adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 May 2022 14:07
613
DÜNYA

Rusiya deputatından Yaponiyanı qarışdıracaq təklif: “Kuril adalarının adını dəyişib “Rusiya adaları” edək...”

Rusiya Dövlət Dumasında təmsil olunan deputat Sergey Mironov həm də “Ədalətli Rusiya” partiyasının sədridir. Azərbaycan bu şovinist deputatı yaxşı tanıyır. Deputatın şovinist düşüncələri o qədər genişdir ki, hətta onu partiyasının əsas strateji xətti edə bilib. Ötən il seçkilər ərəfəsində səsləndirdiyi“Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq!” şüarı özünün düşüncə məhsulu olsa da bunu partiyası adından elan etdi.

Politoloqların fikrincə, Sergey Mironovun partiyası “böyümə” dedikdə Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və keçmiş Dağlıq Qarabağ nəzərdə tuturlar və gizlətmirlər. Yəni, keçmiş SSRİ məkanında harda separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər.

Hətta “böyümə”ni qəbul etməyən ölkələri də Rusiya Dumasında ilk hədələyən məhz Dumanın ermənipərəst fraksiyası kimi tanınan “Ədalətli Rusiya”nın üzvüləri olub. Yadınıza salaq: deputat MixailDelyaqin “Rossiya 1” dəyayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdidlər səsləndirərək “Azərbaycanı bombalayaq” təklifini irəli sürmədimi?

Adalet.az Rusiyanın “PolitNoviqator” saytına istinadən xəbər verir ki, partiya rəhbəri Mironov Kuril adalarının adını “Rusiya adaları” qoyulması təklifi irəli sürüb. Bu təkliflə hələ 2019-cu ildə çıxış edən deputat Saxalin qubernatoru Limarenkoya regionun adının dəyişdirilməsi ilə bağlı Konstitusiyaya düzəlişin təşəbbüskarı olması üçün ona məktub göndərib. Məktubda deyilir: “Biz bölgəni Saxalin vilayəti və Rusiya adaları adlandırmağı təklif edirik. Çünki Yaponiyanın mütəmadi olaraq iddia etdiyi o dörd ada “Şikotan və İturup qrupu” adlandırılsa da, həmişə bizim Rusiya adalarımız olub, var və olacaq. 18-ci əsrdə dənizçilərimiz onları kəşf edib təsvir ediblər. Subyektin adı belə olarsa, Yaponiyanın başqasının yaylığına ağzını açmaz”,

Qeyd edək ki, Kuril adaları artıq uzun müddətdir Rusiya və Yaponiya arasında əsas mübahisə mövzusudur. Rəsmi Tokio Moskvadan öz ərazilərinin geri qaytarılmasını tələb edir.

Hələ ötən ayYaponiyahakimiyyəti son 20 ildə ilk dəfə olaraq Cənubi Kuril adalarının Yaponiyanın ayrılmaz hissəsi olduğunu və hazırda işğalda olması barədə sərt ifadəni siyasi leksikona qaytardı . Mediada yer alan məlumatlara görə, sonuncu dəfə 2003-cü ildə "Rusiya tərəfindən işğal olunmuş ərazilər" ifadəsi mediada yer alıb.

Beləki, Yaponiya XİN 2022-ci il üçün diplomatiyanın "Mavi kitabı"nın layihəsini hazırlayıb. Layihədə son 20 ildə ilk dəfə olaraq Kuril barədə “hazırda Rusiyanın işğalı altındadır” müddəası yer alıb. Bundan başqa, sənəddə Ukraynada xüsusi hərbi əməliyyatını davam etdirən Rusiyaya ittihamlar yer alıb.

"Mavi kitab" 1957-ci ildən bəri hər il nəşr olunan Yaponiya diplomatiyasının xarici siyasətini və beynəlxalq əlaqələrini ümumiləşdirən sənəddir. Hazırkı “Mavi kitab”da qeyd edilir ki, Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi üzrə danışıqların perspektivlərindən danışmaq mümkün deyil.

Yaponiyanın bu həmləsindən sonra martın 21 də rəsmi Moskva mübahisəli adalar üzrə Yaponiya ilə sülh danışıqlarından imtina edib.İmtinaya səbəb kimi Tokionun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar göstərilib.

Əntiqə Rəşid