adalet.az header logo
  • Bakı 18°C
12 Noyabr 2022 12:54
994
MƏMLƏKƏT

Oğuz elinin igidləri: "Geri dön cənab mayor, səni gözləyənlər var..."


Ağır oğuz elləri var olduğu gündən onun düşmənləri də, gözü götürməyənləri də var olub. Bu vətənin başı nələr çəkməyib? Bu vətən kimlərin istilasına meydan olmayıb...?


Yadellilər amansız olub, qaniçən olub, sanki Allahın səxavət əli ilə verdiyi xalqımıza bəxş etdiyi sərvətlərin heyfini, qisasını oğuz ellərini talamaqla, dinc insanlarına işgəncə verməklə, çarmıxa çəkməklə, qılıncdan keçirməklə almağa çalışdılar. Elə o vaxtdan oğuzun igidləri silaha sarılıb həm vətən torpağını, həm xalqını belə amansız işğalçılardan müdafiə etməyə qalxdılar. Qılınclara doğrandılar, düşmən oxuna tuş gəldilər, namərd zərbəsi aldılar, amma meydandan qaçmadılar. Qəhrəmancasına döyüşdülər, qəhrəmancasına da həlak oldular.

Yüz illər, min illər, qərinələr keçib. Dünya , insanlar, xarakterlər, adətlər-ənənələr, hətta xəritələr dəyişib, texnika –texnologiya sürətlə inkişaf edib. Planetin hər köşəsi ovcunun içində, hər köşədə dəyişikliklər göz qabağında! Soruşsanız dəyişməyən nədir? Ürəklə deyərdim ki, xalqımızın yetişdirdiyi oğulların igidliyi, cəsurluğu, təəssübkeşliyi, canını vətən yolunda, xalqı üçün qurban vermək bacarığı!Oğuz eli yarandığı gündən bu günə qədər bəlkə də dəyişməyən yeganə naüns!

Bu gün sizi bir igid eloğlumuzla tanış edəcəyəm!


Əvvəlcə qeyd edim ki, İmişli obası cəsur, igid oğullar yurdudur. Hələ İmişlinin təkcə Xubyarlı adlı elatında igidlərin sayı-hesabı yoxdu. Şəhidləri var, qaziləri var, müharibə iştirakçıları var. Hamısı da fəxr ediləcək oğullardı!
Elə fəxrimiz Emin Süleymanov kimi!


Adalet.az xəbər verir ki, Emin Süleymanov 1977-ci il iyulun 21-də İmişli rayonunda dünyaya göz açıb. Kəndlərində, rayonlarında erməni vandalizmindən canını qurtarıb qaçmış məcburi köçkünləri görəndən, erməni gülləsindən şəhid olmuş igidləri tanıyandan sonra ürəyində qisas hissi yaranan Emin gələcəyin hərbçisi olmağa qərar verib. 1983-1992-ci illərdə orta məktəbdə, 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini başa vurub. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnib. Emin Süleymanov 1999-cu ildə ali hərbi məktəbdən məzun olduqdan sonra Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə “leytenant” rütbəsində hərbi vəzifəsinə başlayıb. Ordu sıralarında xidmət etməyə başlayan gündən o, yalnız ön cəbhədə xidmətini yerinə yetirib. Mayor rütbəsinə qədər ucalan Emin divizyon komandiri olub. Hələ Aprel döyüşlərində Emin və tabeçiliyində olan topçular erməni təxribatının qarşısının alınmasında şücaəti ilə seçilib. Emin Süleymanov xidməti dövründə fərqləndiyinə görə, bir neçə medal və fəxri fərmanlarla təltif edilib. Vətən müharibəsi başlayan gündən Emin komandanlıq etdiyi divizyonla düşmən mövqelərini dəqiq atəşlərlə məhv etməyə başlayıb. İlk döyüş yolu Murovdağ istiqamətindən başlayan Emin Süleymanov və tabeliyində olan igidləri daha sonra Füzuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər. Tuğ kəndinin alınmasında Emin və artilleriyaçıları xüsusi fəallıq göstərib. 42 gün döyüşən Emin və topçuları dəqiq koordinatlarla hədəfə aldıqları düşmənin strateji mövqelərini, bir çox texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edib. Noyabrın 7-də Laçın dəhlizi istiqamətində gedən gərgin döyüşlər zamanı Emin Süleymanov qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, şəhid Mayor Emin Süleymanov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü” və Şuşanın olunmasına görə medalları ilə təltif olunub.


Bir sözlə, Emin 43 illik ömrünün 30 ilə yaxınını hərbidə keçirib. Təsəvvür edin, hər dəfə televiziyada “Ermənistan silahlı qüvvələri atəşkəsi pozub” cümləsindən sonra hərbçinin valideynləri, xanımı, övladları, yaxınları hansı həyəcanı, hansı narahatçılıqları yaşayıb...

Bir dəfə bir şəhid anasından müsahibə alırdım. Dedi ki, övladın hərbçidirsə ən çətin, ən ağır və şərəfli peşənin sahibidir:”Hərbçi anası olmaq hərbçi olmaqdan daha ağır, daha çətin, daha şərəflidir. Bu o deməkdir ki, sən hər gün əziz balanın tabutunu gözləyirsən, hər an qapı döyülər, tanımadığın insanlar evinə daxil olub, oğlunun tabutunu sənə təhvil verərlər! Hər gün eyni fikirləri düşünüb sakit görünmək dəhşətdir! Amma təmkinlə susursan, ciddi-cəhdlə içindəki təlatümləri özündən başqa kimsəyə aça bilmirsən... Elə hiss edirsən ki, içindəkini kiməsə söyləsən, o təlatümlər, o faciə, o gözlənti gerçəkləşər, reallaşar! Hərbçi ailəsi özü özünü içindən yeyib bitirir".


O yaşantıları şəhidimizin həyat yoldaşı Məhsəti xanım da yaşayıb. M. Süleymanovanın Oxu.az-a verdiyi müsahibəsindən bir parçanı diqqətinizə çatdırırıq: "Hərbçi ailəsi daim təşviş içərisində olur. Onun tərxis olunmasını gözləyirdik. Bu müharibə tamam başqa cür oldu. Torpaqların alınmasından ötrü bütün ölkə səfərbər oldu. Müharibənin başlandığını bizə demirdi. Ağlımıza gəlmirdi. Müharibənin adı belə, bizdə təşviş yaradırdı.. Oktyabrın 4-5-i axırıncı görüşümüz oldu. Tələsik evə gəldi. Dedi ki, uşaqlar məni gözləyirlər. Yemək belə yemədi. Onun üçün birinci işi, sonra ailəsi idi. Heç vaxt işi barədə danışmırdı. O inanmırdı ki, şəhid olacaq. Qayıdacaqmış kimi getdi”.

9 noyabrda əbədiyyətə qovuşan şəhidimiz doğma torpağına 13 noyabrda qovuşub. Yurdunda Emiliya adlı qızı, Bəhmən adlı oğlu əmanəti var. Hər ikisi məktəblidir! Hər ikisi də atasının “əlaçı ol, yaxşı oxu” tövsiyyəsinə diqqətlə əməl edirlər! Axı, bu tövsiyyəni onlara həm atası, həm də möhtəşəm və fəxrimiz olan Azərbaycan ordusunun mayoru, qəhrəman Emin Süleymanov verib!

Beləcə... Oğuz elinin bir ləyaqətli, cəsur, igid oğlu ilə tək bu yazını oxuyanlar yox, onu tanıyanlar yox, bütün Azərbaycan yox, elə oğuz eli var olduqca, soydaşlarımın sonuncu nəfəri bu dünyada var olduqca fəxr edəcəklər!Bir daha şəhidliyin mübarək igid zabit, cəsur Emin Süleymanov! Bu xalq səni unutmayacaq!

Yadıma düşmüşkən deyim: Bu ilin iyunun 22-si Xubyarlı kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu.Orda başqa şəhidlərimizlə yanaşı qəhrəman topçunun da barelyefi qoyuldu.
Şəhidin anası Tamara xanımın 5 oğul, 2 qız övladı olub. Ana iki oğlunu və bir qızını illər öncə itirib. Qəlbinə dəfələrlə bala dağı vurulan Tamara ananın dərd yığılmış gözlərindən, uzun illərdir mərmərlərə sığal çəkən əllərindən öpürəm!
Məhsəti xanıma hərbçi təmkini, səbri və iradəsi , vətən əmanəti olan Emiliya və Bəhmənə isə Emin Süleymanovun adına layiq övlad olmağı arzulayıram!

P.S. Bu sətirləri yaza-yaza yenə eyni fikirlər ağlıma gəlir. Hər bir şəhidimizdən yazanda o fikir beynimdən gəlir- keçir...Bilirsiniz nə düşünürəm?: Geniş bir biyaban, səssiz səmirsiz çöllükdə dayanıb ucadan bağırmaq istəyirəm! İstəyirəm üzümü tutam, hamımızı görən, duyan, amma heç kimin görə bilmədiyi,  hiss edə bilmədiyi  şəhidlərimizə tərəf, o müqəddəs ruhların yığışdığı o cənnət məkana tərəf! Bağıram, ucadan, içdən! Deyəm ki, " geri dönün, yalvarıram, evinizə dönün, axı orda sizi gözləyənlər var... Axı, orda sizin gəlişinizdən dünyaca xoşbəxt olanlar olacaq...

İndi elə bu dəqiqə həmin fikir yenə beynimdə "oynadı": "Cənab mayor, siz də geri dönün... Axı, sizi də gözləyənlər var...  

Bilirəm ki, onlar məni eşitməyəcək, heç dinləmək də istəməyəcəklər! Çünki, onlar əbədiyyəti seçiblər!Çünki onlar seçilmişlərdir!

Müqəddəs ruhunuz qarşısında baş əyirəm!   

Əntiqə Rəşid