adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Dekabr 2021 15:09
2098
LAYİHƏ

Sabahımızın Zəngilanı

Azərbaycanın cənub-qərb bölgəsində yerləşən Zəngilan rayonunun özünəməxsus təbiəti, coğrafiyası, həm də maddi-mədəni özəlliyi ilə seçilən dünyası var. Yəni bu rayon həm Qərbi Azərbaycan torpaqları, həm də Qubadlı və Cəbrayılla həmsərhəd olduğundan Zəngilanda həyat səviyyəsinin inkişaf tempi, eləcə də iqtisadi resursları həmişə diqqəti çəkib. Bu isə Zəngilanın coğrafiyasının ona verdiyi üstünlüklə yanaşı, həm də zəngilanlıların özlərinin əməksevərliyi, qurub-yaratmaq məharətlərinin yüksəkliyindən xəbər verir.

Biz ölkəmizin Regionlarının İnkişafına Dair Dövlət Proqramı çərçivəsində Zəngilan rayonuna səyahət etməyi qərarlaşdıranda təbii ki, öncə bu bölgənin tarixinə diqqət yetirdik. Onda məlum oldu ki, Zəngilan rayonu bir ərazi vahidi kimi sovet dönəmində, yəni 1930-cu ildə təşkil edilib. Və bu rayon yaradılarkən, hətta Qubadlı və onun 18 kəndi də eyni ərazi vahidində birləşdirilmişdi. Lakin 1933-cü ildə Qubadlı və onun 18 kəndi Zəngilan rayonundan ayrıldı və həmin vaxtdan etibarən Zəngilan Azərbaycanın cənub qərbindəki ən böyük rayonlarımızdan biri kimi formalaşmağa başladı, rayonun tarixi özəlliklərinə diqqət yetirəndə onda görmək olur ki, hələ XIV əsrdən adı elmi ədəbiyyatda keçən Zəngilan şəhəri əslində Pircavan şəhəriymiş. Yerli sakinlər bu gün də Zəngilan sözünün kökündə dayanan Pircavan anlamını yaxşı xatırlayır. Söylənilən fikirlərə görə, "pir" sözü sovet bolşeviklərini rahatsız etdiyindən onlar 1930-cu ildə Pircavanı Zəngilan kimi adlandırmışlar. Və 1957-ci ildən bu ad rəsmiləşmiş, 1967-ci ildə isə rayon mərkəzinə şəhər statusu verilmişdi. Rayon ərazisində qədim abidələr, maddi-mənəvi nümunələr kifayət qədərdi. Onların arasında Məmmədbəyli türbəsi, Yenikənd sərdabəsi, Bartaz qız qalası, Koroğlu daşı, Hacallı dairəvi bürcü, eləcə də Zəngilan şəhərinin özündəki qədim məscid bu coğrafi ərazinin həm məskunlaşma tarixinin qədimliyinin, həm də burada memarlığın, arxitekturanın inkişaf səviyyəsinin göstəricisidir. Bu daş abidələrlə həmsöhbət olub tarixə baş vuranda həm Zəngilan ərazisinin, həm də bütövlükdə Azərbaycan coğrafiyasının zənginliyi insana qürur hissi bəxş edir. Çox təəssüf ki, 1993-cü ilin oktyabr ayının 29-da Ermənistan silahlı qüvvələri Azərbaycanın bu rayonunu da işğal edərək buradakı tarixi abidələrimizə, maddi-mənəvi sərvətimiz olan ziyarətgahlara, arxitektura nümunələrinə, hətta bu ərazidəki həyat əlaməti olan hər şeyə faşist təfəkkürü ilə yanaşaraq məhv etmişlər.

Elə bugünlərdə həmin bölgəyə səfər edən ölkəmizdəki xarici səfirliklərin nümayəndələri, media təmsilçiləri talanmış Zəngilanın real mənzərəsinin şahidi oldular. Düşmənin yerlə yeksan etdiyi Zəngilan böyük qələbəmizin hesabına işğaldan azad edildikdən sonra bu rayonun bərpası, yenidən qurulması üçün Azərbaycan prezidentinin verdiyi tapşırıq və sərəncamlar artıq işə düşüb. Yəni əlaqədar qurumlar Zəngilanda yolların, işıq və su xətlərinin yenidən qurulmasına, bərpasına başlayıblar. Böyük Qayıdışın tərkib hissəsi olan Zəngilanda əvvəlkindən də yüksək səviyyədə quruculuq işlərinin gerçəkləşdirilməsi qarşıda duran ən böyük vəzifələrdən biridi. Bu vəzifələrin icrası həm dövlət qurumlarının, həm də özəl sektorda çalışanların bir növü qayəsinə çevrilməlidi. Çünki Zəngilanın özünün həm təbii, həm də coğrafi imkanları burada müasir şəhər-kənd salma üsullarından istifadəyə geniş meydan açır.

Əgər Zəngilan ərazisindən 4 çay keçirsə, deməli, bu özü-özlüyündə bu regionda balıqçılığın inkişafına imkan yaratmış olur.

Yəni Araz, Oxçuçay, Həkəri və Bəsitçay sularından yararlanaraq burada süni balıq yetişdirmək zənnimcə, həm bölgənin, həm ölkənin, həm də bu sahə ilə məşğul olacaq hər kəsin rifahına müsbət təsir edər. Bundan başqa, Zəngilan ərazisində bağçılığın, üzümçülüyün inkişaf etdirilməsinə də real şərait var. Hətta sovet dönəmində məşhur olan "Ağ Oyuq"un üzüm plantasiyalarının səsi-sorağı ətraf rayonlara da gedib çatmışdı. Zəngilan ərazisində dənli bitkilərin, tütünün yetişdirildiyi də tarixi bir gerçəklikdi. Burada heyvandarlıqla yanaşı, ağac emalı sahəsinin də daha geniş miqyasda təşkilinə imkanlar var. Çünki planetin ikinci ən böyük çinar meşəsi məhz Zəngilan rayonu ərazisində yerləşir.

Məhz Zəngilanın çinar meşəsinin ərazisini genişləndirmək və bərpa etməklə media istehsalı sahəsində uğurlar qazanıb ölkə hüdudlarından kənara da çıxmaq mümkündü.

Bu gün Zəngilan rayonunun işğaldan azad olunmuş torpaqlarında bostan-tərəvəz məhsullarının yetişdirilməsi, quşçuluğun inkişafına meydan verilməsi yəqin ki, iqtisadçılarımızın diqqət mərkəzində olacaq. Çünki planlaşdırılma aparılanda regionun həm xüsusiyyətləri, həm də burada yaşayanların özlərinin illərlə formalaşdırdığı təsərrüfat modelləri nəzərə alınmalı və məhz yerli modeldən çıxış edərək daha müasir modelin yaradılmasına dəstək verməklə bahəm nümunələr də ortaya qoymaq işin xeyrinə olar. Əgər biz "ağıllı şəhər" və "ağıllı kənd" modellərilə işğaldan azad edilmiş bölgələrimizin inkişafını dəstəkləyiriksə, bu quruculuq işləri özü-özlüyündə kənd təsərrüfatının, iqtisadiyyatın, bütövlükdə sosial həyatın həmin bölgəyə uyğunluğunu nəzərə almağı da tələb edir.

Bir anlıq Zəngilanın işğaldan öncəki təsərrüfat həyatına nəzər salsaq, görərik ki, rayonun dağətəyi ərazisində daha çox kənd təsərrüfatı sahəsinə üstünlük verilmişdi. Yəni dənli bitkilərin əkini, üzümçülük, bağçılıq, tütünçülük, heyvandarlıq, eləcə də həmin heyvandarlığın inkişafında önəmli məqam olan yemçilik və örüş sahələrinin də nəzərdə tutulması xarakterik cəhədlərdən idi. Yeri gəlmişkən, onu da qeyd edim ki, Zəngilan rayonunda arıçılıq təsərrüfatı da fəaliyyət göstərirdi. Ümumiyyətlə, rayon ərazisindəki çayların suyundan istifadə etməklə, burada quşçuluğun inkişafına da geniş imkanlar açmaq olar. Bu da öz növbəsində quş ətinin və quş tükünün tədarükü baxımından diqqəti çəkir.

Zəngilan iqtisadi rayonunun bir coğrafi ərazi olaraq yeni tarixə qədəm qoyması artıq birmənalıdır. Belə ki, bu rayonun ərazisində artıq "Ağıllı kənd" layihəsinin reallaşmasının yaxın müddətdə şahidinə çevriləcəyik. Yəni, bu ərazidə həmin layihənin gerçəkləşdirilməsi üçün başlamış böyük işlər artıq yekunlaşmaq üzrədir.

Aparılan tikinti-abadlıq işlərində bu yeni layihənin gerçəkləşdirilməsində bir çox ölkələrin həm təcrübəsindən, həm də onların mütəxəssis gücündən istifadə olunur. Xüsusilə qardaş Türkiyənin burada gördüyü işlər həqiqətən ürəkaçandır. Yeri gəlmişkən onu da xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti ilə birlikdə Zəngilanda olması, burada keçirilən görüş, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının bünövrəsinin qoyulması Böyük Qayıdışın əsas parametrlərindəndir. Bütün bunlar göstərir ki, Azərbaycan Prezidentinin Regionların İnkişafına Dair tapşırıq və göstərişləri böyük sürətlə, vətəndaş əzmkarlığı ilə reallaşdırılır.

Doğrudur, sovet dönəmində rayon ərazisindən keçən dəmiryolu xətti həm sakinlərə iş yeri, həm də dəmir yolunun imkanlarından istifadə etmək baxımından çox sərfəli idi. Həmin dövrün faktlarına üz tutanda məlum olur ki, rayon ərazisində 21 dəmir yolu müəssisəsi və 6 dəmir yolu vağzalı fəaliyyət göstəribdi. Bu gün həmin dəmir yolunun bərpası təbii ki, daha böyük imkanların yaradılmasına səbəb olacaq. Eləcə də Zəngilandan Naxçıvana quru sərhəddinin açılması da gələcəkdə bu rayonun inkişaf perspektivini daha da artıracaqdı. O ki, qaldı rayonda aparılacaq tikinti işlərinə, qeyd etmək lazımdır ki, hələ sovet dönəmində rayonun qum, çınqıl və daş təminatı baxımından imkanları yetərincədi. Deməli, Zəngilanın, yəni dörd çay arasında olan bu ərazinin inkişaf imkanları daha genişdir.

Əbülfət MƏDƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.