adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Iyul 2022 12:31
989
ƏDƏBİYYAT

Qələmdən silaha sarılanlar


     Uşaq ədəbiyyatının incilərini yaradan Abdulla Şaiq yazırdı ki, hər millətin 
tərəqqisi və fəaliyyətinin başlıca amilini elm və əxlaqı aşılayan müəllim yaradır.

O müəllim ki, cəmiyyətin maariflənməsində müqəddəs dəyər hesab olunur. Müəllim 
gələcəyin təməlidir, onlar bəşər üçün ən faydalı olanı öyrədir, aydınlığa gedən bir 
yolda çıraq təsiri bağışlayır. Mənim üçün dünyada nə qədər elm sahəsi varsa, 
onların bir açarı və lideri var – müəllim. Bu ucalıq cəmiyyətin şərəfi və dəyəridir. 
Müəllim olmazsa, cəmiyyət büsbütün uçurumun kənarında yer alar. Niyyəti, 
məramı cəmiyyəti “manqurtlaşmaqdan” xilas edən bu incilər içərisində iki vəzifəni 
bir anda yerinə yetirə bilən şəxslər də oldu. Bunlar eyni anda qələmdən silaha 
sarılan bir neçə müəllim kütləsi idi. Bu yerdə Sədi Şirazinin “Bustan” əsərindən bir 
parça lap yerinə düşür:


 Bir ağıllı adam, bir də qəhrəman,                                                                                                        
Adını yüksəldər sənin hər zaman.                                                                                                   
Kim ki qılınc, ya da qələm tuta bilməsə,                                                                                           
Ona heç acıma, yıxılıb ölsə.


   Qələm tutmağı öyrədən həmkarlarımdan Qarabağ savaşında iştirak edənlər də 
oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq savaşı başlayar - başlamaz 
Vətən kəlməsinin müqəddəsliyini aşılayan bu müəllimlər könüllü olaraq Vətənin 
müdafiəsinə qalxdılar. Müəllim kimi sənətinin haqqını verən bu oğullar döyüş 
qabiliyyətlərini də nümayiş etdirərək xidmətlərində fərqləndilər. Bir pedaqoq 
olaraq, qələm və silaha sarılan bu müəllimlərin həyatını işıqlandırmaq mənim üçün 
şərəf və qürurdur. Çünki hər bir Azərbaycan gənci öz qəhrəmanlarını tanımalı, istər 
onların qələmindən, istərsə də döyüş təcrübələrindən özlərinə bir pay 
götürməlidirlər.
   Böyük zəfərdə sarsılmaz inamları və əzmləri ilə payı əvəzsiz olan müəllimlərdən 
Rahim Xubalıyev, Eyvaz Əyyub, Emin Piri, Məhəmməd Məhəmmədov kimi 
müəllimlər sözün əsl mənasında timsaldır. “Öncə Vətən!” kəlməsini deyən bu 
oğullardan incə təbiətli, şair ruhlu olanlar da az deyil. Emin Piri kimi ecazkar 
poetik nümunələr yaradan, Eyvaz Əyyub kimi unudulmaz və təsirli bir poeziya 
formalaşdıran bu oğullar artıq şagird qarşısında cümlə qurarkən qürurla öz adları 
olan nümunələr gətirməkdən çəkinmirlər. İndi onların yaradıcılığında vətən və 
qəhrəmanlıq ön plandadır. Məmməd Araz demişkən:


    Nə zaman ki qələm gəlir əllərinə,
    Vətən gəlir dillərinə.


Sözü sözdən seçməyi bacaran belə oğullar “Vətəndən pay olmaz!” şüarına əsasən, 
vətən qarşısındakı borclarından bir daha şərəflə çıxmağı bacardılar. 


  Xəyalə Həmzəliyeva

 Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin müəllimi