adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyul 2022 16:54
1789
ƏDƏBİYYAT

“Pul kisəsi” - Pərvanə Bayramqızı yazır
 

Şuşa mənimçün itmiş pul kisəsidir.

Pulu sevdiyim üçün yox, itki anlayışı kimi fikrimi bu cür izah edirəm. "Pul kisəsi" yurd, insan, xatirə itkisinə bərabərdir. İçində pul olan kisədən söhbət getmir. İçi Şuşa dolu qardaş yadigarı olan kisəni nəzərdə tuturam. O şuşalı qadın dünyasını dəyişmiş olar, hələ o vaxtlar yaşlı idi, qardaşının verdiyi pul kisəsini itirməyə dözməyən qadının Şuşanın işğalına tab gətirmə ehtimalı azdır, amma necə deyərlər, xatirəsi isə ağızdan-ağıza keçərək hələ də dolaşmaqdadır.

Adam ev-eşiyini itirəndə xatirələri ilə yaşayır, xatirələri itirməksə ümid hissinin qeybə çəkilməsidir. "Xatirə necə itir?" sualının cavabı çoxdur. Ya yaddaş itəndə onunla bərabər "udalit" olur, ya da gündə yüz dəfə toxunduğun əşyaların itəndə yaşananlardan nişanə qalmır. Bir də keçmişi düşünməyi qadağan etməklə (özün özünə, yaxud başqası sənə) xatirələri itirmək olur. Xatirələr itəndən sonra yaşamağa səbəb axtarıb ömrə davam etmək hamıda eyni nəticə vermir.

Ailəmizdə Şuşaya sevgi həmişə olub, əmimgil orda yaşadığı üçün sevinə-sevinə getmişik ora. Şuşanı işğaldan qabaq görmüşdüm.

Mən uşaq olanda əmimin yoldaşı qonşu olduğu qadının xatirəsini danışmışdı. 1941-ci ildə müharibəyə gedən Qulam adlı oğlan bacısına pul kisəsi bağışlayır. Oğlan itkin düşür. Qadın qardaşının yadigarı kimi kisəni qoruyur. Adi bir əşya onunçün canlıya çevrilir. Qardaşının əli dəyib, nəfəsi toxunub deyə kisə onunçün müqəddəsləşir. Bir gün kisəni itirir. Günlərlə axtarır tapa bilmir. Qardaşını təzədən itiribmiş kimi yasa batır. Gözü hər yerdə onu axtarır.

Dünyada əzizinin qoxusunu əşyadan almaq ağrısı da var…

Uzun illər sonra təsadüfən əmimin yoldaşı onlarda olanda nəyinsə arasından kisəni tapır. Deyir, sənə bir şey versəm neynəyərsən? Qadın ümid dolu baxışlarla ona baxıb soruşur:

- Sən Qulamın canı, kisəni tapmısan?

Anda fikir verin: sən Qulamın canı... təsirlidir. Ona əziz olan qardaşının canına and verməyi adamı kövrəldir. Azərbaycanlı qızların müqəddəs and yeri atalarının, qardaşlarının canıdır. Özləri necə sevirlərsə, istəyirlər, başqaları da qardaşlarını o cür sevsin. Bununla qardaşlarını pislikdən qoruyurlar. Sevgi olan yerdə itirmək qorxusundan başqa qorxu olmur. İtirdiyimiz şəhidlərin hamısı bizim üçün Qulamdır, yəni əzizdir. Onlar təkcə öz bacılarının qardaşıları deyillər.

Əmimin yoldaşı kisəni ona verəndə qadın hönkürüb ağlayır. Doğmasına qovuşubmuş kimi kisəni üzünə-gözünə sürtür.

Şuşa işğal olunanda birinci o qadının halını düşündüm. Mənə elə gəldi ki, bu dəfə Azərbaycan xalqı bütövlükdə öz pul kisəsini itirdi. İndi Qulam kimi qardaşların sayı artmışdı.

Uşaqdım, amma uşaq deyildim. Çox şeyi böyüklər qədər dərk edirdim. İlahi, qardaşın verdiyi adi bir əşya belə dəyərlidirsə, babalardan qalan torpağı itirmək nə deməkdir? O kisənin içi dolu xatirə idi... Şuşa dolu xatirə... qardaşlı, atalı, analı günlərin xatirəsi. Kiçik əşyadan belə ayrıla bilməyən millətimizi həmişə bağlı olduqları torpağın bağrından zorla qoparıblar.

Bu gün pul kisəmizi Azərbaycan oğulları qaytarıblar, bizə qalır qazanıb onun bərəkətini qaytarmaq. Sərvət tapacağıq, amma canını, qanını torpaq edənləri bir də görməyəcəyik.

Şuşasızlıq neçə canlar, necə canlar aldı, ilahi!!! Şuşaya hissiz-duyğusuz selfi üçün gedənlər barı Şuşadan didərgin düşüb çöllərdə aclıqdan, susuzluqdan can verənlərin, yurd itkisinə dözməyib ürəyi partlayanların ruhlarını yad edələr.