adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Iyul 2022 13:50
1117
ƏDƏBİYYAT

Məktəbli çantası

Əvvəl ağır gələrdi məktəbli çantaları,

Dünyanın ağır yükü uşaqlara düşürdü.

Kitablara yazılan alınmayan qisaslar,

Məktəbli uşaqların belini də bükürdü.

 

Taptalanan mənliyim , işğal olan kimliyim,

Dərslik kitablarında qan iziydi qabaqlar .

Daha mənim yükümə gücü çatmadığından,

səhərlər ağlayırdı dərsə gedən uşaqlar.

 

Barıt rəngində idi siniflərin lövhəsi ,

Bir soyuq divarında xəritəmiz yanırdı .

Şagirddən, işğal olmuş torpağı soruşanda ,

Hər doğru cavabına müəllim utanırdı.

 

Lövhələr təbaşirlə ağardıldı bir səhər ,

Xəritə çiçək açdı , soyuq divar isindi.

Çantalara yığıldı qələbə kitabları ,

Səhər dərsə oyanan uşaqlar da sevindi .

 

Bu günə saxlanılmış sevinc göz yaşılarıyla

Varaqdan qan izləri sətir - sətir yuyuldu,

Götürüldü qisasla çiyinlərdən yükləri ,

Onu nə göylər aldı , nə də yerə qoyuldu.

 

Dünən bir uşaq gördüm məktəbə tələsirdi ,

Soruşdum ki , əzizim , kitabların ağırdı ?

Gülə-gülə söylədi: Əvvəl ağır olanda,

Məktəbəcən böyüklər özləri aparırdı!

Cavid Qasımov.