adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Sentyabr 2022 19:24
592
SİYASƏT

Siyasi şərhçilərin “Məhsa üsyanı”na MÜNASİBƏTİ

Məhəmməd Rəhmanifər: “ İran lazım gələrsə, minlərlə insanı qətlə yetirdiyini dəfələrlə nümayiş etdirdi

Məhsa Mehdili: “Təkcə ermənilər İran rejiminin himayəsi ilə  mitinq təşkil edə bilir”


Bir  ölüm bir xalqı dirildirsə, o ölüm “möhtəşəm ölüm”dür. Tehranda əxlaq polisi tərəfindən işgəncələrə məruz qalmış gənc qız Məhsa Əmininin ölmü sözün həqiqi mənasında üsyana səbəb oldu. İranda qadınlar Məhsa kimi öldürülməmək üçün küçələrə axışdılar.  Bütün bu hadisələr dünya mətbuatının nəzərindən yayınmır. Hər kəs bu üsyanın nə ilə nəticələnəcəyini gözləyir.
 

Araşdırmaçı, yazar Məhəmməd Rəhmanifər və siyasi şərhçi  Məhsa Mehdili  İranda baş verən məlum hadisələrlə bağlı “Adalet.az”a danışıb:
 

Araşdırmaçı Məhəmməd Rəhmanifərin sözlərinə görə, İranın daxili məsələlərinə baxanda, onu vahid bir dövlət kimi görmək olmur.

Bu etirazların alovlanmağına gənc gənc bir qızın ölmü səbəb oldu. Tam islami hicaba riayət etmədiyi bəhanəsi ilə həbs olunması və işgəncə nəticəsində öldürülməsi  çoxsayılı etirazlara səbəb oldu. Buna görə də qadınlara qarşı zorakılığa və hörmətsizliyə son qoyulması üçün xalq ayağa qalxdı. Lakin unutmaq lazım deyil ki, bu çoxmillətli ölkənin içində yaşayan millətlərin fərqli meylləri və tələbləri var. Daha doğrusu, qeyd etmək lazımdır ki, bu ölkədə yaşayan millətlər hər fürsətdən istifadə edərək mərkəzi hakimiyyətin mütləqiyyətinə etiraz edirlər.
 

Son aksiyalarda gördük ki, Güney Azərbaycan xalqı qadın hüquqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulamaqla yanaşı, öz milli şüarlarını da səsləndirdi. Misal üçün bütün etirazlar İranın hər yerində eyni zamanda başlanmış olsa da “Azadlıq, Ədalət, Milli Hökümət” şüarları yalnız Güney Azərbaycanda səsləndi. Bunun səbəbini anlamaq heç də çətin deyil. 1945-1946 arası Güney Azərbaycan ərazisində qurulmuş olan və bir il boyuca davam edən “Azərbaycan Milli Höküməti” o zaman Tehran ordusu tərəfindən süquta  uğradı.  Ancaq hələ də Güney Azərbaycan Türk millətinin tarixi yaddaşından silinməyib. Hələ də Güney Azərbaycan xalqı öz müqəddəratını öz əlinə almaq istəyir. Yaxud başqa bir şüar olaraq “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq (əsgəriyik)” açıqca onların bir azərbaycanlı olduqlarını və Azərbaycan üçün küçələrə töküldüklərini göstərir. Belə şüarların  sayısı çoxdur. Amma mən sadəcə bunların birini də xatırlatmaq istərdim. Təbrizdə və Güney Azərbaycan şəhərlərində xalq “Azərbaycan milləti, çəkənməz bu zilləti” şüarı altında etiraz edirdilər. Bu şüar məhz onlara məxsusdur.”
 

Qəzetçinin fikrincə,  Güney Azərbaycanın müxtəlif şəhərlərində və İranın digər bölgələrində bu etirazların  hələ də davam etməsinə baxmayaraq, bunun uzun müddət davam edə biləcəyi inandırıcı deyil.
 

“Çünki İran İslam Respublikası etiraz edən insanları susdurmaqda heç bir tərəddüd etmədiyini və bütün gücü ilə onları sıxışdırdığını , hətta lazım gələrsə, minlərlə insanı qətlə yetirdiyini dəfələrlə nümayiş etdirdi.
 

Başqa bir problem də odur ki, bu etirazlar hər kəs tərəfindən qəbul edilən bir təşkilat və ya mərkəzi şura tərəfindən idarə olunmur. Əslində daha çox xalq etirazları formasında olur. Hətta İranda yaşayan millətlər də bir-birləri ilə olan ixtilaflarına görə bu etirazları koordinasiyalı şəkildə həyata keçirə bilmirlər.
Əvvəlki etirazlar kimi çox ehtimal ki, bu etirazlar da qanlı şəkildə yatırılacaq. Lakin qadınların haqlarına nail olmayacaq. İranın mərkəzi hökumətinin müstəmləkəçiliyindən xilas olmaq cəhdləri təəssüf ki, dayandırılacaq”.

 

Digər siyasi şərhçi Məhsa Mehdlinin fikrincə, İranda üsyanlar  son 100 ildə xüsusilə,  1979-cu ildən sonra “molla rejimi”nin gəlişi ilə  daha da genişləndi.
 

“İranda nə qədər kütləvi etirazlar və üsyanlar olsa da, həmişə onların qarşısı alınıb. “Məhsa üsyanı” 2000-ci illərdə baş verən üsyanların biri sayıla bilər.  Məhsa Əminini faciəvi ölümü üsyan üçün bəhanə oldu. Belə etirazların həmişə şiddət göstərilərək dayandırılmasını görmüşük.  Və bu hal hələ də davam edir.   Xalqın özünü ifadə etməsi üçün, istəklərini bildirməsi üçün əlləri çatan bütün vasitələri hökumət bağlayıb. Xəbər saytları, televiziya kanalları hər biri rejimin əlindədir və icazə vermir. İnsanlara normal şəkildə fikir bildirməyə imkan vermirlər. O üzdən də insanlar küçələrə axışırlar. Təkcə ermənilər, İran rejiminin himayəsi ilə  mitinq təşkil edə bilir. Həmin mitinqdə də Türkiyə və Azərbyacana hücum çəkirlər. İranda digər millətlərin, başqa xalqa mənsub nümayəndələrin, qadınların, hər hansı bir başqa dini qurumların mitinq haqqı yoxdur. Əgər bu şəxslər mitinq edərlərsə, onları ağır cəza gözləyər. Onları siyasi-ictimai həyatdan uzaqlaşdırırlar.
 

Digər məsələ isə İran rejimi,  30 milyon azərbaycanlını ,ərəblərin varlığını, qadınların haqlarını qəbul etmək əvəzinə bütün “yüksələn səslər”i boğur. Bu saydığım məhfumları isə görməzdən gələrək əzir. İranın bu davranışı isə əlbəttə ki, xalqın ayağa qalxmasına səbəb olur.
 

Səhv xarici siyasət yürütdüyü üçün, ölkədə radikal qurumları dəstəklədiyi üçün sürətli problem istehsal edir. Sanki problem üstünə problem gətirir”.
 

 Xanım şərhçinin fikrincə, İran hökümətinin bu addımları   Güney azərbaycanlıların məsələ ilə bağlı bilgili olmasına,  hadisələrin fərqində olmasına səbəb olur.

“Onu da qeyd edim ki, İranda hər millətin öz bölgəsinin Tehranda müstəqil olaraq, milli hərakatı var. Burda səsləndirilən şüarların hamısı öz dilimizdədir. Bütün millətlər rejimin diktatorluğuna qarşı şüarlar səsləndirirlər.
 

Xüsusilə Güney Azərbaycanda “Azadlıq, Ədalət, Milli Hökümət” şüarları səsləndirildi. Azərbayacan milli hərakatı  varlığını və Azərbycan mərkəzi olmasını göstərdi. Rejim dəyişsə də, dəyişmsədə öz milli haqlarından vaz keçməyəcəklərini  meydanlarda göstərdilər.

 Əntiqə Kərimzadə