də gənc mütəxəssis kimi  imtiyazlar tanıyırdı.

Bəndəniz  universiteti bitirəndə Təhsil Nazirliyi təyinatımı Ağdama deyil,  Ağsu rayonuna verdi –  internat məktəbində  dil-ədəbiyyat müəllimi. Düz bir il Ağsuda müəllim işlədim. Bir ildən sonra mənə icazə verdilər ki, Bakıya qayıdım, dəfələrlə ərizə və xahişimdən sonra. Çünki təyinat  yerindən qaçan gəncləri heç bir müəssisə işə götürmürdü. Mən müəllim işləyə-işləyə jurnalistika ilə məşğul olurdum, yazılarımı  yığıb göndərirdim nazirliyə, xahiş elədim ki, məni  vaxtından  əvvəl işdən  çıxarsınlar. İcazə verdilər və gəlib «Elm və həyat» jurnalında jurnalistlik fəaliyyətinə başladım.

Yəni deməyim odur ki, mənimlə qurtaran 50 tələbə  yoldaşımın  hamısı təyinatla  rayonlara göndərildi.  Fərqlənmə  diplomu ilə qurtaranlar isə ya birbaşa aspiranturaya  qəbul olundu, ya da Akademiyada  işlə təmin edildi.  İndi onların  çoxu  elmlər  doktoru, professordu.

İndi day təyinat yoxdu. Diplomu verirlər, deyirlər  get özünə iş tap. Və ölkə diplomlu işsizlərlə  doludu. İşə qəbul olunmaq üçün  Dövlət İmtahan Mərkəzində imtahan verməlisən. Universiteti bu il qurtaran, hətta  fərqlənmə  diplomu ilə bitirən gənc niyə Dövlət İmtahan  Mərkəzində  imtahan verməlidir?

4 il universitetlərdə təhsil alan,  dövlət  imtahanı verən gəncin diplomu  niyə bu qədər  etibarsız sayılır?

Dövlət İmtahan Mərkəzi Azərbaycan universitetlərinin verdiyi təhsilə  inanmırmı?  Və niyə inanmır?! Və universitetin  rektorları da niyə bu məsələyə etinasız yanaşır? Rayon və kəndlərimizdə nə qədər  müəllim yeri, həkim yeri (təkcə Ağdam və Ağcabədi rayonlarının  hər birində 80-dən yuxarı həkim çatışmır), mühəndis, aqronom yeri boşdur. Niyə Tibb Universitetinə  hüquq verilmir ki,universiteti  bitirən  gənc mütəxəssisləri təyinatla bölgələrə göndərsin? Hökumət nə qədər xərc çəkib həmin tələbələri oxudub, getsin  iki il təyinat  yerində işləməklə dövlətə borcunu  qaytarsın.  Sonra orda işləmək istəmirsə, buyursun üzü güləbətinə, harda istəyir gedib işləsin.

Və keçmişdə olduğu kimi, təyinat yerlərinə göndərilən gənc mütəxəssislərə  imtiyazlar da tanınsın.

Nə isə, bu da belə.

TƏQVİM / ARXİV