adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Sentyabr 2022 11:55
625
HÜQUQ

QARABAĞ FƏDAİSİ – “QARAGAF QARTALI”

Vətəni sevmək imandandır. Peyğəmbər(s.ə.s.)

Vətəni qoruyarsan,Vətən olar,qorumazsan,kəfən olar!

Dövlət orqanları sistemində prokurorluğun tutduğu yer,sosial təyinatı elədir ki, bütünlükdə qanunçuluğun vəziyyətinə görə məsuliyyət daşısa da, əsasən nəzarət orqanı kimi fəaliyyət göstərir.Lakin bəzən elə şərait yaranır ki,prokurorluq işçisi karyerasını ,hətta həyatını təhlükə altına qoyaraq, vəzifəsinə uyğun olmayan addımlar atmalı olur.Haqqında söhbət açdığımız belə insanlardan biri də Eldar Sultanovdur.

 

Prokuror tribunada

 

Eldar müəllimin həyat dəftərini vərəqləyərək, bu qədər fədakarlığın və vətənpərvərliyin haradan qaynaqlandığını düşünür, iş yoldaşım olmuş mühüm işlər üzrə böyük müstəntiq rəhmətlik Ələfsər Əliyevin tez-tez təkrar etdiyi sözləri xatırlayıram.Ələfsər müəllim deyirdi:“Kişi,anadan kişi doğulmalıdır”.Bəli,qanı fədakarlıqla yoğrulmuş Eldar müəllim əsl azərbaycanlı kişisi kimi vətəni qorumaq üçün doğulmuşdu.

8 iyul 1946-cı ildə Bakı şəhərində anadan olmuş Eldar Sadıq oğlu Sultanovun yeniyetməlik və gəncliyi keçən əsrin 60-70-ci illərinə- zəhmətlə dolu,keşməkeşli, lakin sabaha ümüdlü sovet dövrünə təsadüf edirdi.

Erkən yaşlarından əmək fəaliyyətinə başlayan Eldar Sultanov 1962-1967-ci illərdə L.Şmidt adına zavodda fəhlə işləmiş,1967-1969-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.Hərbi xidmətini başa vuran Eldar Sultanov 1969-1975-ci illərdə Volodarski adına fabrikdə ,1976-1977-ci illərdə B.Sərdarov adına zavodda fəhlə işləmişdir.1971-1977-ci illərdə ADU- nun hüquq fakültəsinin axşam şöbəsində təhsil almışdır.

1977-ci ildə prokurorluq orqanlarında işə düzəlib.Stajyorluq müddəti bitdikdən sonra Lenin (indiki Sabunçu) rayon prokurorluğunda müstəntiq, 1981-ci ildə baş müstəntiq,1983-cü ilin aprel ayından həmin rayon prokurorunun köməkçisi vəzifəsində işləmişdir.1985 ci ildə SSRİ Baş prokurorluğunun Xarkov şəhərində yerləşən rəhbər kadrlarının ixtisasartırma institunu əla qiymətlərlə bitirmişdir.1984-1988-ci illərdə Bakı şəhər prokurorunun müavini ,1988-1992-ci illərdə Əli Bayramlı şəhər (indiki Şirvan) prokuroru vəzifəsində işləmişdir.1993-1994-cü illərdə Hərbi prokurorluqda,1994-2004-cü illərdə Nəsimi rayon prokurorunun köməkçisi vəzifəsində işləmiş,2004-cü ildə xidmət illərinə görə təqaüdə çıxmış,23 iyul 2007-ci ildə vəfat etmişdir.

Eldar Sultanovun həyatının ən keşməkeşli, həm də mənalı anları 1988-1992-ci illərdə Əli Bayramlı şəhər prokuroru vəzifəsində işlədiyi illərə təsadüf edir.Bu həmin dövr idi ki,SSRİ adlı nəhəng super dövləti silkələyən erməni separatizmi özünü açıq şəkildə göstərirdi.

Belə ki, 1987-ci iln oktyabr ayında ermənilərin Qarabağ arzularını beşikdə boğan Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra, Azərbaycanı arxasız görən düşmənlərimiz açıq hərəkətə keçdilər.

1987–ci ilin noyabrındaParisdə Fransa erməni institutunun və erməni veteranlar assosiasiyasının təşkil etdiyi tədbirdə M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Qarabağ barədə demişdi: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana".

QarabağınErmənistana verilməli olduğu fikrini o, Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsində də təkrar etmişdi.Hamı yaxşı başa düşürdü ki,A.Aqanbekyan M.Qorbaçovun xəbəri olmadan belə çıxış edə bilməzdi.

Bir müddətdən sonra 200 mindən artıq soydaşımız Ermənistandan qovuldu.İqtidar və təzə formalaşmağa başlayan müxalifət liderlərinin xalqın ziyanına “ilk müştərək işi” məcburi köçkünləri Qarabağda məskunlaşdırmaq əvəzinə respublikanın müxtəlif şəhərlərində-əsasən Bakı və Sumqayıtda yerləşdirmək oldu.

“Sülhsevər” və “cəfakeş” ermənilər mərkəzi hökümətin ayırdığı pulları silahlanmağa sərf edəndə, biz düşmənə ” göz dağı vermək üçün “ tikinti,abadlıq, quruculuq işlərinə başladıq.

İllər ötəcək SSRİ dağılmaq üzrə olanda ,torpaqlar bir-bir işğal olunanda sovet dövlətinin qüdrətinə güvənən iqtidar liderləri “böyük qardaşın”ədalətli mövqe tutacağına xalqı inandırmağa,müxalifət liderləri daha irəli gedərək torpaqların işğalı ilə barışmayan xalqı-“Almanlar Moskvaya gəlib çatmışdılar,lakin qələbə sovetlərin oldu”fikri ilə ovundurmağa çalışacaqdılar!

Eldar müəllim şəhər prokuroru kimi fəaliyyətinin əvvəlində köçkünlərin problemləri ilə maraqlanır,onların acı taleyini yüngülləşdirmək istəyir və bu yolda səyini əsirgəmirdi.

1989-cu ildə Qarabağda vəziyyət xeyli gərginləşmişdi. Xatirimdədir, avqust ayında yarımilliyin yekunu ilə əlaqədar kollegiya iclası keçirilirdi. Fasilədə bir neçə prokurorla birlikdə nahar edirdik.Eldar müəllim inandırıcı dəlillərlə Qarabağ münaqişəsinin əsl mahiyyətini açıq şəkildə bildirir,ermənilərin işğalçılıq planlarından danışır,Qarabağa yardım məsələsinə toxunurdu.Axı,çoxları hələ də SSRİ adlı nəhəng dövlətin sonunun başlanğıcı olan Qarabağ münaqişəsinin böyüməsinə imkan verməyəcəyinə inanırdı.Məhz bu görüşdən sonra biz,Qarabağla birbaşa əlaqəsi olmayan insanlar münaqişənin mahiyyətini başa düşüb, müvafiq addımlar atmağa başladıq.Həmin görüşdə məlum oldu ki,Eldar müəllim xeyli müddətdir Qarabağa yardım işi ilə məşğul olur.

Haşiyə: 1988-1990-cı illərdə Şuşa rayon DİŞ-nin rəisi işləmiş, təqaüddə olan polis polkovniki Saadir Məmmədovun dediklərindən:-Yol hərəkət qaydalarını pozan yük maşınının sürücüsü DAM-nin işçisinin qanuni tələbinə tabe olmadığına görə, maşınla brlikdə şöbəyə gətirilmişdi.Yarım saat keçməmiş Eldar Sultanov telefonla mənə zəng etdi.Edar müəllimlə şəxsi tanışlığım olmasa da, onun Qarabağda nüfuzuna bələd idim.Mən məsələnin mahiyyətini və sürücünün təqsirirni Eldar müəllimə çatdırdım.O mənimlə razılaşdı, lakin dedi ki,həmin sürücü Əli Bayramlıdan 9 dəfə Qarabağa səfər edib.Bu sözdən sonra sürücünün xətası olsa da onu buraxdıq.

Eldar Sultanov Ali Sovetin iclasında

1990-cı ilin noyabr ayında Ali Sovetə keçirilən seçkilərə qatılan Eldar müəllim deputat seçildi.Onun namizədliyini şəhərin nəqliyyatçıları irəli sürmüşdülər.Bu təsadüfi deyildi.Axı,Eldar müəllim artıq bir il idi könüllü sürücülərlə,necə deyərlər, iş birliyində idi.Qarabağa yardımı onlar aparırdılar.

Əgər 1990-cı ilin noyabr ayına kimi Eldar müəllim Qarabağ əməliyyatlarını (silah-sursat əldə edib göndərmək,maddi yardım etmək və.s.) gizli şəkildə həyata keçirirdisə,parlamentə üzv çeçildikdən sonra bunu açıq-aşkar edirdi.

Parlamentin ilk iclasında məlum oldu ki,Qarabağdakı vəziyyəti bir çoxları bimir və yaxud özünü bilməməzliyə vurur.

Ali Sovetin sədri Elmira Qafarovanın- kim könüllü olaraq Qarabağa getmək istəyir?-sualına yalnız Eldar Sultanov müsbət cavab vermişdi.İclas qurtararkən evə gələn Eldar müəllim yol çantasının hazır olduğunu görür.

 

Eldar Sultanov həyat yoldaşı Havva xanım və oğlu Elmarla

 

Haşiyə: -Eldar müəllim deyidi ki, ailəmdən narahat deyiləm.Məni başa düşən,həmişə dəstək olan,uşaqlarımın anası,ömür-gün yoldaşım Havva xanım vardır.Eldar müəllimin həyat yoldaşı Havva xanımın həyatı da keşməkeşli olub.16 yaşı olanda anasını itirib.Balaca bacı və qardaşına baxmalı olub.Atasına kömək məqsədi ilə 17 yaşından əmək fəaliyyətinə başlayıb.1971-ci ildə ADU-nun hüquq fakültəsinin axşam şöbəsinə daxil olub və taleyin işinə bax, 2-ci kursda olarkən Eldar müəllim də həmin qrupda təhsil almalı olub.(Eldar Sultanov fakültənin gündüz şöbəsinə daxil olsa da, valideyinlərinin çətin maddi durumuna görə öz ərizəsi ilə axşam şöbəsinə keçmiş,gündüzlər işləmişdir.) Tezliklə tələbə yoldaşlığı qəlb dostluğuna çevrilmiş və onlar 1977-cı ildə ailə həyatı qurmuşdular.Bu evlilikdən cütlüyün Elmar və Rüfət adlı iki övladı dünyaya gəlib.Eldar müəllim prokurorluqda, Havva xanım Meşə Təsərrüfatı Nazirliyində inzibati-təsərrüfat şöbəsinin müdiri vəzifəsində ,sonralar Mədəniyyət Nazirliyində hüquq məsləhətçisi işləmişdir.Eldar müəllimin Qarabağa-Şuşaya getmək qərarını televiziyanın xəbərlər bülletenindən eşidən Havva xanım səfər üçün hazırlıq görmüşdü.Əvvəllər Eldar müəllim Qarabağa yardım göstərməklə kifayətlənirdisə, həmin gündən artıq döyüşçü kimi Qarabağın bir hissəsi oldu.

İclasın səhəri günü iki illik məzuniyyət götürərək raykomun 1-ci katibi Vaqif Cəfərovun xidməti maşını ilə Şuşaya gələn Eldar müəllim 13 yaşlı oğlu Elmarı da özü ilə aparır.1990-cı ilin axırı və 1991-ci ilin əvvəlini Qarabağda keçirən Eldar müəllim Şuşa ətrafı kəndləri Kosalar,Meşəli,Gərkicahan,Daşaltı və digər yaşayış məskənlərini gəzir ,insanlarla söhbət edir,vəziyyətlə yerində tanış olub əlaqədar təşkilatlara ümumi vəziyyəti çatdırırdı.

Bir gün xəbər gəlir ki,Qaragaflılar da köçmək istəyirlər.

Dəniz səviyyəsindən 1760 metr yüksəklikdə Qırxqız dağlarının ətəyində yerləşən Qaragaf kəndi təkcə mərd və cəsur insanları ilə deyil, həm də strateji əhəmiyyətinə görə erməilərə qənim kəsilmişdi.Kosalarla Laçın rayonu arasında körpü rolunu oynayırdı bu kənd.Cəmi 16 evdən ibarət 100 nəfərdən bir qədər çox əhalisi olan kəndin azsaylı əhalisi arvadlı- kişili, uşaqlı- böyüklü hamısı silahdan istifadə etməyi bacarırdı,lakin bir müddət əvvəl əhalidən bütün növ silahlar yığılmışdı.Qaragavın itirilməsi Qırxqızın,eləcə də Laçının şimalıın itirilməsi demək idi.

Qaragafa gedən ilk deputat və məmur olan Eldar Sultanov 13 yaşlı oğlu Elmarı da özü ilə aparmışdı.

Kənd sakinlərini inandırır ki,köçmək lazım deyil.3 gün kənddə qalıb istehkamlar qurulmasını təşkil edir.Ermənilər atəş nöqtələrindən kəndi daim təhdid edir,insanlara atəş açırdılar.Mingəçevir şəhərində hazırlanıb Şuşaya göndərilmiş “Qrad“ qurğusundan açılan effektli atəşlə ermənilərin atəş nöqtələri susdurulur. Bundan sonra erməni yaraqlılarının yerləşdiyi Daqrav kəndi “Qrad”atəşinə məruz qaldı.Qarabağ münaqişəsi vaxtı Qaragaflılar 3 dəfə Meşəlini ermənilərdən geri aldılar. Balaca Elmar isə xəstələrə yardım edilməsində,patron daşınmasında böyüklərə kömək edirdi.Bu kəndin camaatı Şuşa işğal olunduqdan sonra da bir neçə gün ermənilərlə döyüşməli oldu.

Müdriklərdən biri demişdir:“Atasız-anasız olarsan səni övladlığa götürərlər,tam olmasa da qismən valideyinləri əvəz edərlər.Övladsız olsan yetim uşaq götürüb böyüdərsən, qismən övladsızlığı unudarsan.Lakin vətən olmasa vətəni əvəz edəcək heç nə tapmaq olmaz”.

Vətənsiz də insan olan,

İnsan kimi yaşayarmı? (S.Vurğun).

Eldar müəllim azyaşlı oğlunu atəş altına apararaq kənd camaatına ürək-dirək verir,həm də sübut edirdi ki, vətəni ailədən,övladlarından üstün tutan nadir şəxsiyyətlərdəndir.Məhz bu şücayətinə görə “Qaragaf Qartalı”deyirdilər Eldar Sultanova.

Oğlu Elmar Sultanovun dediklərindən:”Atam növbəti səfərində məni də Şuşaya apardı.Şuşada Adil əmigildə qalırdıq.Sonra atam məni Qaragaf kəndinə apardı.Yadımda qalan odur ki,hər gün atışma olurdu.Mən də yaşıdlarımla yaralılara qulluq edir,lazım olanda patron daşıyırdım”.

Eldar müəllim Şuşada RİH başçısının müavini işləyən Adil Babişevin evində qalırdı.Adil müəllimin oğlu Eminin dediklərindən: “Eldar əmi birinci dəfə oğlu Elmarla gəlmişdi.Tezliklə Elmarla dostlaşdıq və daim bir yerdə olurduq.Hərdən kəndlərə gedəndə Elmarı da özü ilə aparırdı.Sonralar biz qaçqınlıq dövründə Əli Bayramlıda Eldar əmigildə qalırdıq”.

 

Haşiyə:Həmin vaxt Mingəçevir şəhər prokuroru işləyən Bəhruz Mahmudov qonşu respublikada yerləşən hərbi hissə komandirlərindən biri ilə əlaqə yaradıb öz vəsaiti hesabına “Qrad”qurğusunun eskizlərini əldə edərək,Mingəçevir şəhərində yerləşən zavoda gətirir.Zavodun mühəndis-texnk heyəti həvəslə bu işə girişir və gərgin əmək sayəsində 2 “Qrad” qurğusu düzəldirlər. Qurğunun biri də Şuşaya göndərilir.Məhz həmin qurğunun köməyi ilə ermənilərə layiqli cavab verilir, atəş nöqtələri susdurulur.

Eldar müəllim Qarabağda dəfələrlə ölümlə üz-üzə gəlir.İki dəfə olduğu maşın qəzaya uğrayır,bir neçə dəfə düşmən tərəfi maşın karvanını atəşə tutsa da, Uca Tanrı qoruyur onu.

Gərkicahanlılar Eldar müəllimdən silah -sursat istəmişdilər.Tikinti materialları daşıyan yük maşınında xeyli silah-sursat var idi.Maşın yolda sürüşür və dərəyə aşmaq üzrə olanda arxa tərəfi qayaya ilişir.Eldar müəllim özü maşının yanında qalıb,sürücünü Turşsu qəsəbəsinə göndərir.Bir neçə saatdan sonra sürücü traktorla gəlir və onlar yükü Gərkicahana çatdırırlar.

Başqa bir vaxtda 15 maşınla Şuşaya gedərkən ermənilər qabağda gedən iki maşını vururlar.Sürücülər qorxuya düşüb bəziləri qaçıb gizlənirlər.Bu zaman patrul maşını görünür.Eldar müəllim deputat və prokuror vəsiqəsini patrullara göstərərək onlarla birlikdə Şuşaya gedib,əlavə qüvvə ilə qayıdıb yükləri Şuşaya çatdıra bilir.

Sual oluna bilər-Eldar müəllim silah- sursatı necə və haradan alırdı?Əlbəttə ,həmişə müharibəyə gəlir mənbəyi kimi baxan ruslardan!

1985-1997-ci illərdə Əli Bayramlı şəhər prokurorluğunda sürücü işləmiş Həsən Həsənovun dediklərindən:-“Eldar müəllim bütün həyatını və fəaliyyətini Qarabağ problemlərinə həsr etmişdi.1990-cı ildən sonra ,ümumiyyətlə, gec-gec görüşürdük.Eldar müəllim Qarabağa xidməti maşınla getmirdi. Onun tapşırığı ilə dəfələrlə Abşeronda yerləşən hərbi hissələrdən 200 min,300 min müxtəlif kalibrli patron alıb Şuşaya gındərmişəm.Bu işdə şəhər ziyalıları və imkanlı adamların maddi dəstəyini də qeyd etməliyəm.Şuşa işğal olunandan sonra Eldar müəllimi həmişə məyus görürdüm.Bir müddətdən sonra şəhər prokuroru vəzifəsindən istefaya getdi. Eldar müəllim xəstə olarkan mənə evinin satılması üçün etibarnamə verdi.Mən müştəri tapıb evi satdım.Satışdan əldə olunan pulu müalicəsinə sərf etdi”.

Əli Bayramlı(Şirvan) şəhər prokurorluğunda dəftərxana müdiri işləyən Qalina Hüseynovanın dediklərindən:“Mən 1982- ci ildən Əli Bayramlı şəhər prokurorluğunda dəftərxana müdiri işləyirəm.Eldar müəllim işlədiyim üçüncü prokuror idi.O,təxminən bir il işə normal gəlib-getdi.Bundan sonra onu az-az görürdük.Bütün vaxtını Qarabağda keçirirdi”.

1988-1990-cı illərdə Əli Bayramlı şəhər DİŞ-nin rəisi işləmiş,təqaüddə olan polis polkovniki Əziz Mövlanovun dediklərindən:-“Eldar Sultanovla ilk gündən səmimi və işgüzar münasibətlərimiz yaranmışdı.1989-cu ildə Qarabağla əlaqədar hadisələr qızışandan sonra az-az görüşürdük.Çünki,Eldar müəllim vaxtının çoxunu Qarabağda keçirirdi”.

1990-1992-ci illərdə Əli Bayramlı şəhər DİŞ-nin rəisi işləmiş,təqaüddə olan polis polkovniki Hüseynağa Ocadovun dediklərindən:-“Eldar müəllimlə ilk görüşümüzdən aramızda xoş münasibət yarandı.1990-cı ildə parlament seçkilərindən sonra Eldar müəllim aylarla Qarabağda olurdu.Bizim şöbənin əməkdaşları da Qarabağ bölgəsinə ezam olunurdular”.

 

1-ci Qarabağ savaşında Ağdam rayon prokuroru vəzifəsində işləmiş Zahid Tağıyevin dediklərindən:-“Eldar müəllim bir neçə dəfə Ağdama gəlmişdi.Bir dəfə mənim yanıma gələrək iri çaplı pulemyot istədi.Həmin vaxt ağdamlılara da silah lazım idi.Mən xüsuüi xidmət orqanlarının köməyi ilə onun istədiyi silah- sursatı tapıb verdim.(Bu həmin Zahid Tağıyevdir ki, 25 fevral 1992-ci ildə Ağdam şəhəri,o cümlədən, prokurorluğun inzibatı binası “Qrad”qurğuları ilə atəşə məruz qalanda postunu tərk etməmiş, digər rayon rəhbərləri ilə birlikdə həyacanlanmış xalqı sakitləşdirməyə çalışmaqla bərabər, həmin gecə tamah məqsədi ilə 4 nəfərin öldürülməsi ilə nəticələnən qanlı cinayətin açılmasını təmin etmişdir)

Eldar müəllim Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanmırdı.Ona görə də “hər sey Qarabağ üçün”prinsipi ilə hərəkət edərək bu yolda mübarizə üsulunun bütün forma və metodlarından istifadə edirdi.Təsadüfi deyil ki,DQMV-nin prokuroru V.Vasilenkonun şərəfinə təşkil edilmiş ziyafətdə Eldar da iştirak edirdi.

Haşiyə:

1988-ci ilin əvvəllərindən ermənilər uzun illər ərzində hazırladıqları planı-Qarabağın işğal edilməsini həyata keçirməyə başladılar.Bu məqsədlə partiya, sovet orqanlarını ələ almaqla kifayətlənməyib,hüquq mühafizə orqanlarını da öz oyunlarına qatmışdılar.

Həmin dövrdə digər hüquq mühafizə orqanları kimi prokurorluq da erməniləşdirilmişdi.Bütün vilayət üzrə Şuşa prokurorluğu istisna olmaqla cəmi 3 nəfər azərbaycanlı işləyirdi.

Bunlar vilayət prokurorunun böyük köməkçisi Şahmalı Məmmədov,istintaq bölməsinin böyük prokuroru Qənimət Səfərov və Əskəran rayon prokurorunun köməkçisi Siyasət Aliyev idi.(Bir müddətdən sonra ermənilər Siyasət Aliyevi bıçaqladılar).

Başqa sözlə dövlət tərəfindən müəyyən edilən və sanksiyalaşdırılan ,dövlət məcburetməsi ilə təmin olunan normaları həyata keçirməli olan hüquq mühafizə orqanlarının işi iflic vəziyyətinə düşmüşdü.

DQMV adlı qurum yarandığı gündən vilayət prokuroru həmişə erməni olmuşdu.Axırıncı erməni prokuror Arkadi Babayan artıq öz erməni xislətini gizlətmirdi.Respublika prokuroru İlyas İsmayılovun təşəbbüsü ilə A.Babayan vəzifəsindən kənarlaşdırıldı və 1988-ci ilin mart ayında kompromiss variant kimi vilayət prokuroru vəzifəsinə Valeri Vladimiroviç Vasilenko təyin edildi.(Vilayət prokurorunu işdən azad edilməsi və vəzifəyə təyin edilməsi SSRİ Baş prokurorunun səlahiyyətinə aid idi).Eyni zamanda vilayət prokuroruun müavini vəzifəsinə sonrallar bir neçə rayonda prokuror işləyən Mübariz Bayramov gətirildi.

Moskvanın nümayəndəsi kimi V.Vasilenkonun ədalətli mövqe tutmasından çox şey asılı idi.Bu təyinatdan sonra baş tutan

kollegiya iclaslarından birində həmin dövrdə Respublika prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi işləyən İsaxan Vəliyevin təklifi ilə Masallı rayon prokuroru Əzizağa Həsənovun,Kirovabad(Gəncə) şəhər Gəncə rayon prokuroru Mahmud Nəbiyevin iştirakı ilə V.Vasilenkonun şərəfinə verilən ziyafətdə Eldar Sultanov da iştirak edirdi.Biz V.Vasilenkoya Qarabağ həqiqətlərini çatdırmağa çalışırdıq.Bir neçə saatlıq həmin görüşdə Eldar müəllim xüsusi məlumatlılığı ilə fərqlənidi.Sonralar ermənilər V.Vasilenkonu Azərbaycana rəğbətdə təqsirləndirir,ona silah tuşlamaqdan belə çəkinmirdilər.Bu səbəbdən V.Vasilenko ailəsini Xankəndində deyil,Şuşada yerləşdirmişdi.

1988-1992-ci illərdə Şuşa rayon prokuroru vəzifəsində işləmiş Ələddin Ələsgərov V.Vasilenkonun həqiqətən ədalətli mövqe tutması barədə bu gün də ağızdolusu danışır.Həmin dövrdə rayon prokurorluğunda müstənriq işləmiş Əhməd Abdullayev də mənimlə söhbətində bu faktı təsdiq etdi.

Ermənilərin saysız-hesabsız şikayətləri nəticəsində V.Vasilenko 1990-cı ildə vəzifəsindən kənarlaşdırıldı.

 

1991-ci ilin axırı 1992-cü ilin əvvəlləri Şuşa ətrafında mühasirə halqası daralırdı.Şuşa RİH-nin başçısı Mikayıl Gözəlovun xaincəsinə öldürülməsindən sonra əhalidə ruh düşgünlüyü,pərakəndəlik hiss olunurdu.Ermənilər ətraf kəndləri işğal edirdi.Döyüşlər ara vermirdi.Hər gün Şuşaya şəhidlər gətirilirdi.Eldar müəllim qıtlığı nəzərə alaraq şəhərə xeyli kəfənlik gətirmişdi.Onun xahişini nəzərə alan Şeyx Şuşaya vicdanlı və gənc molla göndərmişdi.Belə bir şəraitdə Eldar müəllim səylərini daha da artırır,özünü bütünlüklə Şuşanın müdafiəsinə həsr edirdi. Şuşa müdafiə batalyonunun komandiri Ramiz Qənbərovla sıx əlaqədə olan Eldar müəllim hər cür vasitələrdən istifadə edərək şuşalılara

Qaragaf Qartalı döyüş mövqeyində

kömək edirdi.Sonralar Şuşanın işğalından 5 gün əvvəl şəhid olmuş Ramiz Qənbərovun son sözlərini tez-tez xatırlayırdı Eldar müəllim.Ağır güllə yarası almış gənc və cəsur komandir:“Ölmək istəmirəm,Şuşanı müdafiəsiz qoya bilmərəm”,-deyirdi.

 

Eldar Sultanov sonralar müsahibələrinin birində deyəcəkdi:“Şuşa Xankəndi yolu tamamilə minalanmış,keçilməz olmuşdu.Müdafiə Nazirliyinin rəhbərliyi Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinin Şuşaya gəlməsi münasibəti ilə mina xəritəsini istəmiş,yol minalardan təmizlənmiş,lakin Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinin əvəzinə həmin yolla ermənilər gələrək Şuşanı işğal etmişdilər.Eldar müəllim bunun xəyanət ,yoxsa diqqətsizlik olduğunu ömrünün axırına kimi öyrənə bilmədi.Müdafiə Nazirliyi və Respublika rəhbərliyi dəfələrlə Baş prokuror Murad Babayevdən Eldar Sultanovun vəzifəsindən kənarlaşdırılmasını tələb etsələr də, Murad Babayev həmişə Eldar müəllimə dəstək olmuşdu.”Müdrik rəhbərlər” Eldar Sultanovu sülh prosesinə mane olmaqda təqsirləndirirdilər. Respublika rəhbərliyi həqiqəti xalqdan gizlədir,həyacan təbili çalanları şaiyə yaymaqda təqsirləndirirdilər.

Şuşanın və Laçının işğalından sonra da Eldar müəllim fəal vətəndaşlıq mövqeyindən çəkinmədi.O,erməni faşizmini ifşa edən faktları yığıb saxlamışdı.İnanırdı ki,vaxt gələcək erməni faşistləri Beynəlxalq məhkəməyə çıxarılacaq və o dövlət ittihamçısı kimi olmasa da, şahid kimi bu prosesdə iştirak edəcək. Bəzi deputat yoldaşlarının laqeydliyi,biganəliyi üzürdü onu.Bir dəfə Xocalı faciəsini əks etdirən filmə bir çox deputatların baxmaqdan imtina etməsini heç cür həzm edə bilmirdi. Bəziləri ona irad tutur,digərləri “bir gül ilə bahar olmaz”-deyirdilər.

1992-ci ilin sonlarında obyektiv(xəstəliyi) və subyektiv (yüksək çinli məmurların az qala düşmən kəsilməsi,təpkisi) səbəblərdən 5 illik konstitutsiya müddətinə bir neçə ay qalmış istefa verməli oldu Eldar müəllim.

Eldar müəllim xidməti işində də fərqlənirdi.O, dəfələrlə Baş prokurorluq tərəfindən mükafatlandırılmışdı. Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyərkən onun dövlət ittihamçısı olduğu cinayət işi ilə əlaqədar Az.tv 3 hissəli film çəkib nümayiş etdirmişdi.Təəsüf ki,bu yazını hazırlayarkən həmin filmi tapmaq mümkün olmadı.

Sözardı: Birinci Qarabağ savaşında bizim qəhrəman polis işçilərimizin fədakarlığı danılmazdır.Məhz buna görə də ilk milli qəhramanlarımızın,dövlət mükafatı ilə təltif olunanların sırasında polis əməkdaşlarının adlarını görəndə iftixar hissi keçirir və onları həmişə yad edirik.Vətənsevər polis əməkdaşlarının ən qaynar yerlərdə olması , həm də onların vəzifə borcu idi.Lakin prokurorun və prokurorluq işçilərinin döyüş bölgəsində olması,əlində silah döyüşməsi ,gecə- gündüz silah daşıması vəzifə borcu deyildi.Məhz bu səbəbdən də bir nəfər də olsa prokurorluq işçisi hökumət mükafatı ilə təltif olunmayıb.Bu ,həmin dövrdə, xüsusi ilə müstəqillik dövründə quruma rəhbərlik etmiş Baş prokurorların yumşaq desək diqqətsizliyinin nəticəsidir.

Ümummilli liderimiz Heydər Əliyevin17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr Prokurorluğun peşə bayramı günü elan edildi.Həmin vaxtdan hər il öz vəzifə borcunu ləyaqətlə icra edən onlarla prokurorluq işçisi Prezidentin Sərəncamı ilə müxtəlif dövlət mükafatları ilə təltif olunurlar.

İnanıram ki,fəaliyyətinin əvvəlindən bir çox yeniliklərə imza atıb, prokurorluğun fəaliyyətini canlandıran Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bu məsələ ilə əlaqədar araşdırma aparıb,1-ci Qarabağ savaşında karyerasını ,həyatını,hətta ailə üzvlərini təhlükə altında qoyan Eldar Sultanov kimi fədakar prokurorluq işçilərinin dövlət mükafatına təqdim olunması üçün zəruri addımlar atacaq.

Ələmdar Məmmədov,

Təqaüddə olan baş ədliyyə müşaviri

 

P.S.1994-cü ilin fevral ayında keçirilən kollegiya iclasında Baş prokuror Əli Ömərovun şəxsi avtomobilini satıb 5 milyon manat qaçqın –köçkünlərin ehtiyacı üçün göndərdiyi xəbəri televiziya vasitəsi ilə elan olunan günün səhərisi prokurorlar arasında az qala yardım yarışı başladı. Hər gün televiziyada bu və ya digər prokurorun və rəisin qaçqınlara və köçkünlərə yardım etməsi barədə məlumat verilirdi. Bu həmin vaxt idi ki,Qarabağın çox hissəsi əldən getmiş,bir milyon soydaşımız ev- eşiyindən olmuş,Qarabağ dərdi ilə xəstəlik tapmış Eldar Sultanov müalicəsi üçün evini satmışdı.