adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Yanvar 2022 11:22
547
MƏMLƏKƏT

Şəhidlərimizi tanıyaq, tanıdaq

Bu gün İkinci Qarabağ savaşında şəhid olmuş qəhrəman oğullarımızdan biri olan baş çavuş Nurlan Eminovun şəhadətindən bir il ötür.
 
     
Cəngavər misallı şəhidlərimizin sırasında baş çavuş Eminov Nurlan Pərviz oğlu da yer tutur. Nurlan 2 iyul 2000-ci ildə Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olub. 2007-2018-ci illərdə Ərəbqubalı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə hərbi xidmətə çağırılan Nurlan Murovdağda Uğur yüksəkliyində xidmət edib. Xidmət zamanı TTM-də kəşfiyyat kursu keçən Nurlan manqa rəhbəri kimi komandir heyətinin hörmətini qazanıb. 2020-ci ilin yanvarında xidmətini başa vurub doğma kəndinə qayıtsa da, hərbçi olmaq, Vətənə xidmət etmək istəyi onu rahat buraxmır və o, fevral ayında yenidən Quru qoşunlarda həmlə qrupunda kəşfiyyatçı kimi hərbi xidmətə davam edir və qısa zamanda baş çavuş rütbəsinə yüksəlir. Vətən müharibəsində Kəlbəcər istiqamətində döyüşə atılan Nurlan oktyabrın 3-də mühüm əhəmiyyətli yüksəklik olan Canavar postunda qəhrəmancasına döyüşərək şəhid olur. Lakin Nurlanın ailəsi 4 aya yaxın şəhid balasının cəsədini axtarır. Dövlətimizin və Qırmızı xaç komitəsinin səyi nəticəsində Nurlanın nəşi tapılaraq, yanvarın 22-də valideynlərinə təhvil verilir. Yanvarın 23-də Nurlan doğma kənd qəbiristanlığında dəfn olunub. Məzarın nurlu olsun, Şəhidim!
                                           

***
 
   

 Şəhid xəbəri almaq ağır idi, faciə idi. Daha ağrılı isə itkin xəbəri idi. Şəhidinin itkin düşməsi, nəşinin tapılmaması, düşmən əlində qalması... Nurlanın da taleyi belə oldu. Ana ümidlə: - Dağlardadı, telefonu işləmir yəqin, mütləq zəng edəcək, səsi gələcək balamın, - deyirdi. İşdən hali olan bacılar xısın-xısın, gizlin-gizlin künc- bucaqda ağlaşır, qardaş hər yerə soraq salır, ata isə tapmaq ümidi ilə qapılar döyür, oğlunun nəşinin tapılmasına qurban götürürdü. Faciələrin ən ağırı idi oğul nəşinin gəlişinə qurban götürmək... Artıq hamı, el-oba bilirdi Nurlanın şəhid olmasını, nəşinin düşmən tərəfdə olmasını. Nə qədər gizlətsələr də qara xəbər yüyrək oldu, qara libasını geyib, qara atını çuğladı, Sevinc ananın da qulağına çatdırdı vay xəbərini... Əziz, istəkli balanın ölümü bir dərd, cəsədinin tapılmaması daha böyük dərd... Əlini balasından üzən ana bayatı çəkən, ağı deyib oxşayan naləsi kəndi-kəsəyi başına götürdü:

Dağlara dolu düşər,
Durna, teli sana qoy,  
Qar yağar, dolu düşər.
Arı, balışana qoy!
Qəbrimi yol üstə qaz,
Anamın yolu düşər.
Qəribəm, tanıyan yox,
Qəbrimə nişana qoy!...
 
     

Sevinc Eminova – Nurlanın anası:  Bir oğlum, üç qızım vardı. Nurlanı Allah sonradan mənə pay göndərdi. O qədər şirin pay idi ki, sözündən-söhbətindən doymaq olmurdu. Elə uşaqlar həvəslə, oynada-oynada böyütdülər onu. Körpəliyi sakit, rahat, sağlam idi. Özümüz bir yana, qohum-qonşu da əzizləyirdi Nurlanı. Böyüdükcə cəld, diribaş, qaynar uşaq oldu.
   

 Qılıqlı, şıltaq olduğuna görə, Nurlanın heç bir istəyinə “yox” deyə bilmirdim. Özünə cib xərcliyi lazım olanda da elə dil tökər, elə zarafat edərdi ki, cibimdə olanın hamısını ona verərdim. Balanın hamısı şirin olur, ayırmaq, seçmək olmur. Ancaq içindən biri seçilir həmişə, ürəyindən tikan çıxarır...
     

Nurlan hər şeyə maraq göstərirdi. Nə iş görsəydik, qulpundan yapışardı. Boyundan böyük işlərə də güc edirdi. Uşaqlara qoşulub balıq tutmağa gedirdi, əliboş da gəlməzdi. İdmana çox maraqlı idi. Həyətdə özünə qurğular qurmuşdu. Ağırlıq qaldırırdı. Girlərini saxlamışam damda. At sürməyin də azarkeşi idi Nurlan. Uşaqlarla ötüşəndə bir dəfə yıxılmışdı atdan, ayaq damarı zədələnmişdi. Həmişə o ayağını ovxalatdırırdı mənə. Davakar deyildi, ancaq kimisə yanında incitsələr, ona dözməz, təklənən adamı müdafiə edirdi. Qonşumuzda evin tək oğlu var, Nurlanın ən yaxın dostu idi. Onun xatirini qardaşı qədər istəyirdi. Bir dəfə onu təkləyib döymək istəyiblər. Nurlan özünü atıb araya, dostunu qorumuşdu. Demişdi ki, o, tək deyil, mənim kimi qardaşı var. Tək oğullara qardaş idi, övladsızlara övlad idi mənim balam. Qonşumuzda övladsız, yaşlı ər-arvad var. Nurlan onların dayağı olub həmişə. Ağacların dərmanlayıb, dükan, bazarına gedib. Əllərindən ağır yükünü götürüb. Bəzən mənim işimi yarımçıq qoyub, onlara yüyürürdü ki, yazıqdılar, gedim kömək edim. Belə qeyrətli, ürəyitəmiz bala idi mənim balam. O, şəhid olanda məndən çox ağladı həmin qonşum. Dayağım, pənahım getdi, - dedi. Tək evdən getmədi mənim balam, eldən getdi.
   

 Ailəcanlı idi Nurlan. Özündən çox bacı-qardaşını fikirləşirdi. Sözün-sirrin onlara deyərdi. Deyirmiş ki, ölməkdən qorxmuram, anamı gözüyaşlı qoymaqdan qorxuram. Arzuları çox idi balamın, hamısın götürüb apardı özü ilə. Ən böyük arzusu qardaşı balasın xaricdə müalicə etdirib, ayağa qaldırmaq idi. Bir də ki, maşın həvəskarı idi. Özünə yaxşı maşın almaq istəyirdi.
     

 Vətənpərvər idi Nurlan. Əsgər gedəndə sevindiyindən yerə-göyə sığmırdı. Bəzən uşaqlar əsgər gedəndə kövrələr. Nurlan kövrəlmədi, gülə-gülə getdi Vətənə xidmətə...
     

Şənbə-bazar gəlirdi evimizə. Ürəyi istəyən ev yeməklərin bişirib qoyurdum süfrəyə. Qulluğunda dururdum balamın. Deyirdim qoy heç olmasa ikicə gün ev yeməyi yesin, ev qulluğu görsün. Hər şənbə-bazar günləri eyvanda dayanıb, gözümü darvazaya dikirəm. Gözləyirəm ki, qapı açılacaq, Nurlanımın boyu görünəcək, hayı-küyü, gülüşü özündən qabaq dolacaq evə (ağlayır)... Gözümün kökü saralır, şər qarışır, balam gəlib çıxmır. Dərd oylağım ağaclar olur. Ağacların arasında sızıldaya-sızıldaya gəzib, bayatı çağırıb xəzəllərə yoldaş oluram:

Ağacda xəzəl ağlar,
Dibində gəzən ağlar,
Oğlu ölən analar,
Sərgərdan gəzər, ağlar!
 
(44 günlük Vətən müharibəsinin kürdəmirli şəhidlərinin qısa, lakin şərəfli
həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabından bir parça.)
 
Yaqut Bahadurqızı
Filologiya üzrə fəlsəfə doktoru