adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyun 2022 11:51
1112
ƏDƏBİYYAT

Füzulinin obraz yaratma mexanizmi... - Nəriman Qasımoğlu yazır

Füzuli obrazlarının vurğunları şairin obraz yaratma mexanizminin məhz OXU mətnindən alınma olduğunun da fərqinə varmalıdırlar.

Xeyli sayda misallardan yalnızca biri.

“Kafirlərin işləri çöllükdə ilğım kimi. Su təşnəsi su zənn eylər, yaxın gələr, o suyu yox bular, bir də baxar yanındakı Tanrıdır ki, O da tam bir ölçüdə çəkər beləsilə haqq-hesabını. Tanrı hesabı yeyin aparan” (Nur, 39) - ayələrin birində belə deyilir.

Burada batil olacaq işlər görən imansızlar səhrada su gəzən kimsə ilə müqayisə edilir. Bu adam ilğımı su zənn edərək yaxınlaşdıqca “suya” çata bilmir ki, bilmir.

Füzulinin “Leyli və Məcnun”unda gedən qəzəlindəki isə imansız deyil, anlamazların mühitində təkləndiyindən dərdini suya söyləmək üçün ətəyindən tutmaq istəyir, o da ilğım olduğundan həmdərdə çevrilə bilmir. Bu yerdə Füzuli deyir:

Əgər su damənin tutdum rəvan döndərdi üz məndən,

Və gər güzgudən umdum sidq əksi-müddəa gördüm.

Cəmiyyətdən baş götürüb qaçan şəxs səhrada suya, məcazi mənada saflığa, aydınlığa təşnə olub su şəklində görünən ilğıma can atırsa da axıb gedən ilğım əlçatmaz olur. Və görünüşü etibarilə həmin ilğım bir növ güzgünü xatırlatdığından qəhrəman bu dəfə də güzgüdən sidq umur. Güzgü isə hər şeyi tərs göstərdiyindən tənhalığa çəkilmiş qəhrəmanın həmdərdinə çevrilə bilmir.

Poetik lövhə, ahəng və fəlsəfi məna vəhdətini nümayiş etdirən Füzuli obrazlarının ümumilikdə yaradılma mexanizmi mahiyyət etibarilə (məna fərqləri bir yana!) OXU-dan gəlmədir. Füzuli sənətkarlığını OXU məcazları müstəvisində təhlil edən maraqlı araşdırma aparıla bilər.