adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Dekabr 2022 11:47
841
ƏDƏBİYYAT

İndi “Qarabağnamə”lər Zəfərimizdən söz açır - Maarifə Hacıyeva yazır

Zəngin ədəbiyyatı və incəsənəti, bənzərsiz memarlıq nümunələri ilə tanınan, yetişdirdiyi fikir, söz adamları, təfəkkür sahibləri ilə məşhur olan Qarabağ torpağı bəşər mədəniyyətinə böyük töhfələr vermişdir. Milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan mədəniyyət beşiyimiz haqqında yazılmış “Qarabağnamə”lər bu füsunkar diyarın tarixini öyrənmək üçün qiymətli mənbələr, ədəbi salnamələrdir. Müxtəlif vaxtlarda qələmə alınmış, bizə məlum olan 10-dan çox “Qarabağnamə”də vətənpərvər tarixçilərin və salnaməçilərin qədim Qarabağ haqqında tarixi gerçəkliyi əks etdirən bədii və publisistik yazıları toplanıb.

Otuz ilə yaxın bir zaman kəsiyində nankor ermənilərin işğalına məruz qalan Qarabağ torpağı, şükürlər olsun ki, bu gün asudə nəfəs alır, azadlığın bəxş etdiyi qürur hissini yaşayır, yurd yerlərimizi düşmən əsarətindən qurtaran oğulların qəhrəmanlığını əks etdirən yeni “Qarabağnamə”lər ərsəyə gəlir.

Bu ilin sentyabrında Xurşidbanu Natəvan adına kitabxanada tanınmış qələm sahibi, imzası ədəbi cameəyə yaxşı tanış olan yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Bədii düşüncədə Qarabağ” adlı kitabının təqdimatı keçirilmişdi. Zemfira xanımın sayca 15-ci kitabı olan bu əsərdə çağdaş ədəbiyyatımızın ünlü simalarının Qarabağ mövzusunda qələmə aldığı bədii nümunələrdən söhbət açılıb və bu bədii mətnlər təhlilə cəlb olunub.

Kitaba “Ön söz” yazan tədqiqatçı-alim, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “Bədii düşüncədə Qarabağ” kitabını ərsəyə gətirmiş Zemfira Məhərrəmlini Qarabağ mövzusunda müntəzəm yazan, araşdırma aparan, həmçinin hər birimizin hafizəsində, yaddaşında ağri-acılı izlər qoymuş bu savaşla bağlı bədii hekayələrin müəllifi kimi təqdir edir.

Bu müqəddəs mövzuya müraciət edən qələm sahiblərinin Birinci Qarabağ müharibəsi illərində, ucu-bucağı görünməyən sonrakı ağır, üzüntülü dövrdə yazdıqları, habelə mənfur düşmən üzərində qələbəmizlə nəticələnən möhtəşəm Zəfər savaşımıza həsr etdikləri ədəbi-bədii nümunələrdə qırmızı xətlə keçən vətənpərvərlik ideyası, yurd sevgisi, xalqımızın işğalçılara qarşı bitib-tükənməyən mübarizə əzmi vurğulanıb, önə çəkilib.

İstedadlı yazıçı-pubisistin adı çəkilən kitabını oxuyarkən bir daha əmin olursan ki, dünyanın harasında baş verməsindən, millətindən, irqindən asılı olmayaraq, qanlı vuruşlar, savaşlar insanların həyatını, xoş güzəranını əlindən alır, arzu və diləklərinin üstündən qara xətt çəkir. Müharibələr şəhər və kəndləri viran qoyur, bizim uzun illər ərzində işğal edilmiş yurd yerlərimiz kimi xarabazara çevirir, uşaqlar ata-anasız qalır. Deməli, dəhşətli savaşlar, hərb qovğaları düçar etdiyi iztirabları, fəlakətləriylə bütün xalqlar üçün eynidir.

Söz sənətimizin tanınmış simalarının− R.Rza, X. R.Ulutürk, Anar, Elçin, F.Qoca, S.Rüstəmxanlı, N.Gün, F.Məmmədli, S.Səxavət, E.Hüseynbəyli, R.Məcid, Q.Ağsəs, Q. Nəcəfzadə, E.Z.Qaraxanlı,V.Bəhmənli, A.Abbas, F.Güney, N.Məmmədli, T.Vahid və digər qələm sahiblərinin yaradıcılığında yer alan Qarabağ mövzusu müəllifin tədqiqatının və ədəbi bilgilərinin mizan-tərəzisi ilə incələnmişdir.

Qeyd edim ki, Zemfira Məhərrəmlinin yazıçı tənqidinin diqqətini çəkən sanballı əsərlərin bir qismi görkəmli qələm sahiblərinin Qarabağımızın xain erməni işğalına düçar olduğu illərdə yazdığı bədii nümunələrdir. Bunlar kitabın “Qarabağ: söz karvanı” bölümündə araşdırılıb şərh edilmişdir. Müəllifin “Qarabağ: Zəfər savaşımız” adlı ikinci bölümə daxil etdiyi ədəbi mülahizələri möhtəşəm Qələbəmizi vəsf edən bədii nümunələrin təhlilinə yönəlib. Afaq Şıxlının “Qalibiyyət əsərləri yazmağın zamanıdır”, Elçin İsgəndərzadənin “Yazılsın eldən-elə zəfər – bizim zəfərdi”, İlqar Fəhminin “Balaca kişilər əsgərdi bu gün”, Xəyal Rzanın “Qarabağa Üzeyirlərin qayıdır, Vətən!”, Şahin Musaoğlunun ”Mübariz”, Şövkət Horovlunun ”Süngüylə sərhədi cızır oğullar”, Nəzakət Məmmədlinin “Qarabağa bahar gəlir, ilahi”, İlham Qəhrəmanın ”Əldə bayraq, dildə Laçın”, döyüşçü-şair Emin Pirinin ”Bitsin bu savaş” kimi əsərlərində haqq-ədalət müharibəmizin xalqımıza bəxş etdiyi qələbə sevinci, dirçələn qürurumuz tərənnüm olunub.

Kitabda ümumən 30-dan çox qələm adamının, həm də müxtəlif yazı üslubuna malik şair və yazıçıların bədii mətnlərinə istinad edilib. Bu isə elə də asan iş deyil, araşdırmaçıdan böyük zəhmət, qətiyyət istəyir. Belə kitablar nə qədər çox yazılsa, Qarabağ həqiqətləri, haqq-ədalət naminə mübarizəmiz, erməni terroru, vandalizmi təfərrüatı ilə üzə çıxar. Zemfira xanım Qarabağ dərdimizdən bəhs edən əsərlərə araşdırmaçı gözü ilə baxıb, bu bədii mətnləri təhlil süzgəcindən keçirib.

Moskvada yaşayıb yaratsa da, qəlbi həmişə doğma Vətəni Azərbaycanla döyünən Afaq Şıxlı:

Qalibiyyət xəbərini qoy eşitsin bütün cahan,

Tarixlərə həkk olunsun azad elim Azərbaycan, – deyir.

Həzin, kövrək şeirlər müəllifi Nəzakət Məmmədli Vətən müharibəmizdəki qələbə sevincindən coşğu ilə söz açır, fikirlərini:

İndi Vətən Şuşa ətri qoxuyur,

Qarabağa bahar gəlir, ilahi! – şəklində, coşğu və fərəh hissylə poetikləşdirir.

Şuşada doğulmuş şair, tanınmış elm xadimi Elçin İsgəndərzadə isə möhtəşəm Qələbənin yurdumuza, xalqımıza bəxş etdiyi sevinci ağ günlərə açılan səhərə bənzədərək “Zəfər bizim zəfərdi!” nidası ilə ifadə edir.

Savaş mövzusunda əsərlər müəllifi Z.Məhərrəmlinin “Bədi düşüncədə Qarabağ” kitabının son bölümünə onun müxtəlif illərdə yazdığı Qarabağ hekayələri daxil edilmişdir. Müəllifin “Sevgimi neylədin, Daşaltı dərəsi?”, “Qırxqızın qırxbirincisi”, “İyirminci payızın ilğımları”, “Sonuncu savaş”, “Zəfər yolçuları”, “Şuşanı aldıq, Şuşa azaddır” və digər hekayələri əsarətdə qalan yurd yerlərimizin hər qarışı uğrunda çarpışan qazilərimizin, canından keçən, al qanı torpaqlarımıza səpələnmiş şəhidlərimizin şərəfli həyatına, xalqımıza Zəfər qazandıran rəşadətinə həsr edilmiş bədii nümunələrdir. Bu bədii mətnlər eyni zamanda erməni vəhşilər tərəfindən əsir və girov götürülən cəsarət mücəssəməsi, namusunu və qeyrətini başından uca tutaraq, ölümü seçən əxlaq mələyi qadınlarımızın, qızlarımızın ürəksızladan hekayələridir.

Müharibələrin yaratdığı müsibətlər, üzüntülər bir deyil, iki deyil. “Sevgimi neylədin, Daşaltı dərəsi” hekayəsində yüz doqquz yaşlı, şuşalı Fatma nənənin dili ilə nəql olunan acı bir əhvalatla da qarşılaşırıq. O, nəticəsi Gülərə gözü ilə gördüklərindən, hələ illər öncə − çar Rusiyası dönəmində torpaqlarımızda yerləşdirilən, vəhşiliklər törədən erməni namərdlərin mənfur əməllərindən danışır. Gülər və Salehin sevgisi Birinci Qarabağ müharibəsinin qurşunlarına tuş gəlir. Daşaltı döyüşlərində qəhrəmancasına şəhid olan Salehin və onun deyiklisi Gülərin arzuları yarımçıq qalır.

Mərmilər yağdırılan Şuşanı çətinliklə tərk edən Gülər yol boyu qəhrəman sevgilisi Salehi xatırlayır və düşünür: “Nə vaxtsa doğma Şuşanın dolamalarına qalxa bilsə, Daşaltıya əli yetsəydi, fikrində, xəyalında qövr eyləyən bir sualı dilə gətirərdi: “Sevgimi neylədin, Daşaltı dərəsi?”. Bu hekayə Birinci Qarabağ savaşının dəhşətlərini xatırladırsa, “Şuşanı aldıq, Şuşa azaddır” hekayəsi Vətən müharibəmizdə igid oğullarımızın bizə bəxş etdiyi qürur, fəxarət duyğusunu çatdırır. Müəllifin savaş hekayələrində gerçəkliyin− dərdlərimizin,otuz il çəkən hərb qovğasında üzləşdiklərimizin mükəmməl bədii təsviri ilə qarşılaşırıq. Həmin bədii nümunələr o kədərli, nisgilli çağlarımızla bərabər, həm də qürurlu bugünümüzün hekayətləridir.

“Qırxqızın qırxbirincisi” hekayəsi isə erməni quldurların Kəlbəcərin Ağqaya kəndinə od vurub yandırdıqları, qız-gəlinlərimizi əsir, girov götürdükləri o müdhiş günlərdən bəhs edir. Girov götürülmüş Səma və onun körpəsinin acı taleyi erməni vəhşiliyinə oxucu nifrətini ərşə qaldırır. Namus-qeyrətini həyatından uca tutan Səma ölümü tərcih edir. İntihar edərək ruhən azadlığa qovuşur. Ancaq ermənilər yenə də öz çirkin xislətini göstərir, Səmanın körpə balası Nurlanə cinayətkar, vəhşi erməninin silahının qundağı ilə ömürlük kor edilir. Budur vəhşi, köçəri erməni barbarlığı.

Səmanın həyatı Xanım nənənin söylədiyi Qırxqız dağı əfsanələrinə dönüb tarixləşir. Keçmiş əyyamlarda Qırxqız ərazilərinə basqınlar zamanı düşmən əlinə keçməmək üçün özlərini dərin uçurumdan atan qırx qızın nağılı kimi. Səma bu hekayədə Qırxqızın qırx birincisi nağılına dönür, əfsanələşir. Həmin nağılın davamı idi hörüklərinə taxdığı sancaqla damarlarını kəsib intihar edən namus mücəssəməsi, Vətən sevdalı Səma!

“Sonuncu savaş” isə ələ silah alıb Birinci Qarabağ müharibəsi cəbhələrinə atılan, üzərinə şığıyan yekəpər erməniləri yerə sərən, düşmənlə vuruşan, susuz qalmış əsgərlərə qan-tər içində su gətirən, onlara yardım edən, ən ağır hərbi əməliyyatlarda döyuş qardaşlarının yanında olan, nəhayət, namərd erməni gülləsinə tuş gəlib şəhid olan Vətən qızı Sədaqət Rəcəbovanın həyat hekayəsidir.

“Bədii düşüncədə Qarabağ” kitabında can yanğısı ilə oxuduğumuz bu hekayələr tanınmış qələm sahibi, əsl vətənpərvər olan Zemfira Məhərrəmlinin gözünün yaşı, qəlbinin ağrısı, nifrətinin sərhədsizliyi ilə yazılmış, yurd müdafiəçilərinin qəhrəmanlığından bəhs edən tarixi hekayələr, gələcək nəsillərin yaddaşına ötürülən, dərs kitablarına salınacaq bədii nümunələrdir.

“Zəfər yolunun yolçuları” hekayəsi Vətən müharibəsi illərində qələbəmizdən, əsgərlərimizin hünərindən, yurd sevgisindən, canlarını fəda etmək cəsarətindən söz açan bədii mətnlərdəndir. “Şuşanı aldıq, Şuşa azaddır” sənədli hekayəsində isə Qarabağın tacı olan bu şəhərin şəhidlərimizin qanı-canı, qazilərimizin hünəri ilə murdar ermənilərdən təmizlənməsindən bəhs olunur.

Zemfira xanım hekayələrinin birində yazır ki, “Yəqin nə vaxtsa torpaqlarımız erməni qəsbkarlarından geri alınacaq, qaçqınlarımız yurd-yuvalarına dönəcək, yaralar sağalacaq. Amma hünərli oğul və qızlarımız ölümsaçan cəbhələrdən bir də geri dönməyəcək, onların nigaran ruhları başımız üstündə sərgərdan dolaşıb, həsrətlə gözlədikləri qələbəmizdən soraq istəyəndə, onlara cavabımız nə olacaq?”

Əlbəttə, indi haqq dünyasının əbədi sakinlərinin müqəddəs ruhları şəhid qanlarının yerdə qalmadığından, rəşadətli ordumuzun Zəfər müjdəsindən şaddır. Möhtərəm Prezidentimizin təbirincə desək, “Ədalət qüvvətli, qüvvətlilər isə ədalətli olmalıdır”. Biz – Azərbaycan xalqı və onun müzəffər ordusu ədaləti bərpa edib, müqəddəs torpaqlarımızı əsl sahiblərinə − məğrur xalqımıza qaytardıq. Tarixi ədaləti bərpa etdik.” Düşünürəm ki, bundan sonra yazılacaq “Qarabağnamələr”də çörəyi dizi üstündə olan, gəlmə, nankor ermənilərin 30 il sürən işğalına son qoymaq üçün Azərbaycan Silahlı Qüvvələrinin öz müdrik Sərkərdəsinin rəhbərliyi ilə apardığı uğurlu döyüş əməliyyatlarından, düşmənin 44 gündə torpaqlarımızdan iti qovan kimi qovulmasından, silah-sursatını, hərbi texnikasını atıb gedən yağıların başına endirlən “dəmir yumruq”dan və möhtəşəm Zəfərimizdən söz açılacaq.

­

Maarifə Hacıyeva,

filologiya elmləri doktoru,

professor