adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2025 14:45
78
MƏMLƏKƏT
A- A+

“Bu dönərxanalar bağça və məktəb ətrafında da fəaliyyət göstərir”

“Dönərdən zəhərlənmə məsələsi bizim həssas yerimizdir. Bu haqda dəfələrlə danışırıq. Kütləvi şəkildə dönərdən zəhərlənmə hallarının baş verməsinə görə həyəcan təbili çalınmalıdır. Dönərxanalarda olan vəziyyət, orda olan məhsulların saxlanma şəraiti, hazırdakı antisanitar vəziyyət artıq burada zəhərlənmə riskinin birbaşa mütəmadi hal alacağına işarə edir. Bu gün həmin o dönərxanalarda eyni bıçağı həm çiy, həm də bişmiş ətdə istifadə edirlər. Ucuz souzlardan, mayonezlərdən istifadə edilir və onlar düzgün şəraitdə saxlanılmır”.

Bunu Adalet.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə mütəxəssis İlkin Şirinov deyib. 

Onun sözlərinə görə, əsas problemlərdən biri də dönərin tam bişməməsidir:

“Burda da müxtəlif bakteriyaların çox olması birbaşa zəhərlənməyə gətirib çıxarır. Bildiyimiz kimi, mal əti ilə müqayisədə toyuq əti daha çox zəhərlənməyə, xarab olmağa meyillidir. Bu kimi məsələlər sonda gətirib insanların zəhərlənməsinə səbəb olur. Biz hər gün müxtəlif dönərxanalarda mütəmadi reydlər aparırıqsa və onların  bir nəticəsi yoxdursa, burda artıq sərt tədbirlərə keçmək lazımdır. Dəfələrlə dönərxanalar 500-1000 manat məbləğində cərimələndi. Amma əvvəlki hallar yenə də təkrar olundu”. 

İ.Şirinov deyib ki, burda istehlakçıların da üzərinə vəzifə düşür:

“Yəni onlar da buna öz iradlarını bildirə, həmin nəzarətsiz yerdən dönər almaya bilərlər. Bu gündən sabaha ət saxlanılır, satılmayan dönər əti soyuducuya qoyubulub növbəti gün isidilib satılır. Bu artıq bakteriyaların  çoxalmasından xəbər verir. Bu dönərxanaları işlədən adamlar heç olmasa bir az vicdanla hərəkət etsinlər. Aidiyyatı qurumlar da sərt tədbir görməlidir. Bu azmış kimi məktəblərə, bağçalara yaxın yerlərdə də bu cür dönərxanalar fəaliyyət göstərir. Bunun özü də bir təhlükə mənbəyidir. O istifadə olunan ərzaqların keyfiyyəti haqqında heç bir məlumat verilmir. Dönərxanalarda çalışanların nə vaxtsa əllərində bir əlcək görən olubmu?! Dəfələrlə müşahidə eləmişəm, amma görməmişəm. Onlar açıq əllə hər yerə toxunurlar və sonra da dönər hazırlayırlar. Təbii ki, buna nəzarət mexanizmi olmasa, zəhərlənmələr çoxalacaq”. 

Vasif ƏLİHÜSEYN