adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Iyun 2022 09:00
1032
ƏDƏBİYYAT

"Sən kimsən, Şahnaz?" - Pərvanə Bayramqızı yazır
 

"Gözlə məni" filmində ("Mahnı dağlarda qaldı" İ.Əfəndiyev) bir məqam var: qardaşı onu xilas etmək üçün qazamata gələn bacısından: "Sən kimsən, Şahnaz?" deyə soruşur. Adi sual deyil. Doğrudur, sual burda siyasi əhəmiyyət daşıyır, amma özündə ən böyük mətləbləri əks etdirir. Şahnazın kimliyinin soruşulması o zamankı hadisələrdə vətəndaş kimi hansı mövqedə olduğunu aydınlaşdırmaq üçündür. Bir tərəfdə bolşeviklər, digər tərəfdə onların mübarizə apardıqları bəylər dayanır. Şahnazsa bəyə - doğmasına düşmən olan şəxsi sevir. Eyni zamanda ərindən gizli qardaşının qaçmasına kömək edir. Yuxarıda qeyd etdiyim sualı bəy məhz bu məqamda verir. Əslində Şahnazın düşdüyü durum daha ağırdır. "Odla su arasında qalmaq", "yuxarı baxanda bığ, aşağı baxanda saqqalın olması" məsəli onun vəziyyətini ifadə edir. Ya qardaşına görə, sevdiyindən keçməli, ya da sevdiyinin siyasi mövqeyinə zidd gedib qardaşını xilas etməlidir. Ən böyük yük onun çiyinlərindədir. Kimdən keçməli? Şahnazı çıxılmaz vəziyyətə salan siyasi hadisələr ölkəyə yad ideologiya ilə gəlib. Tarix boyu Azərbaycan qadınları yad millətlərin işğal məqsədinin ucbatından ağlar qalıb; atasını, qardaşını, ərini, oğlunu müharibələrdə itirib. Filmdə müasir zamanın azərbaycanlı qadını iki kişi – qardaşı və ərilə sınağa çəkilir. Sınağa səbəb olan siyasi hadisələr qəhrəmanların doğma torpaqlarına əkilmiş başqa iqlimdən gətirilən toxumdur. Mövzum bu deyil, diqqətimizi əsasən Şahnaza yönəldək; onun çəkdiyi iztirabı duya bilirikmi? Şahnazın yerində olsaydıq hansı addımı atardıq? Cavab vermək üçün həmin halı yaşamaq lazımdır, bunu da heç kəsə arzulamarıq.

Buna bənzəyən bir məqam E.L.Voyniçin "Ovod" əsərində daha təsirli şəkildə təsvir edilib. Sözügedən filmdə dini motivlər yoxdur, "Ovod"da isə atanın seçimi dinlə övladı arasındadır. Montanellinin Tanrınımı, oğlunumu daha çox sevməsi əsər boyunca təbii proseslər vasitəsilə oxucuya həyəcan yaşadır. Onun seçimi yalnız son səhifələrdə bəlli olur. Oğlunun ölümündən sonra insanlara xitabən söylədiyi fikirlər, verdiyi sual ("... sizin hansınız öz oğlunu çarmıxa çəkilməyə verən atanın - Allahın çəkdiyi əzabı düşünmüsünüz?") hər dövrdə, hər hadisənin mahiyyətini açıb göstərməyə qadirdir.

Coğrafi məkandan asılı olmayaraq, insan taleyi hər yerdə eynidir. Hər yerdə onlar günahlarına görə cəzalandırılır, savablarının mükafatı isə ilahi ədalətin ümidinə qalır.

Seçmək, qərar vermək təkcə ağılın, məntiqin öhdəsinə düşmür, çox vaxt çox şey ürəyin tələbi ilə təyin edilir. İstəmək asan, qərar vermək çətindir. Bu zaman bir daha dərk edirik ki, Yer üzündə insan azadlığı deyə bir şey yoxdur. Bu və ya digər şəkildə hamı bir-birindən asılıdır. Öz həyatımıza da cavabdeh ola bilmirik. Mütləq nələrisə nəzərə almağa məcburuq.

Tanrı isə qələmini verməz ki taleyimizi redaktə edək... o da insanlar kimi amansızdır.

Müharibədən qayıtmayan, qayıdıb da yarımcan olanların ailələri bundan belə hansını seçsin? – Vətəni, yoxsa əzizini? Balasının yetim qalmış balasına baxa-baxa: "Təki Vətən var olsun!" sözlərini söyləməyin nə qədər çətin olduğunu düşünürükmü? Çoxumuz şəhid analarından məhz bu kəlmələri söyləməyi gözləyirik. Əksini desə, evində rahat əyləşənlər, biznes gəlirlərini hesablayanlar, restoranlarda təşkil edilən əyləncələrin həvəskarları, xaricdə dincələn oliqarxlar və digər sahələrin adamları: "Qələbə qurbansız olmur" deyə onları qınayarlar. Bunu bilənlər, onu da bilsinlər ki, müharibə iştirakçılarının özlərinin də, ailələrinin də qeydinə qalmalı, onları "Vətənmi, övladmı?" seçimi qarşısında qoymamalıyıq.

"İncil"də müqəddəs İohann tərəfindən deyilmişdir: Zira Allah dünyanı o qədər sevmiş ki, tək bircə oğlunu ona qurban vermişdir, ona görə vermişdir ki, bircə nəfər də mömin məhv olmasın, əbədi bir həyat kəsb etsin".

Sonluq kimi “Ovod”dan götürdüyüm yuxarıdakı fikirləri mətnin qayəsinə uyğun dəyişək: vətəndaş Vətənini o qədər sevir ki, tək bircə oğlunu ona qurban verir; təki xalq məhv olmasın, böyük dövlət qurulsun.

Şahnazdan kim olduğunu soruşmayın! Ağrısını duyun.