adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Avqust 2022 15:13
362
DÜNYA

İrandan Salman Rüşdi açıqlaması: “Özü və tərəfdarları məsuldur”

Dünya şöhrətli yazıçı Salman Rüşdiyə bıçaqla hücumla bağlı İrandan diqqətçəkən açıqlama gəlib.

İranın keçmiş dini lideri Ruhullah Xomeyninin 1989-cu ildə ölüm fətvası verdiyi Hindistan əsilli yazıçı Salman Rüşdi cümə günü Nyu-Yorkda iştirak etdiyi tədbirdə bıçaqlı hücuma məruz qalarkən, İran Xarici İşlər Nazirliyi bəyanat verib.

Nazirlik hücuma görə yalnız Rüşdinin özü və tərəfdarlarının məsuliyyət daşıdığını bəyan edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani deyib:

“İfadə azadlığı Salman Rüşdini yazılarında dini təhqir etməkdən azad etmir. Salman Rüşdi İslami dəyərləri təhqir edərək xalqın qəzəbinə səbəb olub və 1,5 milyard müsəlmanın qırmızı xəttini qırıb”

Kenani hücumla bağlı İrana qarşı irəli sürülən ittihamları da “qəbuledilməz” adlandırıb və hücumla bağlı mediada yer alan məlumatlardan artığını bilmədiklərini bildirib.

Məşhur yazıçı 1988-ci ildə nəşr olunan "Şeytan ayələri" kitabı ilə bəzi müsəlman dairələrinin tənqidinə tuş gəlib və Xomeyni 1989-cu ildə dərc etdirdiyi fətva ilə Rüşdini öldürməyə çağırıb. İran hökuməti 1998-ci ildə fətvaya verdiyi dəstəyi geri götürüb.

Rüşdiyə bıçaqla hücum edən şəxsin Livan əsilli Hadi Matar olduğu açıqlanıb.

Eminquey